İnsanlara hürriyət, millətlərə istiqlal!

İran kəşfiyyatının televiziyası Rauf Arifoğlunu niyə hədəfə alır, Əli Kərimlini isə niyə önə çəkir? – ANALİTİK BAXIŞ

7086 02.01.2026 16:35 Gündəm A A

İLK YAYIM SAATI: 01.01.2026 - 22:05

İran dövlətinin birbaşa nəzarətində fəaliyyət göstərən, Azərbaycan dilində yayımlanan "Sahar Azeri" kanalı növbəti dəfə Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlunu hədəf seçib.

Musavat.com xəbər verir ki, bu, təsadüfi hal deyil və ilk dəfə baş vermir.

Artıq illərdir ki, İran mediası, xüsusilə də "Sahar Azeri" kanalı Yeni Müsavat Media Qrupunun fəaliyyəti, mövqeyi və ictimai təsiri ilə bağlı xüsusi həssaslıq nümayiş etdirir.

Müşahidələr göstərir ki, bu kanal Yeni Müsavat-a məxsus platformalarda yayımlanan materialları sistemli şəkildə izləyir, onlara cavab verir, bəzən isə açıq kampaniya predmetinə çevirir. Son hadisə də məhz bu silsilənin davamıdır.

Bir paylaşım niyə bu qədər narahatlıq yaratdı?

Məsələ Rauf Arifoğlu’nun şəxsi “Facebook” səhifəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşdığı təbrik mətni ilə başlayıb. Həmin paylaşımda Azərbaycan xalqının bölünmüş taleyinə, milli birliyə, ortaq kimliyə və gələcək ideallara toxunulub. Bu mətn nə yeni idi, nə də ekstremal çağırış xarakteri daşıyırdı. Əksinə, bu fikirlər onilliklərdir ki, Azərbaycan ictimai-siyasi fikrində səslənən, beynəlxalq hüquqda da mövcud olan prinsiplərlə uzlaşan yanaşmadır.

Lakin məhz bu paylaşım İran mediasında, xüsusən "Sahar Azeri" kanalında isterik reaksiya doğurdu. Kanal Rauf Arifoğlu’nu hədəf alan kollajlar hazırladı, yarı-təhqiramiz, yarı-ittihamedici “təhlillər” yayımladı və məsələni siyasi kampaniya səviyyəsinə çıxardı.

5289d0ba-2999-4443-9529-c5fbe9ac5b6e.jpg (35 KB)

Bəs niyə məhz Rauf Arifoğlu?

Cavab sadədir: Rauf Arifoğlu 38 ilə yaxındır ki, Bütöv Azərbaycan ideyasını, milli kimlik məsələsini və Azərbaycanlıların tarixi haqlarını açıq şəkildə müdafiə edir. Bu mövqe isə İranın mövcud ideoloji-siyasi doktrinası üçün təhlükəli sayılır. Çünki İran rejimi yaxşı anlayır ki, Güney Azərbaycan məsələsi yalnız emosional yox, eyni zamanda tarixi, hüquqi və siyasi əsaslara malikdir.

Maraqlıdır ki, "Sahar Azeri" kanalı təkcə Rauf Arifoğlu’nu deyil, Azərbaycan Prezidenti *İlham Əliyev*in dünya azərbaycanlılarına ünvanladığı Yeni il müraciətini də hədəfə alıb. Bu isə göstərir ki, məsələ fərdi şəxsdən daha genişdir – problem bütövlükdə Azərbaycan milli ideyasıdır.

Əli Kərimli niyə dəstəklənir?

Eyni vaxtda "Sahar Azeri" kanalı tam fərqli xətt üzrə hərəkət edərək, AXCP sədri *Əli Kərimli*nin həbsdən müraciətini ön plana çıxarıb, onu müsbət kontekstdə təqdim edib və faktiki olaraq siyasi dəstək nümayiş etdirib. Əli Kərimlinin Rəfsancaniyə (İranın sabiq prezidenti) oxşayan fotosunu filtr edərək, sosial media səhifəsinə qoyan "Sahar Azeri" Rusiya kəşfiyyatı ilə əlaqələrinə görə həbs olunan siyasətçini az qala milli lider kimi təqdim edir.

Bu yanaşma sual doğurur: İran mediası niyə bir tərəfdən milli birlik ideyasını müdafiə edənləri hədəfə alır, digər tərəfdən isə müəyyən siyasi fiqurları qabardır?

70d80c4c-2e40-4208-94df-8f97d86b8024.jpg (162 KB)

İddialara görə, Əli Kərimli ilə İranın müəyyən dairələri arasında uzunmüddətli ideoloji və informasiya yaxınlığı mövcuddur. O cümlədən, AXCP-nin İran kəşfiyyatından maliyyə dəstəyi aldığı da yayğın iddialar arasındadır. İran mediasının onu sistemli şəkildə önə çəkməsi də məhz bu kontekstdə dəyərləndirilir. Bu, İranın Azərbaycan daxilində alternativ təsir mərkəzləri formalaşdırmaq cəhdinin bir hissəsi kimi görünür.

“Don Kixot” damğası və tarixin ironiyası

"Sahar Azeri" kanalının Rauf Arifoğlu’na “Don Kixot” etiketi yapışdırmaq cəhdi də yeni deyil. Tarix göstərir ki, bir zamanlar SSRİ-nin dağılacağını, Azərbaycanın müstəqil olacağını deyənlər də eyni şəkildə lağa qoyulurdu. Bu gün isə həmin “utopiyalar” reallıqdır.

Rauf Arifoğlu bu məsələyə münasibət bildirərkən açıq şəkildə qeyd edib ki, İran kəşfiyyatının və onun media resurslarının hədəfi olmaq onun üçün narahatlıq deyil, əksinə, doğru yolda olduğunun göstəricisidir. Onun sözlərinə görə, 38 illik siyasi-jurnalist fəaliyyəti boyunca daim Vahid Azərbaycan ideyasını müdafiə edib və bu mövqeyinə görə müxtəlif dövrlərdə fərqli mərkəzlərin hədəfinə çevrilib.

eae66b0c-30d1-4b0d-9b3d-cdf1518b1dc2.jpg (266 KB)

Görünən odur ki, narahat olan tərəf Azərbaycan ictimaiyyəti deyil. Narahat olan İran rejimidir. Çünki İran daxilində xalqlar, xüsusən azərbaycanlılar artıq əvvəlki kimi yaşamaq istəmir, molla rejiminin ideoloji çərçivəsindən çıxmaq arzusu açıq şəkildə hiss olunur.

Bu baxımdan, "Sahar Azeri" kanalının isterik reaksiyaları da təsadüfi deyil. Bu, bir qorxunun, bir panikanın media üzərində təzahürüdür. Azərbaycan birliyi ideyası nə qədər hədəfə alınırsa, bir o qədər də aktuallaşır.

Tarix isə adətən “Don Kixot” deyilənlərin haqqını gec-tez verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR