İslamabadda keçirilməsi planlaşdırılan ABŞ–İran görüşü ətrafında qeyri-müəyyənlik davam edir. İran nümayəndə heyəti İslamabada getməyib. Rəsmi Tehran açıq şəkildə bildirib ki, Hörmüz boğazına tətbiq olunan blokada aradan qaldırılmayınca danışıqlara qatılmayacaq.
Bəs mövcud vəziyyət prosesi hansı istiqamətə doğru aparır? Müharibə qaçılmaz ola bilərmi? Tərəflərdən hansı əslində eskalasiyaya meyllidir?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, ABŞ və İranın danışıqlarda tutduğu mövqe, irəli sürülən tələblər, verilən bəyanatlar bu cür razılaşmaya getməyin mümkünsüz olduğunu açıq şəkildə göstərirdi: “Çox güman ki, hər iki tərəf bunu anlayır. Bu qədər aşkar olan bir məsələni hamının başa düşdüyü halda iki dövlətin rəhbərlərinin başa düşməməsi təbii ki, mümkünsüzdür.
Bir-birini çətin vəziyyətdə qoymaq üçün hər iki tərəf qalib gəldiyini, qarşı tərəfi diz çökdürdüyünü və sair bu tipli bəyanatlar verirdi. Aydındır ki, bu cür danışıqlara getməyin nəticəsi ola bilməz. Tramp özü də açıq şəkildə dedi ki, atəşkəs bizə əlavə qüvvələr cəlb eləmək, əlavə hərbi sursat toplamaq üçün lazım idi.
Əgər təsəvvür eləsək ki, İran danışıqlarda iştirak etmək qərarı verə bilər, bütün hallarda danışıqların uğurla başa çatmaq ehtimalı demək olar, yoxdur. Çünki prinsipial məsələlərdə ortaq məxrəcə gəlmək imkanları görünmür. Burada kimsə geri çəkilməlidir. İran rəhbərliyi bəyan elədi ki, Vaşinqton danışıqlar masasını kapitulyasiya masasına çevirmək istəyir. Bu şəraitdə ortaya qoyulan şərtləri tərəflərin qəbul etməsi mümkünsüzdür. Danışıqlar davam etsə də nəticəsiz bitəcək”.
Ekspertin sözlərinə görə, hiss olunur ki, ABŞ İranı güzəştə məcbur etmək üçün daha bir hücum kampaniyası həyata keçirmək istəyir: “Burada hansı addımlar atıla bilər, nəhayət, Xarq adasını ələ keçirmək variantına gedilə bilərmi, yoxsa Tramp elan etdiyi kimi elektrik stansiyalarını və körpüləri dağıdaraq İranı bir az da ağır vəziyyətə salacaq?
Hər halda bir şey aydındır ki, ABŞ-nin geri çəkilmək fikri və imkanı yoxdur. Qələbə kimi təqdim oluna biləcək bir hadisə baş verməlidir. İndiyə qədər olanlar ABŞ cəmiyyəti tərəfindən qələbə kimi qəbul olunmur və bunu Tramp yaxşı başa düşür. Deməli, əlavə nəyəsə ehtiyac var. Hər iki tərəf eskalasiyaya meyllidir”.
Etibar Seyidağa,
Musavat.com






