Cəmi 1 ay hərbi xidmət çəkdikdən sonra vəfat edən əsgər Fariz İsazadənin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.
Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən proses vəkillərin digər məhkəmə iclaslarında iştirak etmələri səbəbindən təxirə salınıb.
Məhkəmə araşdırması zamanı Qubadakı hərbi hissələrdən birinin tibb məntəqəsinin rəisi olmuş tibb xidməti leytenantı Vaqif Məmmədovun əməli və ya hərəkətsizliyi araşdırılır. O, Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə – qulluğa laqeyd münasibət nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaqda təqsirləndirilir.
İş materiallarına görə, əsgər Fariz İsazadə xidmətinin ilk günlərindən ağır respirator infeksiya əlamətlərindən əziyyət çəkib. Məhkəmədə açıqlanan sənədlərdə onun yüksək hərarət, öskürək, halsızlıq və nəfəsalma problemləri ilə bir neçə dəfə tibb məntəqəsinə müraciət etdiyi, lakin vaxtında ixtisaslaşmış tibbi müəssisəyə göndərilmədiyi göstərilir.
Zərərçəkmiş tərəf bildirir ki, hərbi hissədə lazımi tibbi nəzarətin təşkil olunmaması və xəstənin vəziyyətinin düzgün qiymətləndirilməməsi faciəvi nəticəyə gətirib çıxarıb. Məhkəmə araşdırmaları zamanı həmçinin hərbi hissənin tibb məntəqəsində növbətçiliyin tibbi təhsili olmayan şəxsə həvalə edilməsi ilə bağlı iddialar da səsləndirilib.
Fariz İsazadənin atası Sadiq İsayev daha əvvəl məhkəmədə çıxışı zamanı oğlunun həyatının xilas edilməsinin mümkün olduğunu bildirmiş, hadisəyə görə məsuliyyət daşıyan bütün şəxslərin qanun qarşısında cavab verməsini tələb etmişdi.
Məhkəmə prosesində tibbi sənədlərin, ekspert rəylərinin və vəzifəli şəxslərin məsuliyyət dərəcəsinin araşdırılması davam etdiriləcək.
Növbəti məhkəmə iclası iyulun 3-nə təyin olunub.
E.Məmmədəliyev,
Musavat.com






