İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirziyoyevdən Şeyxülislam Allahşükür Paşazadəyə böyük jest – ali ordeni şəxsən təqdim etdi - FOTOLAR

1177 10.07.2026 11:52 Ölkə A A

Daşkənddə keçirilən rəsmi qəbul zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasının ən nüfuzlu dövlət mükafatlarından biri ilə təltif olunub. “El-yurt hurmati” (“Xalqın və Vətənin Hörməti”) ordenini ona Özbəkistan Prezidenti Şavkat Mirziyoyev şəxsən təqdim edib.

Musavat.com xəbər verir ki, iyulun 10-da Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Görüşdə Prezident Mirziyoyev Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O, bu münasibətlərin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolunu qeyd edib, iki ölkə arasında müttəfiqlik əlaqələrinin strateji xarakter daşıdığını bildirib.

Özbəkistan Prezidenti mənəvi və dini-humanitar əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq, ölkəsinin hazırda yeni inkişaf və intibah mərhələsini yaşadığını deyib. O, İslam irsinin qorunması istiqamətində həyata keçirilən layihələrdən, İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətə başlamasından, eləcə də Səmərqənddə İmam Buxari Memorial Kompleksinin bərpasından bəhs edib.

Şavkat Mirziyoyev bu günlərdə Özbəkistanda təqdimatı keçirilən “Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi” kitabına görə də Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını ifadə edib.

Allahşükür Paşazadə isə qəbul zamanı göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirərək, Özbəkistanın Prezident Mirziyoyevin rəhbərliyi ilə böyük inkişaf və quruculuq yolu keçdiyini qeyd edib.

Görüşün sonunda Prezident Şavkat Mirziyoyev Şeyxülislam Allahşükür Paşazadəyə “El-yurt hurmati” (“Xalqın və Vətənin Hörməti”) ordenini təqdim edib.

Prezident tərəfindən imzalanmış fərmanda Allahşükür Paşazadənin mənəvi və maarifçilik fəaliyyətinin inkişafına verdiyi töhfələr, dinlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, sülh, humanizm və maarifçilik ideyalarının təşviqi, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, dini sahədə peşəkar kadrların hazırlanması, gənclərin ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyəsi istiqamətində xidmətləri yüksək qiymətləndirilib.

Şeyxülislam Allahşükür Paşazadənin Özbəkistanın ali dövlət mükafatlarından biri ilə təltif olunması iki qardaş ölkə arasında mənəvi və strateji tərəfdaşlığın növbəti mühüm təzahürü kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR