İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bahalaşır, dünya nəfəsini tutur - Azərbaycanı BU SSENARİ gözləyir

1176 10.07.2026 11:36 İqtisadiyyat A A

Yaxın Şərqdə ABŞ və İran arasında hərbi qarşıdurmanın yeni mərhələyə keçməsi regionla yanaşı, dünya iqtisadiyyatı və enerji bazarını da ciddi sınaq qarşısında qoyub. Birləşmiş Ştatların qonşu ölkəmizə endirdiyi ardıcıl zərbələr, İranın mümkün cavab addımları və Hörmüz boğazı ətrafında artan gərginlik neft bazarında qiymət dalğalanmalarını sürətləndirib. Belə bir şəraitdə diqqətlər enerji ixracatçısı olan Azərbaycana yönəlir.

Heç şübhəsiz ki, münaqişənin uzanması ilk növbədə qlobal enerji bazarına təsir göstərəcək. Dünyanın ən mühüm neft marşrutlarından biri olan Hörmüz boğazında təhlükəsizlik risklərinin artması neft və mayeləşdirilmiş qazın qiymətinin yüksəlməsinə səbəb ola bilər. Azərbaycan üçün bu vəziyyət ikitərəfli nəticələr vəd edir. Bir tərəfdən, neft qiymətlərinin yüksəlməsi dövlət büdcəsinə və enerji gəlirlərinə müsbət təsir göstərə, digər tərəfdən isə regionda hərbi gərginliyin artması nəqliyyat, logistika və investisiya mühitinə əlavə risklər yarada bilər. Azərbaycan uzun illərdir balanslaşdırılmış xarici siyasət yürüdərək həm ABŞ, həm də İranla münasibətlərini qorumağa çalışır. Buna görə də rəsmi Bakı üçün əsas prioritet bölgədə sabitliyin saxlanılması və enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsidir.

Əgər qarşıdurma daha genişmiqyaslı müharibəyə çevrilərsə, bunun təkcə neft bazarına deyil, Cənubi Qafqazın təhlükəsizlik mühitinə, beynəlxalq ticarət marşrutlarına və regional geosiyasi proseslərə də təsiri qaçılmaz olacaq. Bu səbəbdən ABŞ-İran xəttində baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir.

Neftin bahalaşması Bakı üçün yeni imkanlar yaradacaq, yoxsa regionda təhlükəsizlik risklərini artıracaq? Bu gərginlik Cənubi Qafqazın geosiyasi balansına və Azərbaycanın enerji strategiyasına hansı təsirləri göstərə bilər?

badam.jpeg (279 KB)

Azərbaycan parlamentinin üzvü Azər Badamov Musavat.com-a bildirib ki, ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs qlobal enerji bazarlarına dərhal təsir göstərərək neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olmuşdu:

“Lakin sonradan atəşkəsin pozulması, İranın Hörmüz boğazında hərbi fəallığını artırması, gəmilərə qarşı təhdidlərin səsləndirilməsi və ABŞ-nin İranda çoxsaylı hərbi hədəflərə yenidən zərbələr endirməsi Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Belə bir vəziyyət dünya enerji bazarlarında yenidən qeyri-müəyyənliyin artmasına, neft və təbii qaz qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Məlumdur ki, Hörmüz boğazı dünya üzrə dəniz yolu ilə daşınan neftin əhəmiyyətli hissəsinin keçdiyi strateji marşrutdur. Burada yaranan hər hansı təhlükəsizlik problemi enerji tədarükünün fasiləsizliyinə risk yaradır və qiymətlərin artmasını sürətləndirir. Eyni zamanda son günlər Qırmızı dənizdə yerləşən Bab əl-Məndəb boğazı ilə bağlı da təhlükəli bəyanatlar səsləndirilir. Əgər bu strateji dəniz yolu da bağlanarsa, bunun təsiri yalnız enerji bazarları ilə məhdudlaşmayacaq. Avropa ilə Asiya arasında dəniz ticarətinin əsas marşrutlarından biri olan Bab əl-Məndəb boğazında nəqliyyatın dayanması qlobal ticarət zəncirlərinin pozulmasına, daşınma xərclərinin artmasına, inflyasiya təzyiqlərinin güclənməsinə və dünya iqtisadiyyatında yeni böhran risklərinin yaranmasına səbəb ola bilər. Belə şəraitdə diqqətlər enerji ixracatçısı olan Azərbaycana yönəlir. İlk baxışdan neft və qaz qiymətlərinin yüksəlməsi Azərbaycanın ixrac gəlirlərinin, dövlət büdcəsinin daxilolmalarının və Dövlət Neft Fondunun gəlirlərinin artmasına müsbət təsir göstərə bilər. Lakin bu prosesin yalnız müsbət tərəflərini qiymətləndirmək düzgün olmaz. Çünki enerji qiymətlərinin uzun müddət yüksək səviyyədə qalması dünya iqtisadiyyatında artım tempinin zəifləməsinə, investorların risk iştahasının azalmasına və xarici sərmayələrin həcminin aşağı düşməsinə gətirib çıxara bilər. Bu isə həm enerji sektorunda yeni layihələrin maliyyələşdirilməsinə, həm də qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərə bilər”.

Deputat burada digər mühüm məqam kimi təhlükəsizlik amilini görür:

“ABŞ-İran qarşıdurmasının daha geniş regional münaqişəyə çevrilməsi ehtimalı Cənubi Qafqaz üçün də əlavə risklər yarada bilər. Belə bir ssenaridə regiondan keçən enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, logistika marşrutlarının dayanıqlılığı və beynəlxalq investisiya mühiti müəyyən təzyiqlərlə üzləşə bilər. Xüsusilə Azərbaycanın həyata keçirdiyi enerji və tranzit layihələrinin etibarlılığının qorunması strateji əhəmiyyət kəsb edir. Azərbaycan uzun illərdir balanslaşdırılmış xarici siyasət yürüdərək həm ABŞ, həm də İranla qarşılıqlı münasibətlərini qorumağa çalışır. Rəsmi Bakı üçün əsas prioritet regionda sabitliyin saxlanılması, beynəlxalq hüquqa hörmətin təmin olunması və enerji-kommunikasiya layihələrinin təhlükəsiz fəaliyyətinin davam etdirilməsidir. Məhz bu balanslı siyasət Azərbaycanın geosiyasi riskləri minimuma endirməsinə və regional əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi mövqeyini qorumasına imkan verir. Yaxın Şərqdə gərginliyin yenidən artması qlobal enerji bazarlarında qiymət dəyişikliyini gücləndirməklə yanaşı, beynəlxalq ticarətə, logistika zəncirlərinə və regional təhlükəsizlik mühitinə də ciddi təsir göstərə bilər. Azərbaycan üçün bu proses həm əlavə maliyyə imkanları, həm də yeni geosiyasi və iqtisadi risklər yaradır. Buna görə də mövcud şəraitdə ölkənin enerji strategiyasının çevikliyinin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və regional sabitliyin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada heç bir regional münaqişə yalnız həmin bölgə ilə məhdudlaşmır. Qloballaşan iqtisadiyyat şəraitində istənilən geosiyasi böhran bütün ölkələrə müxtəlif səviyyələrdə təsir göstərir. Bu baxımdan beynəlxalq ictimaiyyətin əsas vəzifəsi yeni gərginlik ocaqlarının yaranmasının qarşısını almaq, dialoq və diplomatik həll mexanizmlərinə üstünlük verməkdir. Yalnız bu halda həm qlobal enerji təhlükəsizliyini, həm də dünya iqtisadiyyatında sabitliyi qorumaq mümkün olacaq”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR