Bu, 68 il öncənin fotosudur. Şəkildə mərkəzdə görünən adam Fransa millisinin bombardiri Jüst Fontendir. Göründüyü kimi, komanda yoldaşları onun ayağını yerdən üzüblər.
Bu səbəbsiz deyil. Fransız hücumçu 1958-ci ildə İsveçdə keçirilən mundialda 13 qol vurub, komandasına bürünc medal qazandırıb, dünya rekordu müəyyən edib.
Buna görə onun adı Ginnesin Rekordlar Kitabına daxil edilib.
Jüst Fonten 68 ildir heç bir məşhur futbolçunun təkrar edə bilmədiyi bu unikal nailiyyəti cəmi altı matçda əldə edib. 6 oyunda 13 qol – hər oyuna 2,17 qol düşür.
Nə Pele, nə Maradona, nə Rossi, nə, Kloze, nə Ronaldo Nazario, nə Messi, nə Mbappe... heç kim Fontenin rekorduna yaxınlaşa bilməyib. Bu, heç mümkün də görünmür.
Hərçənd builki mundialın bundan sonrakı oyunlarında Messi, Haaland və Mbappe ard-arda 2 dəfə het-trik etsələr, Fontenə çata, ötə bilərlər. O da indiki şərtlərlə çox çətindir.
Bu da maraqlı detaldır ki, əfsanəvi hücumçu komandasının qarşılaşdığı bütün rəqiblərə qol vurub:
3 qol – Paraqvaya;
2 qol – Yuqoslaviyaya;
1 qol – Şotlandiyaya;
2 qol - Şimali İrlandiyaya;
1 qol – Braziliyaya;
4 qol - Qərbi Almaniyaya.
Fontenin rekordu ilə bağlı bir kuryoz detal da var.
Turnir başlamazdan əvvəl fransız hücumçunun yeganə butsları sıradan çıxıb. O dövrdə futbolçuların şəxsi sponsorları və ya buts müqavilələri olmayıb və Fonten, demək olar ki, ayaqyalın qalıb. Ancaq çıxış yolu tapılıb. Milli komandanın ehtiyat hücumçusu Stefan Bruy öz butslarını ona verib.
Beləcə, Fonten Bruyun ayaqqabısını geyərək, ondan yaxşı yeriyib, yüyürüb və həmin butslarla 13 qol vurub. Daha sonra o, zarafatla deyib ki, sanki həmin butslarda iki ruh yaşayırdı.
Yəqin ki, Fontenin rekorduna görə Bruy da uzun illər fəxr edib, hamıya “Fonten o qolları mənim butslarımla vurub” deyib.
Əgər Bruyun butsları salamatdırsa, qiyməti 1 milyon avrodan az olmaz.
Musavat.com






