İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir

477 10.07.2026 11:38 Gündəm A A

Milli Məclisin bu gün keçirilən iclasında “Nəqliyyat haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, layihəyə əsasən, avtonom nəqliyyat vasitəsi bu qanun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunan tələblərə uyğun olduğu halda, o cümlədən dövlət qeydiyyatına alındıqdan sonra istismar edilə bilər.

Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin effektivliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilir.

Tənzimləyici test mühitinin həyata keçirilməsi nəticəsində avtomatlaşdırılmış idarəetmə sisteminin sınaqlarının nəticəsi uğursuz olduqda həmin avtonom nəqliyyat vasitələri istismara buraxılmır. Avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən (avtomobil yoluna münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla) müəyyən edilən ərazidə, dəmiryolunda, metro və tramvay xətlərində, hava məkanında, habelə avtomobil yolunda hərəkət edə bilər. Avtonom nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) məsuliyyət daşıyır. Vurulan zərərin avtonom nəqliyyat vasitəsinin və ya avtomatlaşdırılmış idarəetmə sisteminin istehsalçısının, yaxud həmin sistemə texniki xidməti göstərən şəxsin, eləcə də mülki hüquqi müqavilə əsasında cəlb edilən operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı Mülki Məcəllənin tələblərinə əsasən onlara qarşı reqres qaydasında tələb irəli sürə bilər. Qeyd edilən zərərin avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı ilə əmək münasibətlərində olan operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə həmin zərərin ödənilməsi Əmək Məcəlləsinə uyğun tənzimlənir.

Avtonom nəqliyyat vasitəsinin, eləcə də həmin nəqliyyat vasitəsilə sərnişinlərin və yüklərin daşınması ilə bağlı sığortalanma nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) tərəfindən bu qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada təmin edilir. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) həmin nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR