ABŞ Ədliyyə Nazirliyinin qalmaqallı amerikalı maliyyəçi, ağır cinayətlərə görə məhkum edilmiş Ceffri Epşteynlə bağlı açıqladığı sənədləri “Agentstvo” nəşri təhlil edib.
Musavat.com xəbər verir ki, sənədlərə əsasən, Ceffri Epşteyn 2002-ci ildə köməkçiləri Gislain Maksvel və Sara Kellenlə birlikdə özünə məxsus "Boeing 727" təyyarəsi ilə üç dəfə Rusiyaya uçub.
▪️ 19 may – Fransadan Novosibirskə uçuş həyata keçirilib. Onlar burada bir sutka qalıb, daha sonra Yaponiyaya yollanıblar.
▪️ 22 may – Yaponiyadan Xabarovska uçublar. Bu səfərdə təyyarədə artıq keçmiş ABŞ prezidenti Bill Klinton, onun köməkçisi və adları açıqlanmayan bir qrup şəxs də olub. 23 mayda isə Çin istiqamətində uçuş edilib.
▪️ 22 noyabr – Epşteyn köməkçiləri və stüardessa ilə birlikdə Danimarkadan Moskvaya gəlib, iki gün sonra, 24 noyabrda İrlandiyaya uçub. Bu marşrut zamanı Sankt-Peterburqa da eniş edilib.
ABŞ Ədliyyə Nazirliyi Epşteynin Moskva və Sankt-Peterburqa səfərləri zamanı çəkilmiş fotoları da yayımlayıb. Həmin şəkillərdə kimliyi müəyyən edilməyən qadınlar yer alır.
Qeyd edək ki, 2016-cı ildə keçirilən məhkəmə iclasında Ceffri Epşteyn Bill Klintonun onunla birlikdə Xabarovska uçub-uçmadığı ilə bağlı birbaşa suala cavab verməkdən imtina edib.
Xatırladaq ki, daha əvvəl “Epşteyn sənədləri”ndə Bill Klintonun da fotoları aşkarlanıb. Həmin görüntülər arasında onun qızlarla birlikdə hovuz və cakuzidə olduğu kadrlar da yer alır.
Musavat.com






