Binəqədi rayonunun Dərnəgül qəsəbəsində sakinləri hiddətləndirən yeni ekoloji qalmaqal yaşanır. “Körpü Bina Tikinti” MMC-nin (KBT) ərazidə çoxsaylı ağacları kütləvi şəkildə məhv etdiyi bildirilir.
Musavat.com xəbər verir ki, sakinlər iddia edirlər ki, şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir rəsmi icazə almadan ağacların kəsilməsinə başlayıb və artıq bir həftədən çoxdur ki, ərazidə qanunsuz olaraq “yaşıl soyqırımı” aparılır.
Sakinlər Qafqazinfo-ya deyirlər ki, dekabrın 1-dən etibarən KBT MMC əraziyə texnika cəlb edib, yaşıllığın əhəmiyyətli hissəsini kəsib. Onların sözlərinə görə, dəfələrlə prosesi dayandırmağa çalışıblar, həm şirkət nümayəndələrinə, həm də aidiyyəti dövlət orqanlarına müraciətlər ediblər, lakin heç bir nəticə əldə olunmayıb.
“Ərazidə illərlə qorunan ağacları bir anda doğrayırlar. Narazılığımızı bildiririk, video çəkirik, etiraz edirik, amma heç kim dayanıb izahat vermir. Bu, sadəcə ekoloji vandalizmdir”, – sakinlər bildiriblər.
Sakinlər həmçinin şirkətin rəhbəri Xəlil Göyüşovdan izahat tələb etsələr də, nəticə əldə edə bilməyiblər. Məsələ ilə bağlı KBT MMC zənglərə cavab verməyib. Şirkətin tam susqunluğu, ictimai narazılığın artmasına baxmayaraq heç bir mövqe açıqlamaması, məsələnin daha dərin və sistemli pozuntularla bağlı ola biləcəyini göstərir.
Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC ilə bağlı mediada əvvəllər də müxtəlif şikayətlər yayılıb. Şirkətin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqəli olması barədə də xəbərlər var. Tikinti proseslərində qanunsuzluqlar, vətəndaş narazılıqları, sənədləşmə problemləri haqqında iddialar dəfələrlə gündəmə gəlib. Bu dəfə isə məsələ sırf ekoloji xarakter daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib-keçirilmədiyi hələlik məlum deyil. Lakin sakinlərin dediyinə görə, kütləvi ağac qırıntıları açıq-aşkar müşahidə olunur və prosesin dayandırılması həyati zərurətə çevrilib. Paytaxt Bakıda yaşıllığın sürətlə azalması fonunda belə hadisələrin baş verməsi, onun da hansısa şirkət tərəfindən nəzarətsiz şəkildə həyata keçirilməsi həm ekoloji vəziyyət, həm də şəhərsalma siyasəti baxımından narahatlıq doğurur. Dövlət qurumlarının mövqeyi, şirkətin cavabı və hadisənin hüquqi qiymətləndirilməsi ictimaiyyət üçün açıq sual olaraq qalır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






