Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb.
Musavat.com xəbər verir ki, Dövlət Xidməti Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nüfuzlu “Global Business Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Smart irs sistemləri: Rəqəmsallaşdırma və məlumatlara əsaslanan mühafizədə mükəmməlik – Azərbaycan 2026” (Smart Heritage Systems: Excellence in Digitalization and Data-Driven Preservation Azerbaijan 2026) beynəlxalq mükafatına layiq görülüb.
Mükafat Dövlət Xidməti tərəfindən mədəni irsin qorunması, bərpası, konservasiyası və idarə olunması sahəsində rəqəmsal texnologiyaların tətbiqi, məlumatlara əsaslanan idarəetmə mexanizmlərinin formalaşdırılması, tarixi abidələrin rəqəmsallaşdırılması, vahid məlumat bazalarının yaradılması və innovativ həllərin uğurla tətbiqinə görə təqdim olunub.
Mükafatın təqdim edilməsində əsas meyarlardan biri kimi, Dövlət Xidməti tərəfindən vətəndaşyönümlü xidmət modelinin formalaşdırılması, 6 istiqamət üzrə rəqəmsallaşdırılmış xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi, müraciətlərin operativ, şəffaf və səmərəli şəkildə qəbulunun və icrasının təmin olunması qeyd olunub. Eyni zamanda, vətəndaşların “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə etməsi, müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə bilməsi və xidmətlərə rəqəmsal mühitdə əlçatanlığının təmin edilməsi vətəndaş məmnunluğunu yüksəldən, şəffaflığı artıran və ictimai iştirakçılığı təşviq edən uğurlu idarəetmə modeli kimi qiymətləndirilib.
Bu beynəlxalq mükafat Dövlət Xidmətinin mədəni irsin qorunması və idarə olunması sahəsində tətbiq edilən innovativ yanaşmaların, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrin və vətəndaşyönümlü xidmət modelinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin növbəti göstəricisidir.
Qeyd edək ki, “Global Business Magazine” tərəfindən təşkil olunan müsabiqələrdə Türkiyə, İtaliya, Fransa, Almaniya, Avstraliya, Misir, Yaponiya, İndoneziya, Sinqapur, Hindistan, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən müxtəlif dövlət qurumları və özəl təşkilatlar fərqlənərək mükafata layiq görülüblər.
Cari il ərzində Dövlət Xidmətinin qazandığı beynəlxalq mükafatlar mədəni irsin qorunması və idarə olunması sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyətin, müasir idarəetmə yanaşmalarının və rəqəmsal inkişaf istiqamətində görülən işlərin beynəlxalq müstəvidə rəğbətlə qarşılandığını təsdiqləyir.
Mənbə: https://globalbizmag.com/global-business-magazine-winners-2026/






