“Dünya siyasətinin diqqət mərkəzində olan Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton Sülh Şurasının ilk iclasına ev sahibliyi edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu mühüm tədbirdə iştirak etmək məqsədilə hazırda həmin ölkədə işgüzar səfərdədir. Yüksək səviyyəli proqramla müşayiət olunan səfər çərçivəsində dövlət başçısının bir sıra mühüm görüşləri, eləcə də Sülh Şurasının tribunasından geniş məzmunlu çıxışı nəzərdə tutulur. Bu dəvət Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolun Vaşinqton administrasiyası tərəfindən yüksək qiymətləndirilməsinin bariz göstəricisidir”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib. Onun sözlərinə görə, Vaşinqton səfəri bir neçə mühüm istiqaməti əhatə edir:
“Sülh Şurasının ilk iclasında Azərbaycanın münaqişələrdən sonrakı bərpa prosesindəki təcrübəsi və regional sülh gündəliyi diqqət mərkəzində olacaq. Azərbaycan və ABŞ arasındakı enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrindəki mövcud münasibətlərin yeni mərhələyə yüksəldilməsi müzakirə ediləcək. Eyni zamanda, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması, nəqliyyat və logistika dəhlizlərinin (Orta Dəhliz) inkişafı səfərin əsas müzakirə mövzularından biridir”.
K.Bayramov qeyd edib ki, Prezident Donald Trampın dəvəti ilə reallaşan bu səfər Ağ Evin Azərbaycanı regionun açar dövləti və etibarlı tərəfdaşı kimi qəbul etdiyini bir daha təsdiqləyir: “Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət, həmçinin qlobal enerji xəritəsində tutduğu mühüm mövqe bu dialoqun əsas hərəkətverici amillərindəndir. Hesab edirəm ki, Vaşinqtonda keçirilən bu yüksək səviyyəli təmaslar həm Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyacaq, həm də regionda uzunmüddətli sülhün möhkəmlənməsinə mühüm töhfə verəcək”.
Deputat fevralın 18-də Azərbaycan Prezidentinin Vaşinqtonda Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və təşkilatın digər rəhbər şəxsləri ilə görüşünə də toxunub: “Səmimi şəraitdə keçən söhbət zamanı AIPAC nümayəndə heyətinin Azərbaycana əvvəlki səfərləri və dövlət başçısı ilə keçirilmiş məhsuldar görüşlər məmnunluqla xatırlanıb. Görüşdə Azərbaycanın beynəlxalq arenadakı rolu və dini-mədəni dialoqa verdiyi töhfələr əsas müzakirə mövzusu olub. AIPAC-ın icraçı direktoru Elliot Brandt Azərbaycandakı ictimai-siyasi sabitliyi və fərqli mədəniyyətlərin birgəyaşayış modelini xüsusi vurğulayaraq qeyd edib ki, Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi, sülh və mehribanlıq şəraitində yaşamasını qlobal miqyasda bənzərsiz bir nümunə kimi xarakterizə edib. O, ölkəmizdə yəhudi icmasına dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıya, eləcə də yaradılmış tolerant mühitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev AIPAC-ın icraçı direktorunun fikirlərinə cavab olaraq bildirib ki, Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri əsrlər boyu tam harmoniya şəraitində ömür sürüblər. Dövlətimizin başçısı qeyd edib ki, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzidir.
Görüşdə Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoq prosesinə qlobal səviyyədə verdiyi praktiki töhfələr yüksək qiymətləndirilib. Tərəflər bu cür təmasların həm ikitərəfli münasibətlərin güclənməsinə, həm də regional və beynəlxalq təhlükəsizliyə müsbət təsir göstərdiyini vurğulayıblar”.
K.Bayramov xüsusi olaraq vurğulayıb ki, söhbət zamanı qeyd edilib ki, ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni və daha konstruktiv mərhələyə qədəm qoyub: “Görüşün mühüm mövzularından biri də yaxın keçmişdə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana reallaşdırdığı uğurlu səfər və bu səfər zamanı imzalanmış tarixi sənəd olub. Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması əlaqələrin gələcək trayektoriyasını müəyyən edən əsas amil kimi dəyərləndirilib. Xartiyada ənənəvi enerji və təhlükəsizlik sahələri ilə yanaşı, ilk dəfə olaraq süni intellekt və rəqəmsal transformasiya məsələlərinin prioritet istiqamətlər kimi təsbit edilməsi tərəflərin müasir çağırışlara uyğun əməkdaşlıq iradəsini nümayiş etdirir. Görüşdə AIPAC-ın həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində oynadığı mühüm "körpü" rolu yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu cür nüfuzlu təşkilatlarla qurulan sıx təmaslar ölkəmizin beynəlxalq maraqlarının təmin olunmasında və strateji dostluq əlaqələrinin möhkəmlənməsində həlledici əhəmiyyət kəsb edir”.
K.Bayramov əlavə edib ki, görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycanın iqtisadi gücü və rəqəmsal gündəliyi ABŞ-ın yüksək texnologiyalar sektorunun diqqət mərkəzindədir və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün geniş perspektivlər vəd edir.
Cavanşir ABBASLI
Musavat.com






