İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Milli Geyim Evi rəhbərinin həlak olduğu yanğın işi başlayır 

637 16.06.2026 15:28 Kriminal A A

Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova və daha 2 nəfərin ölməsi, 25 nəfərin isə zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı məhkəmə araşdırmaları başlayır.

Musavat.com bildirir ki, cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Babək Pənahovun icraatına verilib.

Məşum faciə 2025-ci il noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş verib. Rəsmi məlumata görə, binanın zirzəmi hissəsində başlayan yanğın qısa müddətdə genişlənərək bütün binanı tüstüyə bürüyüb. Hadisə nəticəsində 2018-ci il təvəllüdlü Arzu Qəmbərli, 1983-cü il təvəllüdlü Samir Məmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova tüstüdən zəhərlənərək həyatlarını itiriblər. Hadisə zamanı Könül Hümbətovanın qızı, 2000-ci il təvəllüdlü Ləman Qulamova ilə yanaşı daha 24 nəfər ağır və müxtəlif dərəcəli zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.

Dəhşətli hadisədən ötən aylar ərzində Ləman Qulamovanın durumu stabilləşsə də, hələ də süni tənəffüs aparatı ilə həyatda qala bilir.

İlkin araşdırmalar göstərib ki, yanğın binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində baş verib. Həmin sahə “TAXES GROUP” MMC tərəfindən icarəyə götürülüb və burada “Loft Dent” klinikası fəaliyyət göstərib.

Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində aparılan istintaq zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair ciddi şübhələr ortaya çıxıb. İstintaqın gəldiyi qənaətə görə, klinikanın direktoru Bəhruz Paşayev üzərinə düşən yanğın təhlükəsizliyi öhdəliklərini yerinə yetirməyib və nəticədə baş vermiş hadisə üç nəfərin ölümü ilə nəticələnib. Bu səbəbdən o, əvvəlcə şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb olunub.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümü) və 314.3-cü maddəsi (ağır nəticələrə səbəb olan səhlənkarlıq) ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə araşdırmaların həcmi və ekspertiza proseslərinin davam etməsi səbəbindən Bəhruz Paşayev barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. Həmin dövrdə prokurorluq istintaqın davam etdiyini və hadisədə başqa şəxslərin məsuliyyətinin olub-olmamasının da araşdırıldığını açıqlamışdı.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR