Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvandan Bakıya gəlib. Məlumata görə, səfər Avropa Komissiyası sədrinin 2022-ci ilin iyulundan sonra ölkəmizə ikinci səfəridir.
Səfər zamanı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti və perspektivlərinin, enerji əməkdaşlığının, eləcə də regional proseslərin müzakirə olunacağı gözlənilir.
Rəsmi Brüsselin Cənubi Qafqazda və Orta Dəhliz boyunca yerləşən ölkələrdə nəqliyyat, enerji və rəqəmsal əlaqələri gücləndirmək səyləri fonunda həyata keçiriləcək regional səfərdə Ursula fon der Lyayeni Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos müşayiət edir.
Xatırladaq ki, fon der Lyayenin Azərbaycana əvvəlki səfərinin yekunları üzrə enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb ki, bu da Azərbaycan qazının Aİ-yə tədarükünün artırılması üçün zəmin yaradıb.
Avropalı ali qonağın Azərbaycana və Ermənistana səfər edib Gürcüstana getməməsi suallar yaradıb. Əgər hədəf həm də Cənubi Qafqazda gedən proseslərdirsə Avropa Komissiyasının sədri Tiflisə nə üçün səfər etmədi?
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, bu səfərin ən diqqətçəkən cəhətlərindən biri həqiqətən də marşrutun İrəvan–Bakı ilə məhdudlaşması və Gürcüstanın kənarda qalmasıdır:
“Bunu bir neçə amillə izah etmək olar. Ursula fon der Lyayenin Ermənistan və Azərbaycana səfər edib Gürcüstana getməməsi təsadüfi görünmür. Bu, ilk növbədə, Avropa İttifaqının hazırda Cənubi Qafqaz siyasətində formalaşdırdığı yeni prioritetlərin göstəricisidir. Brüssel üçün hazırda əsas gündəm enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı və Ermənistan–Azərbaycan normallaşma prosesidir. Bu üç istiqamətdə Bakı və İrəvan əsas aktorlar hesab olunur. Gürcüstan isə son dövrlərdə Avropa İttifaqı ilə münasibətlərində ciddi siyasi gərginlik yaşayır. Tiflisin qəbul etdiyi bəzi qanunlar, demokratik institutlarla bağlı Aİ-nin tənqidləri və ölkənin Avropa inteqrasiyası prosesində yaranmış problemlər səbəbindən yüksək səviyyəli siyasi təmasların intensivliyi azalıb. Bu baxımdan, Ursula fon der Lyayenin marşrutuna Gürcüstanın daxil edilməməsi Brüsselin Tiflisə siyasi mesajı kimi də qiymətləndirilə bilər".
Politoloqun fikrincə, digər tərəfdən, Aİ anlayır ki, Cənubi Qafqazda uzunmüddətli sabitlik və Orta Dəhlizin tam işlək olması ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından asılıdır: “Bu səbəbdən Brüssel hazırda diplomatik resurslarını daha çox Bakı və İrəvan arasında etimadın möhkəmləndirilməsinə yönəldir. Bakı ilə görüşlərdə enerji əməkdaşlığının genişləndirilməsi, yaşıl enerji layihələri, Xəzər istiqamətində marşrutlar və Orta Dəhlizin inkişafı əsas müzakirə mövzuları olacaq. Bu isə göstərir ki, Azərbaycan Avropa İttifaqının enerji və nəqliyyat strategiyasında əvvəlkindən də mühüm yer tutur".
Etibar Seyidağa,
Musavat.com






