ABŞ dövlət katibi Marko Rubio Venesuela ilə bağlı sərt mövqe ortaya qoyub.
Musavat.com xəbər verir ki, Rubio NBC News-ə müsahibəsində Vaşinqtonun Venesuelanın İran, Rusiya və Çin üçün regional əməliyyat mərkəzinə çevrilməsinə yol verməyəcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Venesuela neftinə ehtiyacı yoxdur, çünki ölkənin kifayət qədər daxili enerji resursları mövcuddur. Rubio qeyd edib ki, Tramp administrasiyasının əsas məqsədi Venesuelanın neft sektorunda ABŞ-ın geosiyasi rəqiblərinin təsirinin artmasının qarşısını almaqdır.
Dövlət katibi vurğulayıb ki, Vaşinqton Çin, Rusiya və İranın Venesuelanın neft sənayesinə yatırımlarını məhdudlaşdırmaq niyyətindədir. Onun fikrincə, bu ölkələrin Venesuela neftinə marağı təsadüfi deyil və strateji xarakter daşıyır.
“Bu, Qərb yarımkürəsidir. Biz burada yaşayırıq və onun rəqiblər, opponentlər və düşmənlər üçün əməliyyat bazasına çevrilməsinə imkan verməyəcəyik”, – deyə Rubio bildirib.
Qeyd edilir ki, ABŞ Venesuelanı regional təhlükəsizlik və enerji balansı baxımından mühüm faktor kimi dəyərləndirir və bu istiqamətdə sərt siyasət yürütməkdə qərarlıdır.
Musavat.com






