ABŞ ordusu İranın müxtəlif regionlarında yerləşən strateji və hərbi obyektlərə hava zərbələri endirib. Hücumlar nəticəsində ölkənin bir neçə əyalətində güclü partlayışlar qeydə alınıb.
Musavat.com xəbər verir ki, rəsmi mənbələr və yerli rəsmilər hücumların coğrafiyası barədə məlumat yayıblar.
Xuzistan əyaləti: Əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini bəyan edib ki, gecə saat 01:35-də Əhvaz şəhəri ətrafındakı iki fərqli nöqtə ABŞ qüvvələri tərəfindən atəşə tutulub. Eyni zamanda Behbehan rayonu yaxınlığında da azı iki güclü partlayış səsi eşidilib.
Mərkəzi əyalət: Əyalət qubernatorunun müavini ABŞ-ın Hendab rayonundakı obyektləri hədəf aldığını təsdiqləyib. Yerli sakinlər Hendab və Ərak şəhərlərində ard-arda partlayışların baş verdiyini bildirirlər.
Strateji obyektlər və limanlar: Mahşahrdakı neft-kimya kompleksinin də hücuma məruz qaldığı və obyekti qoruyan hava hücumundan müdafiə (HHM) sistemlərinin aktivləşdirildiyi bildirilir.
Bundan əlavə, Bəndər-Abbas liman şəhərində və Kirmanşahın Fərhangiyan rayonunda da təkrarlanan partlayış səsləri qeydə alınıb. CENTCOM-dan gəmilərə atəş ittihamıABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə öz növbəsində bəyanat yayaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazından keçən kommersiya gəmilərinə atəş açdığını iddia edib. ABŞ tərəfi bu zərbələrin Hörmüz boğazındakı naviqasiya təhlükəsizliyini təmin etmək və İranın hücum potensialını zəiflətmək məqsədilə həyata keçirildiyini vurğulayıb.
***
Birləşmiş Ştatlar İran ərazisinə növbəti hərbi zərbələrini endirib.
Məlumata görə, ölkənin strateji əhəmiyyətli liman şəhərlərindən biri olan Bəndər Abbasa güclü aviahücum həyata keçirilib.
Musavat.com xəbər verir ki, hücum nəticəsində şəhərdəki bir neçə hərbi və strateji obyektin vurulduğu bildirilir. Zərbələrin miqyası və dağıntıların dərəcəsi barədə hələlik rəsmi məlumat verilməsə də, bölgədə gərginliyin pik həddə çatdığı qeyd olunur.
Musavat.com






