Kremlin “yeni yanaşma tərzi”nə görə, Rusiyanın Ukraynaya qarşı "xüsusi hərbi əməliyyatları" artıq genişmiqyaslı “müharibə”yə çevrilib... Rusiya bununla Ukrayna savaşını həm də, kollektiv Qərblə amansız geopolitik qarşıdurma kimi təqdim etməyə çalışdığını göstərir...
Ukrayna müharibəsi ətrafında yaranmış qəliz situasiya siyasi-diplomatik proseslər və hərbi eskalasiyanın paralellik təşkil etməsilə diqqəti çəkir. Belə ki, bir tərəfdən, Tramp-Putin telefon danışığı qlobal məkanda yeni ziddiyyətli müzakirələrə yol açır. Digər tərəfdənsə, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə növbəti görüş çağırışına Kremldən dərhal sərt mesajlarla reaksiya verilir. Və bu, onu göstərir ki, Ukrayna savaşı ətrafında yaranmış mürəkkəb situasiya hazırda “hərbi-siyasi labirint” xarakteri daşıyır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı Ukrayna müharibəsinin gələcək inkişafı baxımından, olduqca önəmli siyasi hadisə hesab oluna bilər. Yayılan məlumata görə, tərəflər NATO sammiti ərəfəsində Rusiya-Ukrayna münaqişəsinin nizamlanma perspektivlərini müzakirə ediblər. Və ABŞ prezidenti Donald Tramp sülh danışıqlar prosesinin pozitiv məzmunda irəliləməsi üçün yenidən vasitəçilik etməyə hazır olduğunu bildirib.

Bütün bunlar Ağ Evin Ukrayna savaşının nizamlanması prosesi üzrə ən azından siyasi müstəvidə diplomatik kanalları tamamilə bağlamaq niyyətində olmadığını göstərir. Eyni zamanda, Ağ Ev sahibi Donald Trampın ehtimal olunan təkrar vasitəçiliyi onun praqmatik xarici siyasət yanaşmasına geri dönüş cəhdi kimi də qiymətləndirilə bilər. Ancaq ABŞ prezidentinin yenidən vasitəçilik təşəbbüsünün real nəticə verməsi isə hazırda həm Kremlin, həm də rəsmi Kiyevin qarşılıqlı kompromislərə hansı səviyyədə hazır olacağından birbaşa asılı olacaq.
Bütün bunlara paralel olaraq, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə yönəlik gözlənilməz siyasi manevrlə diqqəti çəkib. Belə ki, o, məhz Kremlin Rusiya ordusu tərəfindən nəzarətə götürüldüyünü iddia etdiyi Ukraynanın Konstantinovka yaşayış məntəqəsində prezident Vladimir Putin ilə ikitərəfli görüş keçirməyi təklif edib. Ukrayna lideri Volodimir Zelenski belə maraqlı siyasi manevrlə Kremlin Rusiya ordusunun hərbi uğurları barədə bəyanatlarını bütün dünyanın qarşısında test etməyə çalışıb.
Məsələ ondadır ki, Ukrayna lideri hesab edir ki, əgər, həmin şəhər həqiqətən də Rusiya ordusunun nəzarətindədirsə, onda prezident Vladimir Putin orada görüşməkdən qətiyyən çəkinməməlidir. Bu baxımdan, prezident Volodimir Zelenski həm Kremlin informasiya-təbliğat siyasətini, həm də Rusiya lideri Vladimir Putinin şəxsi siyasi iradəsini beynəlxalq auditoriya qarşısında böyük sınaq qarşısında qoymağa nail olub. Və rəsmi Kiyev hazırda Qərb siyasi dairələrinə Rusiyanın təbliğat maşınının yalan məlumatların yayılması üzərində qurulduğunu sübut etmiş kimi görünür.

Ancaq prezident Volodimir Zelenskinin bu hiyləgər manevrinə Kremlin reaksiyası qətiyyən gecikməyib. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin Konstantinovkaya getməyəcəyini, Ukrayna lideri Volodimir Zelenski ilə mümkün görüşün yalnız Moskvada keçirilə biləcəyini bildirib. Bu mövqe isə Kremlin hətta siyasi-diplomatik ünsiyyət formatını belə, yalnız Rusiyanın siyasi legitimlik anlayışı çərçivəsində müəyyənləşdirmək istədiyini göstərir. Və Rusiya siyasi dairələri bununla həm də, faktiki olaraq, Ukraynanın görüş təşəbbüsünü rədd etsə də, “danışıqlar qapısı”nı hələ tam bağlamadığını da göstərməyə çalışır.
Digər tərəfdən, Kreml təmsilçisi Dmitri Peskovun Ukrayna savaşının indiki statusu barədə bəyanatı da xüsusi maraq doğurur. Çünki o, nəhayət bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı savaş artıq "xüsusi hərbi əməliyyat" deyil, bu silahlı münaqişə faktiki olaraq, genişmiqyaslı müharibəyə çevrilib. Ancaq onun sözlərinə görə, silahlı münasiqənin müharibəyə çevrilməsi Rusiya ilə bağlı deyil. Və nə qədər qəribə də olsa, Kreml təmsilçisi iddia edib ki, yeni hərbi situasiyanın əsas səbəbi məhz Ukraynanın arxasında ABŞ, Almaniya, Fransa, Niderland və Norveç də daxil olmaqla, əksər Qərb dövlətlərinin dayanmasıdır.
Təbii ki, Kremlin bu “yeni yanaşma tərzi” həm də Rusiyanın son illərdə formalaşdırdığı rəsmi ritorikada ciddi dəyişiklik kimi qiymətləndirilə bilər. Çünki indiyə qədər Rusiya siyasi dairələri israrla "müharibə" ifadəsindən yayınaraq, yalnız "xüsusi hərbi əməliyyat" terminindən istifadə edirdi. İndi isə Kremlin ən önəmli təmsilçilərindən biri – Dmitri Peskov məhz "müharibə" ifadəsini açıq şəkildə işlətməyə üstünlük verir. Və Kremlin yeni savaş termini əslində, Rusiyanın bu silahlı münaqişəni artıq yalnız Ukrayna ilə deyil, həm də kollektiv Qərblə geopolitik qarşıdurma kimi təqdim etməyə çalışdığını göstərir.

Ancaq bütün bu “siyasi mesajlar savaşı”na paralel olaraq, prezident Vladimir Putin Rusiya ordusuna Ukraynanın hərbi obyektlərinə qarşı daha genişmiqyaslı və dağıdıcı zərbələrin endirilməsi barədə göstəriş də verib. Eyni zamanda, Rusiya prezidenti Ukraynanı dəstəkləyən dövlətlərə qarşı hərbi-siyasi cavab addımlarının müəyyən olunmasını da tapşırıb. Bütün bunlar isə onu göstərir ki, hazırda iki paralel proses davamlı şəkildə inkişaf etməkdədir. Yəni, bir tərəfdən, qarşılıqlı siyasi-diplomatik təmaslar, telefon danışıqları və mümkün görüşlər haqqında ziddiyyətli mesajlar verilir. Digər tərəfdən isə Kremlin radikal davranışları ucbatından, hərbi əməliyyatlar intensivləşdirilir və qarşılıqlı siyasi ittihamlar daha da kəskin məzmun alır.
Göründüyü kimi, yaxın perspektivdə Ukrayna müharibəsinin taleyi yalnız savaş meydanında baş verənlərdən deyil, həm də Ağ Evin, Kremlin, rəsmi Kiyevin və eləcə də, NATO ölkələrinin siyasi qərarlarından asılı olacaq. Belə ki, əgər, ABŞ prezidenti Donald Trampın mümkün təkrar vasitəçilik təşəbbüsü konkret diplomatik mexanizmə çevrilərsə, onda sülh prosesi qarşısında müəyyən siyasi imkanlar açıla bilər. Ancaq indiki mərhələdə Rusiyanın ənənəvi hərbi hədəflərindən geri çəkilməməsi və Ukraynanın isə öz ərazi bütövlüyünə haqlı olaraq, sadiq qalması, sülh prosesinin hələ də son dərəcə mürəkkəb, üstəlik, hətta qeyri-müəyyən xarakter daşımasına səbəb olur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu







