İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaur Kamalı haqlı, xalqı haqsız çıxaran qərara sərt reaksiya

1561 06.07.2022 08:40 Gündəm A A

Azərbaycan Respublikası Audiovizual Şurası “ARB” televiziya kanalında yayımlanan “Həmin Zaur” proqramından müğənni Afşin Azərinin çıxarılması faktına münasibət bildirib. Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.

Qeyd olunub ki, bu reaksiya açıqlama, bəyanat, xəbərdarlıq və daha sərt - hər hansı bir sanksiyanın tətbiq olunması ilə bağlı Şuranın qərarı formasında ola bilər:

“29 iyun 2022-ci il tarixdə ARB ümumölkə yerüstü televiziya yayımçısının efirində ”Həmin Zaur" proqramı zamanı aparıcı Zaur Kamalla efirə dəvət olunan qonaq müğənni Afşin Azəri arasında ziddiyyətli dialoq baş verib, sonra isə aparıcı qonağı efirdən çıxarıb. Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri tərəfindən proqramın monitorinqi həyata keçirilib, yaranan xoşagəlməz hala baxmayaraq yayım zamanı qanunvericilyin pozulması faktı qeydə alınmayıb.

Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Proqrama hansı qonağın, hansı vaxtda, hansı tərzdə dəvət olunması və ya efirdən uzaqlaşdırılması tam olaraq redaksiya müstəqilliyi müstəvisinə aid bir məsələdir. Baş vermiş insident zamanı qonağa qarşı hər hansı nalayiq ifadə istifadə olunmayıb, qonağın fikirlərinin redaksiyanın fikirləri ilə üst-üstə düşməməsi halı baş verib və nəticədə proqramın redaksiyası qonağı efirdən çıxarıb". Qeyd olunub ki, ictimai reaksiyanı nəzərə alaraq Şura tərəfindən ARB kanalının rəhbərliyinə müəyyən tövsiyə və izahatlar verilmiş, gələcəkdə belə ictimai qınağa səbəb olan halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.

Şuradan “Sosial şəbəkələrdə, internet televiziyalarda aparıcının bu davranışını ”Media haqqında" Qanunun 14.1.7-ci maddəsinin (şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı tələbin) pozulması kimi qiymətləndirirlər. Buna münasibətiniz?" sualına cavab olaraq isə bildirilib: “Elə bir hal olduğu təqdirdə qarşı tərəfin bununla bağlı birbaşa olaraq məhkəmə instansiyalarına müraciət etmək hüququ vardır. Özünü zərərçəkmiş hesab edən şəxsin əvəzinə Şuranın fikir bildirməsi doğru olmazdı”.

Aygün Muradxanlı da namizəd oldu: "...İsrarlı təkliflərindən keçə bilmədim"

Aygün Muradxanlı: “Bu, Azərbaycanda bir qurumun qanunlarla deyil, tapşırıqlarla işlədiyini bir daha sübut edir”

Tanınmış jurnalist Aygün Muradxanlı “Yeni Müsavat”a bildirdi ki, Audiovizual Şura qanundankənar qərar qəbul edib: “Belə çıxır ki, istənilən kanal, yaxud aparıcı elə şuranın üzvlərindən birini dəvət edib bu qərarla razı olmadığını ifadə edərək onu efirdən qova bilər. Əgər Audiovizual Şura hesab edirsə ki, qonağın efirdən qovulması ilə bağlı qanunda qadağa yoxdur, deməli, onlara bunu tətbiq etmək olar. Qanun tələb edir ki, ARB ciddi xəbərdarlıq almalıdır. Azərbaycanın milli maraqlarını da nəzərə alaraq, cəmiyyət üçün həssas məsələyə biabırçı mövqeyinə görə aparıcı efirdən uzaqlaşdırılmalı idi. Azərbaycan mediasında söz sahibi olan şəxslər bunu tələb edirdilər. Bunu etmək çox çətin idi? Cəmiyyətin rəyini nəzərə almaq, qanunun tələbini yerinə yetirmək əvəzinə Audiovizual Şura cəmiyyətin nifrətini qazanan, küçə mədəniyyətini efirə gətirib, xalqın mədəni səviyyəsini yerlə-yeksan edən bir ”jurnalist"i müdafiə etmək yolunu seçdi. Absurd durumdur. Bu, Azərbaycanda bir qurumun qanunlarla deyil, tapşırıqlarla işlədiyini bir daha sübut edir. ARB kanalında Güney Azərbaycandan, Təbrizdən olan müğənni Afşin Azərinin ictimai nüfuzuna ziyan vurulub, onun şərəf və ləyaqəti alçaldılıb. Audiovizual Şura qanunun tələblərini yerinə yetirməli, həmin aparıcı cəzalandırılmalıdır".

Ləman Ələşrəfqızı - Günün Səsi

Ləman Ələşrəfqızı: “Görünür, əlləri-qolları o qədər genişdir ki, efiri şəxsi mülk hesab edirlər”

Əməkdar jurnalist Ləman Ələşrəfqızı qeyd etdi ki, aparıcı Zaur Kamalın hərəkətini heç kim təqdir edə bilməz: “Televiziya heç kimin evi deyil, Zaur Kamalın heç deyil. Görünür, əlləri-qolları o qədər genişdir ki, efiri şəxsi mülk hesab edirlər. Düşünürlər ki, onların tərbiyəsizliyini televiziya rəhbərliyi kimi cəmiyyət də həzm edəcək. Son hadisə göstərdi ki, cəmiyyət bunu qəbul etmir, efirdə belə tərbiyəsizlik görmək istəmir. Televiziya rəhbərliyi buna ona görə göz yumur ki, bu tip proqramlar həm ucuz reytinq, həm də pul qazandırır.  Xatırlayıram ki, bir vaxtlar çalışdığım ANS-ə bu tipli reytinqli verilişin aparıcısı gəlmişdi. Televiziyanın rəhbərliyi o aparıcının pişvazına çıxmışdı. Təbii ki, səbəb puldur. Zaur Kamallara ona görə gözünün üstündə qaşın var deyilmir ki, onlar televiziyaya pul qazandırırlar”.

L.Ələşrəfqızının fikrincə, Audiovizual Şuranın qərarından asılı olmayaraq, cəmiyyət kəskin mövqeyini bildirməlidir: “Zaur Kamal anlamalıdır ki, cəmiyyət onun şıltaqlıqlarına göz yummaq istəmir. Son hadisənin nəticəsiz qalacağını bilirdim. Düşünürdüm ki, bəlkə üzr istəyər, o isə üzr istəmədi. Bəlkə də bu, cəmiyyətdə olan hər hansı boşluqla əlaqədardır. Əskik, onun hüquqlarını tapdalayan, ona toxunan mövzularda qarşılıq görməyəndə cəmiyyət bir müddət sonra məsələni unudur. Bu da o qəbildəndir. Elə cəmiyyətlər də var ki, sona qədər savaşıb üzr istəməyə məcbur edirlər.”

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR