İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan "çapraz zərbə" altına düşüb: Xarici kəşfiyyatlar savaşır, ancaq Ermənistan "vurulur"

417 02.08.2024 19:22 Analitika A A

Rəsmi İrəvan Ermənistan ərazisində başlayan kəşfiyyat savaşını yalnız kənardan müşahidə etməklə, kifayətlənməyə məcbur qalıb... Halbuki, bütün bu baş verənlər Ermənistanı daxili savaş məkanına çevirməklə yanaşı, həm də kəskin vətəndaş qarşıdurmasına bağlı dərin xaosa da yol aça bilər...

Ermənistan Cənubi Qafqazda ABŞ, Avropa Birliyi və Fransanın forpostuna çevrilib. Yəni, Ermənistan üzərində siyasi nəzarət Rusiyadan Qərbin əlinə keçib. Rəsmi İrəvan Ermənistanın real müstəqilliyini təmin edə bilməsə də, bu ölkəni idarə edən xarici siyasi iradə mərkəzini dəyişməyə nail olub. Və bu, Ermənistanın dövlət idarəçilik anlayışının real durumunu təsəvvür etməyə tamamilə imkan verir.

Rəsmi İrəvanın yeni xarici kuratorları Ermənistandan Rusiya əleyhinə daha radikal addımlar tələb edirlər. Qərbdən verilən təlimatlar rəsmi İrəvanın üzərinə Rusiyadan daha sərt qərarlarla uzaqlaşma öhdəliyi yükləyib. Paşinyan hakimiyyəti bu təlimatları mümkün qədər operativ şəkildə icra etmək məcburiyyətindədir. Və bu baxımdan, rəsmi İrəvanın geri çəkilmək şansının olmadığını da düşünmək olar.

Məsələ ondadır ki, Qərb Ermənistana balans siyasəti yürütmək imkanı tanımaq niyyətində deyil. Yəni, rəsmi İrəvan həm ABŞ və Qərb, həm Rusiya, həm də İranla eyni vaxtda tərəfdaşlıq edə biləcək durumda deyil. Paşinyan hakimiyyətindən prinsipial siyasi seçim tələb olunur. Ermənistan həmin seçimə uyğun şəkildə beynəlxalq himayə paketi qazanmaq barədə düşünür. Və seçilə biləcək variantların heç birisi hazırda Ermənistanın gələcək taleyi baxımından, toxunulmazlıq təminatı vermir.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Hələlik rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə doğru yaxınlaşma siyasi kursu yürüdür. Bu xarici siyasət kursunun olduqca təhlükəli olduğunu əslində, Paşinyan hakimiyyəti anlamamış deyil. Çünki Ermənistan bütün sahələr üzrə məhz Rusiyadan tamamilə asılı vəziyyətdədir. Hətta Rusiya Ermənistan iqtisadiyyatını ən qısa zamanda çökdürmək imkanına sahibdir. Kreml bir necə iqtisadi-ticari manevr ilə Ermənistanda ölkədaxili böhran yarada biləcək mexanizmləri öz əlində cəmləşdirib. Və bu faktorlardan hər an istifadə oluna bilər.

Belə vəziyyətdə rəsmi İrəvanın Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmaq cəhdləri real nəticələr vəd etmir və olduqca təhlükəli seçimdir. Bu, hətta Ermənistan üçün geopolitik intihar anlamı da daşıyır. Yəqin ki, zaman keçdikcə, bütün sahələr üzrə Rusiyadan asılı olan Ermənistanın siyasi cəhətdən Qərbin nəzarətinə keçməsinin dağıdıcı nəticələri tədricən daha qabarıq şəkildə ortaya çıxmağa başlayacaq.

Maraqlıdır ki, erməni siyasi dairələrində Ermənistanın açıq-aşkar fəlakətə sürükləndiyi də artıq etiraf edilməyə başlayıb. Belə ki, Paşinyan hakimiyyətinin xarici siyasət kursundan narazı olanlar Ukrayna və Gürcüstanı əsas örnək olaraq, göstərirlər. Onların fikrincə, Ermənistanın Qərb üçün Ukrayna və Gürcüstandan daha fərqli önəmi mövcud ola bilməz. Qərb həm Ukraynanı, həm də Gürcüstanı ən taleyüklü mərhələdə dəstəksiz buraxıb. Və deməli, Qərbin vədlərinə şirniklənən Paşinyan hakimiyyəti Ermənistanı da eyni cığırla fəlakətə doğru aparır.

ee5b2c60a3266c63e030d04215a729e1.jpg (189 KB)

Onu da qeyd etmək lazımdır ki, hətta ABŞ və Qərb də Ermənistanın Rusiyadan uzaqlaşma şansının olmadığını anlayır. Ancaq Qərbdə bu barədə düşünmək əvəzinə, daha çox Ermənistandan Rusiyaya qarşı geopolitik alət kimi istifadə etməyə üstünlük verir. Qərbdə tam dəqiqliyi ilə bilirlər ki, Ermənistanın Rusiyadan tam qoparılması mümkün deyil və buna yaxın onilliklərdə nail olunmayacaq. Və bu baxımdan, Qərbdə Ermənistanı deyil, strateji hədəfləri düşünürlər.

ABŞ və Qərb hazırda Paşinyan hakimiyyətini Ermənistana Rusiyadan uzaqlaşma prosesində dəstək vədləri ilə şirnikləndirir. Eyni zamanda rəsmi İrəvandan Rusiyadan uzaqlaşma istiqamətində daha radikal addımlar tələb edir. Rəsmi İrəvan Rusiya sərhədçilərini hava limanından çıxarmaqla, Qərbin bu tələblərinə müəyyən mənada, cavab verməyə çalışır. Və bu addımın Qərbdə məmnunluqla qarşılandığı da qətiyyən diqqətdən yayınmır.

Məsələ ondadır ki, Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması ABŞ, Avropa Birliyi və Fransa üçün xüsusi əhəmiyyəti mövcuddur. Belə ki, Qərbin İrəvan hava limanı üzərindən daşıdığı hərbi-texniki vasitələr Rusiya sərhədçilərinin nəzarətindən keçirilirdi. Eyni zamanda, İrəvana gizli səfər etməyə çalışan Qərb kəşfiyyatçıları da rusların diqqət mərkəzinə düşürdü. Yəni, Rusiya İrəvan hava limanı üzərindən Qərbin bütün fəaliyyəti barədə məlumat toplaya bilirdi. Və indi artıq bu, demək olar ki, mümkün olmayacaq.

9daeb22bcdae162aba7a5615dd3edaff.jpg (214 KB)

Ancaq bu, Rusiyanın Ermənistan ərazisində baş verənlərdən tamamilə xəbərsiz qalacağı anlamı da daşımır. Belə ki, Rusiya xüsusi xidmət servisləri Ermənistan ərazisində güclü dayaqlara malikdirlər. Ona görə də, Qərbin Ermənistandakı fəaliyyətini izləmək Rusiya kəşfiyyatı üçün elə bir ciddi problem törətməz. Halbuki, Qərb kəşfiyyatının belə situasiyaya müşahidəçi qalacağı da qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, Ermənistan ərazisində xarici kəşfiyyat servisləri arasında kəskin qarşıdurmanın başlaya biləcəyi qətiyyən istisna deyil.

Bəzi məlumatlara görə, belə bir qarşıdurma artıq başlayıb. Hətta Paşinyan hakimiyyəti tərəfindən Ermənistan Təhlükəsizlik Xidmətinə bu barədə müəyyən təlimatlar verildiyi də bildirilir. Xüsusilə də, iddia olunur ki, Ermənistan Təhlükəsizlik Xidmətinə Qərb kəşfiyyatının fəaliyyətinə heç bir halda, müdaxilə etməmək barədə qəti tapşırıq verilib. Və bu, hər hansı bir normal dövlətin ərazisində mümkün olmayacaq situasiyadır.

Ancaq Ermənistan normal dövlət olmadığından rəsmi İrəvan ölkə əhalisini xarici kəşfiyyatların üzünə artıq çoxdan aşıb. İndi Ermənistanın ərazisində xarici kəşfiyyat servisləri arasında sözün əsl mənasında, amansız savaş başlamaq üzrədir. Rəsmi İrəvanın buna müdaxilə etmək şansı və hüquqi yoxdur. Deməli, Ermənistan ərazisində başlayan kəşfiyyat savaşını yalnız kənardan müşahidə etməklə, kifayətlənməli olacaq. Halbuki, bütün bu baş verənlər Ermənistan ərazisini daxili savaş məkanına çevirməklə yanaşı, dərin xaosa da yol aça bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR