İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni çempion kim olacaq - Braziliya, Argentina, yoxsa Fransa? - Dünya bu cavabı gözləyir...

545 11.06.2026 23:34 İdman A A

Dünya yenidən futbolla nəfəs alır. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026 Dünya Çempionatı təkcə yeni formatı, rekord sayda iştirakçısı və milyardlarla tamaşaçısı ilə deyil, həm də böyük bir sualla başlayır:

Altıncı ulduz Braziliyanın sinəsinə taxılacaq, yoxsa son çempion Argentina tarixi uğura imza ataraq titulunu qoruyacaq?

Bəlkə də hamının gözü önündə üçüncü bir qüvvə səssizcə zirvəyə doğru irəliləyir, kim bilir...

Mundiallar həmişə favoritlərlə başlayıb, amma çox vaxt sürprizlərlə başa çatıb. Bu gün futbol dünyasında ən çox müzakirə olunan komandalar yenə Braziliya və Argentinadır. Bir tərəfdə Vinisius, Rodriqo, Rafinya və Karlo Ançelottinin rəhbərliyi altında altıncı dünya çempionluğunu arzulayan "sambaçılar", digər tərəfdə isə Lionel Messinin mirasını davam etdirən və titulunu qorumağa çalışan Argentina dayanır.

Ancaq tarix göstərir ki, Dünya Kuboku heç vaxt yalnız iki komandanın yarışı olmayıb. 2026-cı ildə İspaniya, Fransa, İngiltərə, Portuqaliya və Almaniya kimi nəhənglər də kubokun ən ciddi namizədləri sırasında göstərilir. Bir çox proqnozlarda hətta İspaniya və Fransa əsas favoritlər kimi önə çıxır.

Bəlkə də qarşıdakı 38 günün sonunda futbol dünyası yeni bir hökm eşidəcək, Braziliya 24 illik həsrətə son qoyacaq, yaxud da Argentina Maradonadan və Messidən sonra daha bir qızıl səhifə yazacaq, ya da Mbappenin Fransası, Yamalın İspaniyası və Ronaldonun Portuqaliyası bütün hesabları alt-üst edəcək.
Çünki Dünya Çempionatının ən böyük gözəlliyi də elə budur. Burada statistikalar danışır, ekspertlər proqnoz verir, amma son sözü həmişə meydan deyir. Və dünya bu gün həmin cavabı gözləyir...

İdman mütəxəssisi Kənan Məstəliyev: "Favoritlər İspaniya və Fransadır. Heyətləri çox güclüdür, dünya səviyyəli ulduzlarla doludur. Mənə görə finalda oynamağa əsas namizədlər məhz onlardır. Bununla yanaşı, Kriştiano mane olmasa və yığmasındakı digər ulduzların oynamasına imkan versə, Portuqaliya da çempion ola bilər. Messili Argentina isə əvvəlki kimi qorxulu deyil. Bəli, əla oyunçuları var, Leonun özü də istəkli olacaq, amma aşkar favorit deyillər. Braziliya isə köhnə günlərinə qayıtmaq üçün əlindən gələni edəcək. Ançelottinin təcrübəsi bu işdə onlara əsas kömək vasitəsidir. Gizli favorit isə İngiltərədir. Tuxelin heyət seçimi bu komandanın nəticə üçün oynayacağı, sistemli şəkildə hədəfə doğru irəliləmək istədiyini göstərdi. Bir sözlə, favorit çoxdur, maraqlı və gərgin mübarizə bizi gözləyir".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR