İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalan kosmodromu

1632 01.03.2024 10:39 Yazarlar A A

Bəli, artıq neçənci dəfədir metro idarəmizin müdiri Xırdalana metro çəkilməyəcəyi haqda açıqlama verməyə məcbur olur. Xırdalan metrosu bizdə bir növ ümummilli məsələyə, bəşəri mövzuya çevrilmişdir. Mən özümü dərk eləyəndən yadıma gəlir ki, bizdə bu mövzu müzakirəyə çıxarılır, lakin qəti qərara gəlmək mümkün olmur. 

Bəzi onilliklərdə hökumət rəsmiləri Xırdalana metro çəkiləcəyi barədə xalqdan muştuluq alırlar, bəzi qərinələrdə isə sözün üstündə durmurlar, deyirlər heç elə şey yoxdur, Xırdalana metro çəkilməyəcək. Xırdalan metrosunun üstündə Laçına hava limanı, Ələtə dəniz limanı, Şamaxıya hava şarı stansiyası, canım sənə desin, Görədilə sürət qatarı çəkildi, di gəl regionun bəxti açılmadı. Liman demişkən, məncə, biz daha bu temanı bağlamalıyıq. Təklif edirəm növbəti yüzillikdə “Xırdalanda dəniz limanı haçan tikilir” mövzusu müzakirə edilsin. 

Şəhərin adı da nəqliyyat problemlərinin yaranmasında müəyyən rol oynayır. Xırdalan sözünün mənası, anlamı haqda bir neçə versiya var. Birinci versiyaya görə, bura qədimdə Bakının əkin yerlərinin (xır) arxa tərəfi (dalı) olubdur. İkinci versiya “xırda-xuruş alver gedən dalan yer” mənası üzərindədir, həqiqətən Xırdalan əski zamanlardan karvan ticarət yolları üzərindədir. Üçüncü versiya pivə zavodunun adının şəhərə verilməsinə əsaslanır. Gördüyümüz kimi, heç bir versiyada metrodan söz açılmır. O zaman niyə hökumət orada lağım qazmalıdır? Hazırda olan stansiyalar bəsinizdir. 

Sözgəlişi, çox adam bilmir, Kürdəmirin adı da “Kür dəymir” sözündən yaranıb, çünki çay daşanda oranı basmır. Yəni toponimika və infrastruktur bir-biri ilə sıx surətdə bağlıdır. 

Bağlar, əlaqələr, harmoniya çox önəmlidir. Gizli saplara diqqət eləsək, kimi kimin oynatdığını görmək asan olar. Bugünlərdə Bakıda bir klinikada həkim arvadını döyübdür. Jurnalistlərimizin araşdırmasına görə, həkimin klinikada başqa həkimlə mazaqlaşması ehtimalı varmış, arvadı məsələdən xəbər tutaraq əraziyə hücuma keçmişdir, toqquşma da bu zaman olmuşdur. 

İndi media və respublika ictimaiyyəti 3 yerə bölünübdür. Bir hissə həkimi qınayır, bir hissə arvadı, üçüncü hissə də məşuqəni. Lakin bu, düzgün yanaşma deyildir. Hadisələrin kökünə enməliyik (bir növ, hadisənin “metrosunu”, “tunelini” qazmalıyıq). Ora enəndə isə daha ilginc detallarla üz-üzə qalırıq. Məsələn, həmin klinikanın yiyəsi, sizcə, kimdir? Keçən illərdə Gədəbəy qızıl etirazı mövzusu üzərində tutulan eks-deputat Nazim Bəydəmirli! Nəyə görə bizim istintaq orqanları Nazim müəllimin ittihamlarına bu işi də əlavə etməməlidir? Etməlidir. Ola bilsin Nazim müəllim Kürdəxanı təcridxanasından həkimə tapşırıq verib ki, sən məşuqə saxla, arvadın klinikaya gəlsin, onu döy, iş gərginləşib cızığından çıxsın, respublikada ictimai-siyasi asayiş pozulsun. Tələb edirəm cinayət işləri birləşdirilsin. Bu işin Əvəz Zeynallı ilə əlaqəsi də diqqət mərkəzində olmalıdır, çünki həkim məşuqəni xanımına əvəz olaraq saxlayıbdır. İstintaq sirrini yaymaq istəmirəm, yoxsa çoxlu ehtimallarım var, heç onda birini yazmadım. 

Sonda yeni evlənən icra başçımıza xoşbəxtlik, ailə səadəti diləyirəm. İkinci dəfə evlənsə də, hadisənin özü dramatikliyi ilə maraqlıdır, çünki biz bəlkə Azərbaycan tarixində ilk dəfədir vəzifə başında evlənən icra başçısı görürük. (Burada söz oyunu edib “həmişə xalqa toy tuturdular, indi özünə toy edir” yazmağımı gözləməyin. Tənqid üçün başqa günlər var, camaatın şad gününə qanqaraçılıq salmayaq). Niyə ilk dəfə? Çünki icra başçıları adətən yaşı keçmiş, qoca insanlar olurdular, ya gizli evlənir, ya da yuxarıdakı həkim kimi, məşuqə yolunu tuturdular. İndi biri şəffaf şəkildə evlənib, yenə bəyənməyənlər var. 

Toy olsun, bayram olsun, həyat firavan olsun! Xırdalanda da kosmodrom olsun!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR