İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər rayonunda Qarabağ atlarının maneji dağıdıldı - VİDEO

602 10.06.2026 15:10 Sosial A A

Bakının Xəzər rayonunda Qarabağ atlarının saxlanılması və təlimi üçün nəzərdə tutulan ərazidə söküntü və dağıdıntı işləri aparılıb.

Hadisə yerindən Musavat.com-a daxil olan videoda böyük zəhmətlə ərsəyə gətirilən infrastrukturun necə yerlə-yeksan edildiyini gözlər önünə gəlir.

Qarabağ atları üçün qurulmuş xüsusi manej və hasarlanmış kompleks dağıdılmaqla xarabalığa çevrilib. Naməlum şəxslər və ya yerli qurumların nümayəndələri tərəfindən ərazidəki daş hasarlar, atların təlim keçdiyi və qorunduğu bəndlər tamamilə uçurulub.

Redaksiyamıza göndərilən videomaterialda dağıdılmış divarların fonunda danışan şəxs, baş verən qanunsuzluğa və hörmətsizliyə kəskin etirazını bildirir. O, dövlət başçısının Qarabağ atlarının cinsinin qorunması və inkişafı ilə bağlı yürütdüyü siyasəti xatırladaraq, yerlərdəki məmurların və ya maraqlı qrupların bu fəaliyyətə balta vurduğunu qeyd edir:

“Baxın, buraları dağdıblar. Bu da bizim atçılığa, Qarabağ atına olan hörmətdir?! Prezidentimiz hər zaman deyir ki, Qarabağ atına, bu sahəyə zəhmət çəkənlərə, şərait yaradanlara dəstək olmaq lazımdır. Amma baxın, görün nə ediblər? Zəhmətlə ucaltdığımız tikililəri bu günə salıblar...”

Şikayətçi qeyd edir ki, ərazidə atların normal hərəkəti və təlimi üçün böyük bir idman və saxlanc kompleksi yaradılması planlaşdırılırdı. Lakin bir gecənin içində, səhərə qədər atların qaçış manejləri daxil olmaqla bütün hasarlar yerlə-yeksan edilib:

“Səhərə qədər, əvvəl atların qaçdığı, təlim keçdiyi o manejləri, hər şeyi dağıdıblar. Baxın, özünüz görün, necə zəhmətlə qoyduğumuz daşları, divarları uçurublar. Vallah bunun, billah bunun cənab Prezidentdən xəbəri yoxdur! Belə şey olmaz. Onun siyasətinə zidd olaraq belə özbaşınalıq edirlər”.

Qarabağ atları Azərbaycanın milli sərvəti, dövlət rəmzlərindən biri hesab olunur. Ölkə rəhbərliyi tərəfindən bu cinsin qorunması, Ağdamda və digər bölgələrdə müasir atçılıq komplekslərinin yaradılması istiqamətində ardıcıl fərman və sərəncamlar verildiyi bir vaxtda, Bakının Xəzər rayonunda Qarabağ atları üçün nəzərdə tutulan infrastrukturun bu cür vəhşicəsinə dağıdılması ciddi suallar doğurur.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR