İLK yayım saatı: 14:42
Bu gün futbol azarkeşlərinin diqqəti ABŞ-də keçirilən dünya çempionatının ən maraqlı qarşılaşmalarından birinə yönələcək. Bakı vaxtı ilə saat 23:00-da Los-Ancelesdə İspaniya və Belçika yığmaları 1/4 final mərhələsində üz-üzə gələcək. Qarşılaşmanın qalibi yarımfinalda artıq Mərakeşi 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksələn Fransa millisinin rəqibi olacaq. Buna görə də bu oyun təkcə yarımfinal bileti uğrunda deyil, həm də çempionluğa aparan yolun ən vacib görüşlərindən biridir.

İspaniya turnir ərzində ən sabit çıxış edən komandalardan biri kimi diqqət çəkir. Avropa çempionu müdafiədə inamlı oyunu və topa nəzarəti ilə rəqiblərinə ciddi üstünlük qurur. İspanlar 1/16 finalda Avstriyanı 3:0 hesabı ilə məğlub edərək gücünü nümayiş etdirib. Daha sonra 1/8 finalda Portuqaliya kimi iddialı rəqibi minimal hesabla məğlub edərək dörddəbir finala yüksəlib. Bu iki oyunda komandanın həm müdafiədə etibarlı çıxışı, həm də hücum xəttində məhsuldarlığı onların çempionluğa əsas namizədlərdən biri olduğunu göstərib.
Belçika isə pley-off mərhələsində daha məhsuldar futbol nümayiş etdirir. "Qırmızı şeytanlar" əvvəlcə Seneqalı dramatik oyunda 3:2 hesabı ilə məğlub edib, daha sonra turnirin ev sahiblərindən olan ABŞ millisini 4:1 hesabı ilə darmadağın edərək 1/4 finala yüksəlib. Xüsusilə hücum xəttində nümayiş etdirdikləri sürətli oyun və yüksək qol effektivliyi Belçikanın təhlükəli rəqib olduğunu bir daha təsdiqləyir.

Bu qarşılaşmanı iki fərqli futbol fəlsəfəsinin toqquşması da adlandırmaq olar. İspaniya topa sahib olmağa, qısa ötürmələr və səbrli hücumlarla rəqibi yormağa üstünlük verir. Belçika isə sürətli əks-hücumları, cinahlardan təşkil olunan hücumları və fiziki üstünlüyü ilə seçilir. Məhz bu taktiki mübarizənin nəticəsi oyunun taleyini müəyyənləşdirəcək. Meydanda ulduz futbolçuların dueli də xüsusi maraq doğurur. İspaniya millisində Lamin Yamal, Pedri, Rodri və Niko Uilyams komandanın əsas ümidləridir. Belçika isə Kevin De Bruyne, Romelu Lukaku, Jeremi Doku və Şarl De Ketelarenin kimi ulduzlarının fərdi ustalığına güvənir. Hər iki komandanın taleyi məhz bu futbolçuların göstərəcəyi performansdan çox asılı olacaq.

Tarix də bu qarşılaşmaya əlavə rəng qatır. İspaniya və Belçika uzun illərdir Avropa futbolunun aparıcı yığmaları sırasında yer alır. Onların qarşılaşmaları həmişə yüksək sürət, taktiki mübarizə və gərgin atmosferlə yadda qalıb. Dünya çempionatının həlledici mərhələsində baş tutacaq növbəti duel də istisna olmayacaq. Psixoloji baxımdan da komandalar fərqli üstünlüklərlə meydana çıxırlar. İspaniya ardıcıl qələbələr və etibarlı müdafiə sayəsində böyük inam qazanıb. Belçika isə son iki oyunda vurduğu yeddi qolun verdiyi motivasiya ilə meydanda olacaq. Bu amil oyunun ilk dəqiqələrindən hücum futbolunun şahidi olacağımızı deməyə əsas verir.
Qarşılaşmanın nəticəsi Fransa üçün də böyük əhəmiyyət daşıyır. Çünki topa nəzarət edən və nizam-intizamlı oyun nümayiş etdirən İspaniya Fransa üçün daha çətin rəqib ola bilər. Digər tərəfdən, Belçikanın sürətli hücumları və fərdi ustalığı da fransızların müdafiəsi üçün ciddi təhlükə yarada bilər. Hansı komandanın yarımfinala yüksəlməsindən asılı olmayaraq, Fransa növbəti mərhələdə son dərəcə ağır sınaqla üzləşəcək.

Bu oyunda cüzi üstünlük İspaniya tərəfdə görünsə də, Belçikanın sürpriz etmək potensialı kifayət qədər yüksəkdir. Erkən vurulacaq qol qarşılaşmanın ssenarisini tamamilə dəyişə bilər. Əgər hesab uzun müddət açılmasa, matçın əlavə vaxta, hətta penaltilər seriyasına qədər uzanması da real görünür. Bir sözlə, bu gecə dünya çempionatının ən möhtəşəm oyunlarından biri futbolsevərləri gözləyir.
İspaniya, yoxsa Belçika? Bu sualın cavabı yalnız yarımfinalçını deyil, həm də yuxarıda dediyimiz kimi, Fransa millisinin final yolundakı növbəti rəqibini müəyyənləşdirəcək.

Futbolsevərlər daha çox Fransa-İspaniya yarımfinalını arzu etsələr də, 2018-ci il mundialında heç kəsin gözləmədiyi halda yarımfinala çıxan Belçikanın meydandan qalib ayrılmasına o qədər də üzülməyəcəklər...
Cavanşir Abbaslı
Musavat.com






