İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çoban Bulaq" mübahisəsi qızışır - 11 il susan Balaqadaşov Şıxəliyevin əmlakını xilas edir?

1618 10.07.2026 21:24 Kriminal A A

Xaçmazda yerləşən məşhur "Çoban Bulaq" istirahət mərkəzi ətrafında yaranmış mübahisə yenidən sabiq MTN generalı Mövlam Şıxəliyevin adı ilə bağlı qalmaqalları gündəmə gətirib.

Əvvəlcə onun 2007-ci ildən şəriki olan YAP Xaçmaz Rayon Təşkilatının sabiq sədri Məhəmməd Balaqadaşovun saxlanıldığı barədə məlumat yayıldı. Daha sonra Məhəmməd Balaqadaşov bu xəbəri şəxsən təkzib etdi. Ardınca məlum oldu ki, mübahisənin mərkəzində hüquq-mühafizə orqanlarının əməliyyatı deyil, Mövlam Şıxəliyevin məhkəmə qərarı ilə müsadirə edilən əmlakları sırasında göstərilən "Çoban Bulaq" istirahət mərkəzi dayanır.

Məhəmməd Balaqadaşov iddia edir ki, həmin obyekt əslində ona məxsus olub və illər əvvəl Mövlam Şıxəliyev MTN-dəki vəzifə və səlahiyyətlərindən istifadə edərək onu bu əmlakdan məhrum edib.

O, Gununsesi.info-ya deyib: "Çoban Bulaq" mənimdir. O vaxt MTN-dəki səlahiyyətlərindən istifadə edən Mövlam Şıxəliyev bu istirahət mərkəzini əlimdən zorla almışdı. Mən də şikayət edirəm. Buranı heç kəsə verəsi deyiləm. Öz zəhmətimin nəticəsində qurulub".

Məhəmməd Balaqadaşovun bu açıqlaması isə yeni suallar doğurur. Mövlam Şıxəliyev 2015-ci ildə MTN-də baş vermiş məlum hadisələrdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Sonrakı illərdə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə qarşısına çıxarılıb, məhkum edilib və əmlaklarının müsadirəsinə qərar verilib.

91f6cf85-c9af-42b5-8bcb-1459b087f208.jpeg (68 KB)

Əgər Məjəmməd Balaqadaşovun dediyi kimi, "Çoban Bulaqa" ondan məhz MTN-dəki vəzifə səlahiyyətlərindən istifadə edilməklə alınıbsa, həmin təsir imkanları artıq uzun illərdir mövcud deyil. Bu halda təbii sual yaranır ki, əgər obyekt həqiqətən ona məxsus idisə, niyə bu iddia 11 il ərzində açıq şəkildə səsləndirilmədi? Niyə məhz indi? Diqqəti cəlb edən əsas məqam iddianın zamanlamasıdır. Əgər obyekt qanunsuz şəkildə əlindən alınmışdısa, Məhəmməd Balaqadaşov MTN işi başlayanda, Mövlam Şıxəliyev və digər generallar istintaqa cəlb ediləndə, məhkəmə prosesi zamanı hökm elan ediləndə və ya müsadirə ediləcək əmlakların siyahısı məlum olanda ortaya çıxa bilərdi.

Lakin indiyədək belə bir iddianın açıq şəkildə irəli sürülməsi barədə məlumat olmayıb.

Bu mübahisənin taleyini hüquqi sənədlər müəyyən edə bilər.

Əgər Məhəmməd Balaqadaşov həqiqətən obyektin yeganə sahibidirsə, bunu təsdiq edən mülkiyyət sənədləri, alqı-satqı müqavilələri, investisiya sənədləri, vergi ödənişləri, əvvəlki məhkəmə müraciətləri və digər hüquqi sübutlar mövcud olmalıdır.

Əks halda, uzun illər sonra verilən şifahi bəyanat hüquqi baxımdan kifayət hesab edilə bilməz.

Ən son məlumata görə, "Çoban Bulaq" istirahət mərkəzi şərikli obyekt olması səbəbindən 50 faizinin müsadirəsinə qərar verilib.

Bu isə başqa sualları gündəmə gətirir.

8d90fa4a-acd9-444f-8ea0-7e2d0c34bd8b.jpeg (27 KB)

Buna görə Məhəmməd Balaqadaşovun açıqlamasının məhz bu mərhələdə verilməsi müxtəlif ehtimalların müzakirəsinə səbəb olur. Məhəmməd Balaqadaşovun hazırkı iddiası yalnız öz hüquqlarını bərpa etmək məqsədi daşıyır? Bəlkə bu addım nəticə etibarilə Mövlam Şıxəliyevin müsadirə olunan əmlakının bir hissəsinin hərracdan satılıb zərərçəkənlərə ödənməsinin qarşısını almağa hesablanıb? "MTN işi" Azərbaycan tarixinin ən rezonanslı cinayət işlərindən biri hesab olunur. Həmin dövrdə bir çox sahibkar müxtəlif təzyiqlərlə üzləşdiklərini bəyan edib, sonradan hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət edərək hüquqlarını müdafiə etməyə çalışıblar.

Əgər Məhəmməd Balaqadaşovun iddiaları doğrudursa, onun da hüquqlarını müdafiə etmək hüququ var. Lakin bu halda əsas sual yenə dəyişmir - o,11 il niyə susdu?

Əgər susqunluğun səbəbi qorxu idisə, MTN ləğv olunduqdan, Mövlam Şıxəliyev həbs edildikdən, məhkəmə hökmü çıxarıldıqdan sonra bu qorxu niyə aradan qalxmadı?

Bu gün isə iddiaların məhz əmlakın müsadirəsi mərhələsində səsləndirilməsi istər-istəməz əsaslı şübhələri gündəmə gətirir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR