Rusiya milli futbol komandasına qarşı oyunları boykot etməyə hazır olan ölkələrin adları açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın idman nəşri Sport24 məlumat yayıb.
Nəşr yazır ki, rusların beynəlxalq arenaya geri qayıtmasına icazə verilərsə, bir sıra ölkə Rusiya milli futbol komandasına qarşı oyunları boykot edəcək.
Bunlar aşağıdakı ölkələrdir: Uels, İrlandiya, İslandiya, Lixtenşteyn, Rumıniya, İngiltərə, Fransa, Almaniya, Polşa, Ukrayna, İsveç, Norveç, Finlandiya, Danimarka, Niderland, Belçika, Şotlandiya və Baltikyanı ölkələr.
Rusiya klubları və milli komandaları 2022-ci ilin fevral ayından etibarən Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının himayəsi altında turnirlərdən kənarlaşdırılıb.
Bunun əsas səbəbi Rusiyanın suveren Ukrayna dövlətinin ərazisinin 20 faizdən çoxunu işğal və ilhaq etməsi, eləcə də bu dövlətə qarşı böyük dağıntı və tələfatlarla müşyiət olunan müharibə aparmasıdır.
2 fevral 2026-cı ildə FIFA prezidenti Canni İnfantino Rusiyanın qadağasının istənilən nəticəni vermədiyini və buna görə də Rusiya komandalarının yenidən qəbul edilməsi məsələsinə baxılmalı olduğunu bildirib. Lakin sonradan "The Times" qəzeti Avropa ölkələrinin tənqidləri ilə bağlı narahatlıqlar səbəbindən FIFA Şurasının rusiyalıları qəbul etməyi düşünməyəcəyini deyib.
Yuxarıda adı çəkilən ölkələrin qəti mövqeyi göstərir ki, FİFA Rusiyanın futbol komandalarının oyunlarına icazə versə də, onlar ruslarla futbol oynamayacalar.
Musavat.com






