Aktrisa Zarina Qurbanova kinorejissor kimi ilk işini təqdim edib.
Musavat.com xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, kinorejissor ixtisası üzrə magistratura təhsilini uğurla başa vurub.
O bildirib ki, 17 illik aktyorluq fəaliyyətindən sonra ilk dəfə kamera arxasına keçərək rejissor kimi “Sarı sim” adlı qısametrajlı filmi ərsəyə gətirib.
Qurbanovanın sözlərinə görə, sözügedən ekran işi onun diplom filmi olub. Filmdə əsas rolları aktyorlar Mələk Kazımova və Emil Həmidov canlandırıblar. Aktrisa paylaşımında ssenarist Pərviz Seyidliyə, quruluş heyətinə, müəllimlərinə və filmin texniki komandasına da xüsusi təşəkkürünü bildirib.
Sənətçi rejissorluğun böyük məsuliyyət tələb etdiyini vurğulayaraq, bu sahədə ilk təcrübəsinin onun üçün həm çətin, həm də həyəcanverici olduğunu qeyd edib.
“Bu mənim rejissor olaraq ilk addımımdır. Çox çətin olsa da, zövqlü və tamam fərqli bir yola açılan qapı oldu. Gedişatın necə olacağını bilmirəm. Tamaşaçılar filmə baxdıqdan sonra qiyməti onlar verəcək”, – deyə Zarina Qurbanova paylaşımında yazıb.







