İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər Aral dənizinin acı taleyini yaşaya bilər - SOS!

1875 07.07.2022 09:20 Gündəm A A

“Azərbaycanda ətraf mühitlə bağlı olan bütün qurumlar, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən İqtisadiyyat Nazirliyi ciddi addımlar atmalıdırlar”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidməti rəisi Mehman Axundov deyib ki, Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır. O qeyd edib ki, sözügedən anomal istilik Xəzər regionunda biomüxtəifliliyin azalmasına səbəb olur: “Bununla əlaqədar olaraq, biz balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda, Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər”.

Son illər Xəzərdə bioresursların məhvi təhlükəsi daha da artıb. Nərə balıqları artıq xəyal olub, kütüm, forel isə süni şəkildə artırılmasa, təbii artım baş vermir. Səbəbləri də ekoloq açıqlayıb.

Qorxmaz İbrahimli - günün əsas xəbərləri və mövzu ilə bağlı əsas hadisələr  - Sputnik Azərbaycan

Qorxmaz İbrahimli 

“Biosfer” İctimai Birliyinin  sədri Qorxmaz İbrahimli “Yeni Müsavat” a geniş şərhində bildirdi ki, Xəzərdə biomüxtəlifliyin azalmasında təkcə iqlim dəyişikliyinin səbəb göstərilməsi gülüncdür: “Əvvəla, Xəzər dənizində nərə balığının nəslinin kəsilməsi birbaşa insan faktoru, yəni nəzarətsiz ovlama ilə bağlıdır. Forel, kütüm kimi balıq növləri də eyni səbəblə azalıb. Digər səbəb seysmik proseslərdir: qazıntılar, kəşfiyyat işləri və s. Xəzər dənizinin suyunun azalması kritik həddə deyil. Dəniz suyunun səviyyəsi arta bilər. Su elektrik stansiyalarının buna o qədər də təsiri yoxdur. Xəzərə ən çox su Volqadan daxil olur. Bu gün Xəzər suitisinə sahilboyunda rast gəlinmir. Bu, o demək deyil ki, onlar yoxdurlar. Onlar areallarını dəyişməyə məcbur olublar. ETSN bu və digər məsələlərin həlli üçün çalışarsa, yaxşı olar. Qeyri-qanuni balıq ovuna görə zaman-zaman həbslər olub.  Mövsüm zamanı ovlamaya görə adambaşına düşən kvota var. Xəzəri hələlik Aralın aqibəti gözləmir. Nəzərə almaq lazımdır ki, Xəzərin Azərbaycana aid olan hissəsində bugünkü problemlərin əksəriyyəti ölkəmizin müstəmləkə dövrü ilə əlaqədardır. XIX əsrdən etibarən neft çıxarılmağa başlayıb. Nəticədə tullantılar həm torpağı, həm də dənizi çirkləndirib. Ötən əsrin 40-cı illərində dənizdə də neft çıxarılmasına başlandı. Bu da əlavə çirklənməyə səbəb oldu. Müstəqillik qazandıqdan sonra problemləri aradan qaldırmaq üçün dövlətin maddi imkanı olmadı. 1995-ci ildə neft konsorsiumu işləməyə başladıqdan sonra Azərbaycanda neft  gəlirinin bir qismi ətraf mühitin qorunmasına xərcləndi. Lakin neft çıxarılması canlı aləmə istər-istəməz mənfi təsiri göstərirdi. Digər növ tullantılarla da Xəzərin biomüxtəlifliyinə ciddi zərər vurmuşuq. Xəzər bir çox canlını itirib, yaxud itirmək ərəfəsindədir. Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında prezident İlham Əliyev bu məsələyə diqqət ayırdı. Lakin bununla iş bitmir. Azərbaycanda ətraf mühitlə bağlı olan bütün qurumlar, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən İqtisadiyyat Nazirliyi ciddi addımlar atmalıdırlar”.

Ekoloq Xəzərə axıdılan çirkli sular probleminə də diqqət çəkdi: “Dənizə təmizlənmədən su axıdılması cinayətdir. Bunun qarşısı alınmalıdır. Təklif edirəm ki, ETSN-də xüsusi komissiya yaradılsın. Çimərlik mövsümüdür. İnsanlar kanalizasiya suları, kimyəvi maddələr qarışmış suların  dənizə axıdılmasından xəbərsizdirlər. Bu neqativ hal insanların sağlamlığına zərər vurur. Bu isə büdcəyə birbaşa təsir edir. Yaxşı olar ki, vəsait dənizə axıdılan suların təmizlənməsinə xərclənsin. Hər il yay fəslində çimmək üçün qadağan edilən ərazilərin siyahısı təqdim olunur. Bugünlərdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov qeyd etdi ki, artıq 20 ildir bu elan verilir. Ona sual verdim ki, bəs bu 20 ildə hər hansı irəliləyişə nail olunub? Cavab verdi ki, heç bir irəliləyişə nail olunmayıb. Necə yəni? Xüsusilə ictimai çimərlikləri nəzərdə tutaraq hər il bu xəbər yayılır. Bəzən insanlardan şübhə yaranır ki, bu, məqsədli ola bilər. Çıxış yolu budur ki, ilk növbədə çimərlik ərazilərinin yaxınlarında kanalizasiya suları axıdılmamalıdır. ”Azərsu" bu istiqamətdə müəyyən işlər görməyə çalışır. Eyni zamanda Xəzərsahili bəzi ərazilərin təmizlənməsi məqsədilə alınmış katerlər var. Lakin onların faəliyyəti barədə heç bir məlumat yoxdur. Bu məsələlər dövlət tərəfindən diqqətə alınmalıdır".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR