İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi ermənilərinə mesaj - Azərbaycan hərəkətə keçməlidirmi...

1215 27.07.2023 10:22 Siyasət A A

Fikrət Yusifov: “Onlar Rusiyanın Qarabağdakı oyunlarının “peşka"larına çevriliblər”

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ xalqının (Qarabağ ermənilərinin - red.) taleyini həll edə bilməz”.

Musavat.com xəbər verir ki, bunu iyulun 25-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Dağlıq Qarabağ nümayəndələrinin (Qarabağdakı erməni icmasının nümayəndələri - red.) özləri danışıqların tərəfi, dialoqun tərəfi olmalıdırlar. Biz Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Bakı-Xankəndi dialoqu formatında, beynəlxalq mexanizm çərçivəsində Qarabağ ermənilərinin nümayəndələrinin iştirakı ilə müzakirə edilməli olduğunu deyir və məhz bu gündəliyi təbliğ edirik. Düşünürəm ki, Qarabağ ermənilərinin nümayəndələri bu formul çərçivəsində onları narahat edən bütün məsələləri həll etmək, həm də bu məzmunla bağlı çox vacib olan siyasi məsuliyyəti öz üzərinə götürmək imkanı əldə edəcəklər. Düzgün yol budur”, - deyə Paşinyan bildirib.

Nəzərə çatdıraq ki, Ermənistan rəhbərliyinin Qarabağ ermənilərinə buna oxşar mesajları daha əvvəllər də olub. Erməni mediası, analitikləri yazırdılar ki, Ermənistan Qarabağ ermənilərinin yükündən azad olmaq üçün onları Azərbaycanla anlaşmaya getməyə təşviq edir. Ancaq maraqlıdır ki, Qarabağdakı separatçı rejim və onun xaricdəki fitvaçıları, o cümlədən Rusiya danışıqlara imkan vermək istəmir.

İndi çox maraqlı bir mənzərə var: Paşinyan rəsmən bəyan edir ki, Ermənistan onların taleyini həll etməyəcək, Bakıya üz tutsunlar. Ancaq Xankəndidəki ermənilər bu addımı atmır və onlara bu imkan yaradılmır. Belə olan halda Azərbaycan nə etməlidir? Çıxış yolu nədir? Antiterrorla silahlı quldurları məhv edib, dinc əhali ilə birbaşa təmasa keçilməlidir, yoxsa bu məsələnin dinc həlli hələ tükənməyib?

Fikrət Yusifov: ABŞ Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində  maraqlıdır - "İki sahil"

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov ermənilərin odla oynadıqlarını qeyd etdi. Onun sözlərinə görə, erməni separatçıları 44 günlük müharibədən öncə baş vermiş prosesləri çox tez unudublar: “Onlar bu gün də unudurlar ki, bu müharibəyə qədər Azərbaycan tərəfi dəfələrlə bu oyunların sonda nə ilə bitəcəyini diqqətə çatdırırdı. Lakin erməni toplumu bütün reallıqları görsə də, odla oynamağa davam etdi. Və sonda nələrin olduğunu hər kəs bilir. Qarabağ torpaqlarımızda olan erməni separatçıları bu gün də eyni qaydada odla oynayırlar. Anlamaq istəmirlər ki, bu gün onlar Rusiyanın Qarabağdakı oyunlarının "peşka"larına çevriliblər. Qarabağda erməni məsələsinin bitdiyini Paşinyan və bütövlükdə erməni hakimiyyətinin başında dayananlar artıq anlayırlar. Onlar bu oyunların sonda ölkələrinin taleyini masa üzərinə çıxara biləcəyinin fərqindədirlər. Elə bu səbəbdən də Ermənistan hakimiyyəti bu gün Qarabağ yükünü öz üzərindən atmağa çalışır. Ermənistan baş naziri və hakimiyyətin digər rəsmiləri bununla bağlı Qarabağda yaşayan ermənilərə çağırışlar edirlər. Onlar Qarabağ torpaqlarımızda yaşayan ermənilərə açıq şəkildə deyirlər ki, sizin xilasınız Bakı ilə dialoqdan və Azərbaycan vətəndaşı kimi o torpaqlarda yaşamaqdan keçir.

Ermənistan hakimiyyətinin bu mövqeyi Azərbaycanın bu münaqişədə 44 günlük ikinci Qarabağ savaşındakı zəfərdən sonra əldə etdiyi böyük diplomatik uğurdur. Bir neçə il öncə kim inana bilərdi ki, bir vaxt gələcək, zaman-zaman Qarabağı Ermənistana birləşdirmək istəyən erməni hökuməti Qarabağda yaşayan ermənilərə belə müraciət ünvanlayacaqlar? Ancaq bu gün bu baş verdi. Heç şübhə etmirəm ki, bir qədər sonra Azərbaycan problemin həllində bundan daha yaxşı uğurlar əldə edəcək. Bu gün Ermənistanın Qarabağdan əlini çəkməsi mövcud problemin həllinin birinci mərhələsinin tam başa çatması deməkdir. İndi Azərbaycan hərbi-diplomatik maşını bu problemin ikinci - sonuncu mərhələsinin başa çatması üzərində iş aparır. Bu yerdə bizim üçün ən böyük əngəl Rusiya və onun Qarabağa yerləşdirdiyi hərbi kontingentdir. Mənim bu kontingenti sülhməramlı adlandırmağa dilim belə gəlmir. Bunlar necə sülhməramlıdır ki, separatçılara silah daşıyırlar, Ermənistanla Azərbaycan arasında Qərbdə keçirilən sülh danışıqlarında hər hansı bir irəliləyiş əldə olunan kimi, “çeşidli” təxribatlar törədirlər. Yəni bu hərbi zümrə yerləşdikləri Qarabağ torpaqlarımızda sülh təmin etmək əvəzinə, onu pozmaq üçün mümkün olan və olmayan bütün çirkin əməllərə əl atır.

Qanunsuz erməni hərbi quldur dəstələrinin Qarabağ torpaqlarımızdan çıxarılmasına dair 10 noyabr sazişinin tələblərinin icrasının qarşısını da Kremlin istəyi ilə alan məhz bu kontingentdir. Bu kontingent yerləşdiyi ərazilərimizdə beyni yuyulmuş erməni separatçılarını Moskvanın dirijor çubuğu ilə idarə edir. Bu gün 44 günlük müharibədə Prezident İlham Əliyevin dediyi kimi, “siçan kimi qaçıb gizlənən” araiklər ultimativ tərzdə bəyanatlar verirlər. Onları bu qədər cəsarətli edən kimdir? Bu yerdə akademik Azad Mirzəcanzadənin bir sözü yadıma düşür. O deyirdi ki, “siçana spirtli içki versən, o qayıdıb pişikdən pasport tələb edəcək”. İndi bu gün araiklər ruslardan aldıqları təlimatla cəsarətli olublar".

Sabiq nazir Rusiyanın heç zaman sülh tərəfdarı olmayacağını da diqqətə çatdırdı: “Bu durumda nə etməliyik? Öncə unutmamalıyıq ki, Rusiya Qarabağda sülhün olmasını heç vaxt istəməyəcək və biz bütün işlərimizi buna uyğun qurmalıyıq. Bu gün Laçın-Şuşa yolunun bağlanmasını bayraq edib, "Qarabağda ermənilər acından ölür, müalicə üçün dərman tapa bilmirlər" deyənlərə cavab olaraq, ərzaq və dərman dolu maşın karvanını ermənilərin Ağdam Xankəndi yolunda beton plitələrlə bağladıqları yerə qədər hərəkət etdirib, oradan bütün dünyaya müraciət etməliyik ki, biz öz erməni vətəndaşlarımıza yardım əlimizi belə uzadırıq. Qoy onlar bu əli geri qaytarsınlar. Bu halda biz borcumuzdan çıxmış olarıq və bunu bütün dünyaya nümayiş etdirməklə beynəlxalq müstəvidə sonrakı addımlarımız üçün real bir zəmin hazırlamış olarıq.

Qarabağda yaşayan sadə ermənilər artıq rusların dirijorluğu ilə 30 ildən çox bu bölgədə aparılan müharibədən və müharibədən sonrakı oyunlardan təngə gəliblər. Erməni separatçıları davranışlarını bu ruhda davam etdirsələr, Azərbaycan öz ərazisində antiterror əməliyyatı keçirməyə məcbur olacaq və bu, onun bütün normalarla müəyyən olunan haqqıdır. Biz genişmiqyaslı antiterror əməliyyatına tam hazır olmalıyıq. Zamanı çatan anda bu əməliyyatı başlayıb və ən qısa vaxtda - bir neçə günə başa çatdırmaq lazım gələcək. Ondan sonra isə Azərbaycan vətəndaşlığını təsdiq edib, Azərbaycan qanunlarının tələbləri altında yaşamaq istəyən ermənilərin Qarabağ torpaqlarımızda normal həyat tərzi təmin ediləcək. Bunu istəməyənlər isə rədd olub gedəcəklər.

Yaxın vaxtlarda Azərbaycanın bütün ərazilərində tətbiq ediləcək yeni idarəçilik forması, eynilə Qarabağın ermənilər yaşayan bölgəsinə də aid olacaq. Hər hansı bir formada muxtariyyətin olmayacağı yerdə heç bir erməninin haqqı olmayacaq ki, oradakı toplum üçün nəsə tələb etsin".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR