Xəbər verildiyi kimi, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn üç illik fəaliyyətindən sonra yanvar ayının ortalarında vəzifəsini tərk edəcək.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, səfirin geri çağırılması ABŞ-ın Ermənistanla bağlı siyasətində dəyişiklik anlamına gəlmir:
“ABŞ Ermənistan Respublikası ilə tərəfdaşlığa sadiq qalır və strateji əməkdaşlığın gələcək inkişafını, eləcə də prezident Donald Tramp və baş nazir Nikol Paşinyan tərəfindən 8 avqustda Vaşinqtonda keçirilmiş tarixi sülh sammitində imzalanmış ikitərəfli razılaşmaların icrasını gözləyir”.
Bununla belə, diplomatik dairələrdə bu qərar daha geniş prosesin tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, xarici mediada ABŞ administrasiyasının Trampın prezident seçilməsindən əvvəl təyin olunmuş təxminən onlarla ölkədəki səfiri geri çağırmaq niyyətində olduğu barədə məlumatlar yayılıb. Bildirilir ki, Vaşinqton bu postlara daha “etibarlı” və Tramp administrasiyasına siyasi baxımdan loyal kadrlar təyin etməyi planlaşdırır.
Musavat.com






