Rusiyada vətəndaşlar üçün ölkədən çıxış vizasının tətbiqi ilə bağlı qanun layihəsinin hazırlanması müzakirə olunur.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hazırlanmaqda olan sənədlər paketi xaricə səfərlərin "Rusiya vətəndaşlarının təhlükəsizliyinin gücləndirilməsi" adı altında yeni qaydalarla tənzimlənməsini nəzərdə tutur.
Mənbələrin sözlərinə görə, əsas müzakirə mövzusu turizm məqsədilə xaricə səfərlərdir. Təklif olunan variantlardan birinə əsasən, Rusiya vətəndaşları NATO ölkələrinə yalnız ən azı 10 nəfərlik turist qrupları tərkibində, müşayiətçi ilə və əvvəlcədən təsdiqlənmiş marşrut üzrə gedə biləcəklər. Bu addımın rəsmi şəkildə vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi daşıdığı bildiriləcək.
Bundan başqa, fərdi qaydada səfərə icazə veriləcək ölkələrin ayrıca siyahısının hazırlanması nəzərdə tutulur. Hazırda həmin siyahının məhdud, yoxsa geniş olacağı ilə bağlı yekun qərar verilməyib.
Dövlət Dumasnın deputatlarından biri bildirib ki, hansı ölkəyə səfər edilməsindən asılı olmayaraq, xaricə getmək üçün dövlətin xüsusi icazəsi tələb olunacaq.
"Hazırkı kimi sadəcə bilet alıb ölkədən çıxmaq mümkün olmamalıdır. Dövlət buna icazə verməlidir", – deyə mənbə bildirib.
Qeyd olunur ki, SSRİ dövründə xaricə səfər etmək üçün xüsusi çıxış vizası almaq tələb olunurdu. Xarici turizm əsasən təşkil olunmuş qruplar şəklində həyata keçirilirdi. Ölkədən sərbəst çıxış hüququnu nəzərdə tutan qanun isə 1991-ci ilin mayında – SSRİ-nin dağılmasına bir ildən az qalmış qəbul edilmişdi.
Ötən həftə Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın artıq "əsl müharibə" apardığını bəyan edib. Bəzi ekspertlər bunu ölkədə və ya ayrı-ayrı regionlarda hərbi vəziyyətin tətbiqi ilə bağlı ictimai rəyin yoxlanılması kimi qiymətləndiriblər.
Hazırda Rusiyanın ilhaq etdiyi Ukraynanın dörd vilayətində hərbi vəziyyət qüvvədədir. Rusiya qanunvericiliyi hərbi vəziyyət dövründə xüsusi giriş-çıxış rejiminin tətbiqinə, həmçinin vətəndaşların ölkədən çıxışının qismən və ya tam məhdudlaşdırılmasına imkan verir.
Məqalədə politoloq, Putinin keçmiş nitq müəllifi, Rusiyada "xarici agent" elan olunmuş Abbas Qalyamovun da məsələyə münasibəti yer alıb.
Onun sözlərinə görə, belə bir qərar Rusiyanın qarşısında duran real problemlərin heç birini həll etməyəcək, əksinə, ölkədə biznes mühitinə ciddi zərbə vuracaq.
"Adi vətəndaş üçün xaricə getmək imkanının elə də böyük əhəmiyyəti yoxdur. Onsuz da əksəriyyətinin buna pulu çatmır. Amma biznesmen üçün bu, prinsipial məsələdir. Ölkədən sərbəst çıxışın qadağan edilməsi onların birdəfəlik ölkəni tərk etmək istəyini daha da gücləndirəcək. İnsanlar sərhədlər tam bağlanmamış çıxmağa çalışacaqlar", – deyə Qalyamov bildirib.
Politoloqun fikrincə, bu təşəbbüs "Voroneji bombalamaq" və ya "özünküləri vur ki, yadlar qorxsun" məntiqini xatırladır.
"Xarici rəqiblərini məğlub etmək iqtidarında olmayan rejim öz gücünü öz vətəndaşlarına qarşı repressiyaları və məhdudiyyətləri artırmaqla göstərməyə çalışır. Əsas məqsəd cəmiyyətdə hakimiyyətin tam zəiflədiyi təəssüratının yaranmasına imkan verməməkdir", – deyə o vurğulayıb.
Musavat.com






