İnsanlara hürriyət, millətlərə istiqlal!

Varlı olmağımızı niyə gizlədirlər

1570 06.02.2024 11:23 Yazarlar A A

“Ac acı aldı, acdan ləlöyün törədi”

(Azərbaycan ata sözü)

Tanınmış idmançını döyən tanınmış idmançılarımız həbs olunmuşdur. Məşhur polis şöbəsi tərəfindən. Daha sonra tanınmış idmançı məşhur jurnalistə açıqlamasında bildirmişdir ki, döyənlərdən şikayətini geri götürmüşdür. Bu haqda oxuyan tanınmış oxucular qulaqlarını qaşıyıb, gözlərini döymüşlər. 

Prinsipcə, bizim idmançıların tanınmışlığı nə ilə ölçülür? Ay sağ olasan: elə kimisə döyməkləri ilə. Ən yaxşı döyən, ən çox tanınır. Əgər hansısa idmançımız yarışda düzgün yolla medal alıb tanınsa, biz ona pis baxırıq. Yetmiş qapıya getsə, qız verməzlər. 

Sözgəlişi, bizim məşhur idmançılarımız adətən dopinqdə ilişirdilər, oradan-buradan qapdıqları medallar əldən gedirdi. İndi o yoldaşlara gözaydınlığı verirəm, milyarder Piter Til 2025-ci ildə tam yeni qayda ilə “olimpiada” keçirmək fikrindədir. Bu turnirin əsas özəlliyi bu olacaq ki, idmançılara istənilən dopinq, steroid, qida əlavəsi, məktəbli dönəri, patı, ölü camış pizzası və sairədən istifadə etməyə icazə veriləcək. Kefin nə istəsə, vur damara, çıx arenaya, gücünü göstər. 

Ancaq güman edirəm tanınmış idmançılarımız bu istiqamətdə də uduzacaqlar, çünki bizdə dopinq sənayesi zəif inkişaf etmişdir. Qoz-fındıqla iş düzəlmir. Nəsə yeniliklər lazımdır. Bazar iqtisadiyyatı olmalıdır. 

Söz idmandan düşmüşkən, bu yaxında “Qarabağ”ın baş məşqçisi Qurban müəllim intervü vermişdi, orada dedi ki, milli futbol komandamızın baş məşqçiliyindən könüllü getməyibdir, onu faktiki çıxarıblar. Kim edib, niyə edib, bunları müzakirə edən oldumu? Yox. Çünki əsas məqsəd həqiqəti tapmaq deyil, başını aşağı salıb bir tikə çörək yeməkdir. 

Yaxud “Neftçi”yə keçən yay məşhur (bu həqiqətən məşhur olub) rumın futbolçu Adrian Mutu müəllimi bəh-bəhlə baş məşqçi gətirmişdilər. Mutu müti olub pulunu yeyə bilərdi, ancaq deyəsən, orada-burada sponsor(lar) haqda nəsə zəvzəmişdi, o səbəbdən kişini nakam, heç altı ay çəkməmiş işdən qovdular. Düzdür, Mutu müəllim getməyini belə izah etdi ki, anam rəhmətə getmişdi, arvadın ölməyi mənə pis təsir elədi, artıq dünya gözümdən düşübdür. Bu münasibətlə efirə “Ana segahı” da verildi. Mutun-nun yerinə gələn məşqçi də uduza-uduza gedir, deyəsən. 

Mənim futbola baxmağa həvəsim-zadım yoxdur, yanlış anlamayın. Sadəcə, orada xərclənən, əkişdirilən, havaya uçan milli pullarımıza heyfim gəlir. İndicə internetdə əsas liqamızın turnir cədvəlinə baxdım. 1-ci yerdəki “Qarabağ”ın 50, 2-ci yerdəki “Sumqayıt”ın 34, 3-cü “Neftçi”nin isə 32 xalı var idi. Açığı, inanmıram dünyada belə çempionat ola ki, 1-ci yerlə 3-cü yer arasında nə az, nə çox, 18 xal fərqi olsun. Gör nə dərəcədə maraqlı, qırğın-qiyamət, fısqırıq çempionatdır... Bu şəraitə görə həyətlərdə daşın üstündə konserva qutusu və kulok doldurulmuş corabla futbol oynayan cocuqlarımız adından dərin təşəkkürümüzü bildiririk. İnşallah, Razi müəllim qalib gələr!

Keçən ay Çindən maraqlı, bir az da gülməli xəbər paylaşıldı. Orada 20-21 yaşlı gənc varmış, o yaşa çatanacan çoxlu əzab-əziyyətə qatlanıb, birtəhər universitet qurtarıb, elə iş axtarırmış ki, atası bunu çağırıb, sürpriz xəbər verib: bizim pulumuz çoxdur, mən əslində milyonerəm, indi şirkətimi də sənə tapşırıram. Sən demə, ata villaları, bahalı maşını-zadı, qısası, varlı ailə olduqlarını hansısa yolla bundan gizli saxlayıbmış. Ki, uşaq dədə malına arxayın olmasın, əməyin qədrini bilsin, daha nə nələr...

Açığı, biz zəhmətkeşlər də ürəyimizin dərin qatlarında ümid edirik ki, bir gün hökumət bizi çağırıb deyəcək: “Siz varlı ölkənin vətəndaşlarısınız, alın, xərcləyin, yeyin-için, yerə keçin”. Məncə, onlar bizim müftəxor olmağımızı istəmirlər, ona görə bu müdhiş xəbəri hələlik bizdən gizləyirlər. 

İndi söz məşhur əlaqədar təşkilatlarındır (heç bilmirəm idmandan bura necə gəldik...)  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR