İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın görünməyən sonu - Rusiya çökmür, Qərb isə...

1156 27.06.2022 16:13 Gündəm A A

 

Ukraynada həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan vəziyyət gərginliyin pik həddinə doğru gedir. Görünən budur ki, Rusiya Ukraynada istədiyinə nail olmayana qədər əl çəkən, geriyə addım atan deyil. Artıq Kiyevi raket atəşinə tuturlar.
Ukraynaya isə Avropa və Qərbdən dəstək əvvəlki səviyyədə hiss olunmur. Rusiya isə sanksiyalara rəğmən dayanmır, çökmür. Hətta Fransa və Almaniyanın Zelenskini güzəştlərə sövq etdiyinə dair iddialar var. Kiyevin yeganə səmimi dəstəkçisi kimi Boris Consonun timsalında Britaniya görünür.

Faktiki olaraq Ukrayna ilə bağlı situasiya dalana dirənmiş kimi görünür. Sonuc necə olacaq? Ukraynanı hansı tale gözləyir?

Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin bununla bağlı fikirləri diqqət çəkir: "Son baş verənlərdə Rusiyanın zəifləmə məsələsi heç də müzakirə olunmur. Anti-Çin koalisiyası Britaniya, ABŞ, Yaponiya, Avstraliya və Zelandiya tərəfindən yaradıldı. Tayvana kömək edəcəkər. Çinin Fransadakı səfiri də deyir ki, Tayvanı nə yolla olursa-olsun qaytaracaqlar. Çin-Tayvan müharibəsi başlasa - hansı ki, bu ehtimal yüksəkdir – bu, ciddi şəkildə Ukraynanın dövlət olaraq məhv edilməsi demək olacaq. Avropanın ən varlı ölkələrindən sayılan İsveçrə rəhbərliyi əhaliyə müraciət edir ki, enerji qiymətləri qalxır, inflyasiya artır, qənaətcil həyat tərzi sürməliyik. II Dünya müharibəsindən sonra rifahları yüksəldiyi üçün avropalılar xeyli tənbəl olmuşdular. Yemək, səyahət istilik və s. necə həll edəcəklər, bu sualın da cavabı maraqlıdır. Rusiya-Ukrayna müharibəsi fərqli silahlara və fərqli coğrafiyaya köç etməyə başladı. İlk dəfə olaraq, ruslar qanadlı raketlərlə Ukraynanı vurmağa başlayıblar. Bu raketlərin qarşısını almaq xeyli çətindir, nə qədər Ukraynanın hava hücumundan müdafiə qurğuları güclü olsa da. Paralel şəkildə Belarus məsələsi ortalığa çıxdı. Son olaraq Kremldə belə bir qərar qəbul olunub ki, təcili olaraq Belarusa nüvə silahı verilsin, ikili cəbhə açılsın. Bundan əlavə, Kalinqradın mühasirəyə alınması Litvanın başını ağrıtmağa başlayıb. Avropada infilyasiya məsələləri kəskinləşdikcə, Türkiyəyə qarşı təzyiqlər artmaqdadır. Çalışırlar ki, onu da sanksiyalara qoşsunlar. Bu da indiki halda mümkünsüz görünür. Ərdoğan dedi ki, Qərbi yaxşı tanıyırıq, indiki vaxtda tarazlı siyasətə üstünlük verməliyik, gəlin hamımız Rusiya ilə körpüləri yandıraq, bəs onunla kim danışacaq? İndiki vaxtda Fransa və Almaniya tərəfindən Kiyevə ciddi basqılar var. Amma burada Britaniya da dirənib. Olsun ki, Britaniya Ukraynanın bir hissəsini qoruyub saxlaya bilsin və onu yaratdığı birliyə daxil etsin".

8d443ab8114e7a20a5f93b3f85133243 (1).jpg (27 KB)

AĞ PARTİYA başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov zamanında deyilənlərin artıq gerçəkləşmək üzrə olduğunu bildirdi: "Bəs biz yazanda və sizə, eyni zamanda, digər sağ olsun bizdən açıqlama alan KİV-lərə deyəndə ki ruslar Qərbi parçalayacaq, bizim bəzi "Papadan çox papaçılar" niyə bizi daşlayırdı? Mən müharibənin ilk günlərindən demişəm, ruslar Qərbi parçalayacaq. İzləyənlər bilir. Bir daha təkrar edirəm: Kontinental Avropa, Fransa istisna xaraktersiz qloballist pazldır. Rifah cəmiyyətləridir, millitar xarakterləri yoxdur. Rusun da qazı, gübrəsi gəlmir, aləm dəyib bir-birinə. Britaniya isə Fransa ilə birgə hələ də imperiyadırlar. Kanada, Yeni Zellandiya, Avstraliya və digər bölgələr əlahəzrət kraliçanın mülkləridir. Afrikanın bir qismi də Fransanın. Ona görə əslində Anqlo-sakson nizam ilə Fransanın Ukrayna üzərindən bir savaşı vardır. Amerikalılar isə qlobal oynayır. Maliyyə kredit çarxı işə düşüb və Ukrayna bunun bədəllərini ödəyəcək, bax onda ukraynalılar Zelenskini hesaba çəkəcək. Əslində indi o da burulğandan çıxmaq istəyir. Amma artıq çıxa bilmir. Ruslarla üzbəüz və faktiki təkdir. Boris müəllim isə heç zaman səmimi ola bilməz Ukraynaya qarşı. Çünki Anqlo-sakson nizamla səmimiyyət antoqonist anlayışlardır. Britaniya rusların kontinental Avropaya yaxınlaşmasını istəyir. Kontinental Avropa güclənməsin deyə çalışırlar. Ruslar demək olar ki, Avropanın hamısı ilə bu və digər şəkildə vuruşublar. Amma ingilislərlə bir yerə qədər. Ona görə sonuc belə olacaq: Ukrayna atəşkəsə getməsə, bölünəcək. Paralel Ukrayna hakimiyyəti qurulacaq. Ruslar bu hakimiyyəti tanıyıb, onun vasitəsi ilə DNR və LNR-in ilhaqını legitimləşdirəcəkdir. Qərbi Ukrayna hakimiyyətini isə tanımayacaqdır. Bu məkandan təbliğat aparıb Ukrayna cəmiyyətini parçalamağa çalışacaqlar. Çox güman eyforiya sonrası bir qism ukraynalılar buna uyacaq. Avropa isə qazın və gübrənin əsiridir. Bir azdan "nəyimə lazım" deyib separat olaraq ruslarla anlaşacaq. Dünya Türk İslam Ülküsü şəmsiyyəsində adil düzənə möhtacdır. Bütün kapitalist və basqıcı imperiyalar Türk İslam Ülküsünü dünya hakimiyyətindən məhrum edib səhnəyə gəldi. Deməli, bu çarx geri dönməli və məzlumların hamisi Türklər yenə meydana çıxmalıdır. Ətraflarında ilk öncə müsəlman qardaşlarını, daha sonra Şərqi Avropa, Latın Amerikası və Afrikanın məzlumlarını toplayıb adil nizam qurmalıdırlar ki, nə Ukraynada, nə Yaxın Şərqdə, nə Hind Çində, nə də Afrikada məzlum balalar ölməsin".

Azərbaycan erməni yalanlarının üstündən xətt çəkdi

Politoloq Züriyə Qarayeva isə bildirdi ki, Rusiyanın əzəli düşmənlərindən olan İngiltərə savaş ehtimalına qarşı tədbirlər görür: "Britaniya Silahlı Qüvvələri Baş Qərargahının yeni rəhbəri, general Patrik Sanders ölkəni Avropada müharibəyə hazırlamağa və Rusiyanı məğlub etməyə qadir ordu yaratmağa çağırıb. Tarix boyu savaşan, soyuq müharibədə zidd qütblərdə yer alan, bir neçə dəfə agent böhranı yaşayan iki ölkə arasında gərginlik artır. İngiltərə Kiyevə ən çox dəstək göstərən, Moskvaya isə ən çox sanksiya tətbiq edən ölkədir. Britaniya Müdafiə Nazirinin “Ukraynann Qərbdən əldə etdiyi silahlar Rusiyanı məhv etməyə yetərlidir” deməsi gərginliyi pik həddə daşıdı. Ardınca Putin İngiltərənin adını çəkmədən müharibəyə müdaxilə edən 3-cü tərəfi hədələmiş, “...cavabmız ildırımsürətli olacaq” söyləmişdi. Qalmaqallı jurnalist Solovyov isə İngiltərəni xəritədən silmək üçün yetərli raketlərimiz var demişdi. Bu günlərdə G7 zirvəsində Rusiya əleyhinə səslənən bəyanatlar da artıq mövqe mübarizəsinin başlandığını göstərir. Artıq müharibə get-gedə Rusiya-Ukrayna savaşı olmaqdan çıxır və açıq şəkildə qütblərarası mübarizəyə çevrilir. Bu müharibənin nə qədər davam edəcəyi isə qütblər arası mübarizənin şəklindən və Moskvanın nə dərəcədə tab gətirməsindən aslıdır".

Cavanşir ABBASLI,
"Yeni Müsavat "

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR