İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün mühüm gün - iyulun 26-da...

906 26.07.2023 10:50 Siyasət A A

 

 

 

Asif Nərimanlı: “Döyüş meydanında nələrin baş verdiyini dəqiq demək mümkün deyil, çünki...”

 

NATO Baş katibi Yens Stoltenberq Ukrayna tərəfinin son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq üçün yeni yaradılmış NATO-Ukrayna Şurasının iclasının çağırılması tələbinə razılıq verib.

Bunu NATO-nun sözçüsü Oana Lunqesku deyib.

Onun sözlərinə görə, növbədənkənar görüşün bu gün - iyulun 26-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, srağagün Vladimir Zelenski NATO Baş katibi Stoltenberqlə danışdığını və Qara dənizdə təhlükəsizliklə bağlı məsləhətləşmələr üçün NATO-Ukrayna Şurasının çağırılmasını təklif etdiyini bildirmişdi.

“Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov isə deyib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumunun yeni mərhələsi iyulun sonuna planlaşdırılıb və avqustun ortalarına qədər davam edəcək.

Onun sözlərinə görə, Ukrayna tərəfi qüvvələrini cəbhə xəttində cəmləşdirməkdə davam edir, əks-hücumun yeni mərhələsi üçün ehtiyatlar hazırlayır və sahələri təmizləyir. Roqov əlavə edib ki, Ukrayna ordusu Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirmək üçün Dnepropetrovsk vilayətinin Nikopol rayonunda Dnepr çayını Enerqodara doğru keçməyə və ikinci cəbhə xəttini açmağa cəhd edə bilər.

Bu arada Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunun əks-hücumunun uğursuz olduğunu iddia edib.  Bu haqda o, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. Lukaşenko söhbət zamanı bildirib ki, əks-hücum yoxdur. Putin isə ona cavabında, “Var, amma uğursuz oldu” deyib.

Belədirmi? Məgər Ukraynanın əks-hücum əməliyyatı bitib?

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov: “Bunlar olmasa, Kiyevin Rusiya üzərində qələbəsi real görünmür”

AMİP liderinin köməkçisi, politoloq  Əli Orucov əksini düşünür. Onun fikrincə, Ukraynanın başlatdığı əks-hücum əməliyyatları artıq öz bəhrəsini verməkdədir: “Əməliyyatların gedişi zamanı bir sıra yaşayış məntəqələri işğaldan azad olunub və cəbhə xəttində ruslar ciddi çətinliklərlə üzləşiblər. Rusiyanın indiyədək 240 mindən çox canlı qüvvəsi məhv edilib. Beynəlxalq təhlilçilərin qənaətinə görə, Rusiya Silahlı Qüvvələri bu müharibədə potensialının üçdə ikisini itirib. İrandan aldığı PUA-lar, yaxud Çindən aldığı silah-sursat hərbi əməliyyatları Rusiya Silahlı Qüvvələrinin xeyrinə dəyişməyə kifayət etmədi. Bu arada isə NATO Ukraynaya hərbi dəstəyinin artırılması ilə bağlı 11-12 iyulda Vilnüsdə keçirilən Zirvə toplantısında yekdilliklə qərar qəbul etdi.

Məlum olduğu kimi, həmin Zirvə görüşünün gündəliyində olan 2-ci məsələ məhz Ukrayna ilə bağlı olmuşdu. Eyni zamanda beş məsələdən üçü də bu və ya digər şəkildə Ukraynaya dəstək ifadə olunurdu. Müttəfiq ölkələr Kiyevin tam qələbəsi üçün hərbi və maliyyə dəstəyinin daha da artırılması barədə razılığa gəliblər. Doğrudur, Ukraynanın tezliklə NATO-ya qəbulu barədə yekdil fikir olmasa da, Vilnüsdə müttəfiqlərin Ukrayna üçün uzunmüddətli perspektivdə dəstəyin artırılması, Ukrayna və NATO silahlı qüvvələrinin tam qarşılıqlı fəaliyyətini təmin edəcək çoxillik yardım proqramının qəbulu barədə də ortaq fikrə gəliblər. 26 iyunda NATO-Ukrayna Şurasında cəbhədə yaranmış mövcud durum və Kiyevə hərbi, maliyyə dəstəyinin istiqamətləri və həcmi çox güman ki, müzakirə olunacaq. Həmçinin Ukraynanın Alyansa üzvlük perspektivi nəzərdən keçiriləcək. Çünki Kiyevin Şimali Atlantika Blokuna üzvlük məsələsi onun müharibədə qələbə qazanmasından bilavasitə asılıdır.

Odur ki, bu qələbəni təmin etmək üçün NATO Ukraynaya hücum silahları tədarük etməlidir. Çünki indiyədək tədarük edilən silah-sursat əsasən müdafiə təyinatlı idi. Kiyevin tam hərbi üstünlüyü üçün ilk növbədə hava hücumlarından müdafiə sistemlərini gücləndirmək və hava üstünlüyünə nail olmaqdır. İndiyədək bu tipli silahların və hərbi vasitələrin, xüsusən də, döyüş təyyarələrinin "F-16"ların, uzaq məsafəli raket komplekslərinin tədarükündə tərəddüdlər var idi. Bunlar olmasa, Kiyevin Rusiya üzərində qələbəsi real görünmür. Rusiya özü də son dövrlər daha aqressiv taktikaya əl atmaqdadır. Ukraynanın infrastrukturu, mülki təyinatlı obyektləri hədəfə götürülüb. Halbuki 4-cü Cenevrə Konvensiyasına və ona edilmiş 1-ci Əlavə Protokola görə mülki obyektlərə zərbə vurmaq qadağandır. Həmin konvensiyanın 48 və 51-ci maddələri konkret olaraq bu əməli hərbi cinayət hesab edir.

NATO-Ukrayna Şurasında Ukraynaya göstəriləcək dəstək və yardım, eləcə də NATO-ya üzvlüyə qəbul məsələsində ortaya çıxan problemlərin həlli ilə Rusiyaya qarşı görüləcək tədbirləri əhatələnəcək. Putinin Ukraynanın əks-hücumunun uğursuz olması barədə iddiaları özünə təsəlli vermək, Rusiya ictimaiyyətini sakitləşdirməyə cəhddən başqa bir şey deyil. Rusiya demək olar ki, artıq bütün sahələrdə tükənmək üzrədir. Odur ki, daha da amansızlaşıb, beynəlxalq humanitar hüququn bütün normalarını pozmaqda və şiddəti artırmaqda davam edir. Amma bu da uzun çəkməyəcək".

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Rusiya-Ukrayna savaşında döyüş meydanı barədə nələrisə deməyin çətin olduğunu bildirdi: “Putinin dedikləri təəccüblü deyil, Rusiya prezidenti məhz belə də iddia etməlidir. Lakin həqiqətən də Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı ziddiyyətli informasiyalar, müxtəlif fikirlər var. Döyüş meydanında nələrin baş verdiyini dəqiq demək mümkün deyil, çünki tərəflər informasiya axınını idarə edir. Amma Qərb mediasında peyda olan müxtəlif məlumatlar və fikirlər əks-hücum əməliyyatının istənilən səviyyədə getmədiyinə dair qənaət formalaşdırır.

Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Ukrayna ordusu hücum başlayandan bəri təxminən 250 kvadratkilometr ərazini azad etdiyini açıqlamışdı, yəni bu o qədər də böyük rəqəm deyil. Əks-hücum əməliyyatında hələ ki böyük nəticə əldə edilməməsinin müxtəlif səbəbləri var. Misal üçün, Rusiya müdafiə xətlərini gücləndirib və ərazini minalayıb. Ukrayna ordusunun minalanmış ərazidən keçərək, irəliləməsi çətindir və vaxt tələb edir. Digər tərəfdən, Ukraynanın hava hücumu imkanlarının zəif olması çətinlik yaradır. Bununla yanaşı, Ukrayna minimum itki prinsipi ilə hərəkət edir, bu da nəticə əldə etmək üçün daha çox zaman tələb edir.

Əməliyyatın uğursuz ola biləcəyinə dair proqnozlar əvvəldən də var idi. Buna səbəb kimi əməliyyat planı ilə bağlı Qərb və Ukrayna arasında fikir ayrılıqlarının olduğu iddia edilirdi. Lakin qeyd etdiyim kimi, informasiya qıtlığı döyüş meydanındakı mənzərəni anlamağı çətinləşdirir. Hərçənd əməliyyatın əsas hissəsinin qarşıda olduğu versiyası daha çox inandırıcıdır, hazırda baş verənlər kəşfiyyat xarakteri də daşıya bilər. Ukrayna rəsmilərinin açıqlamalarına nəzər yetirdikdə belə fikir yaranır ki, onlar lazım olan silahlarla tam təchiz edilmədən yekun hücuma keçmək istəmirlər, çünki bu, həm istənilən effekti verməyəcək, həm də böyük itkilərə səbəb olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR