Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə qarşı həyata keçirdiyi növbəti gecə hücumu nəticəsində şəhərdə ciddi dağıntılar qeydə alınıb və 10 dinc sakin xəsarət alıb.
Musavat.com xəbər verir ki, Kiyev meri Vitali Kliçko yaralılar arasında 11 yaşlı bir azyaşlı oğlanın da olduğunu bildirib. Paytaxtın Solomenski, Darnitski və Dneprovski rayonlarında dağıntı və yanğınlar qeydə alınıb; Solomenskidə üçmərtəbəli ofis-anbar binası yanıb, güclü partlayış dalğası isə dəmir yolu lokomotivinə ciddi ziyan vurub. Darnitskidə işıqforların elektrik lövhəsi alışıb, ətraf binaların şüşələri sınıb, Dneprovski rayonunda isə anbar sahəsi alova bürünüb. Bu, təkcə son bir həftə ərzində Kiyevə edilən sayca üçüncü irimiqyaslı hücumdur.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı rəsmi hesabata görə, Rusiya bu gecə zərbələrində görünməmiş arsenal – 6 ədəd ballistik raket, 4 ədəd X-59/69 idarəolunan aviasiya raketi, 2 ədəd X-31 radiolokasiya əleyhinə raket və müxtəlif tipli 121 ədəd zərbə pilotsuz aparatı (PUA) tətbiq edib. Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri 2 ədəd X-59/69 raketini və 111 ədəd dronu zərərsizləşdirməyə nail olsa da, düşmənin raket zərbələri müdafiə xəttini yarmağı bacarıb.
Rəsmi olaraq 6 ballistik raketin, 2 ədəd X-59/69 raketinin və 7 ədəd PUA-nın ümumilikdə 11 fərqli lokasiyaya birbaşa düşdüyü (hədəfi vurduğu) təsdiqlənib. Digər 2 ədəd X-31 raketinin aqibəti isə hazırda dəqiqləşdirilir.
Musavat.com






