Avtomobil almaq istəyənlərin ən çox verdiyi suallardan biri budur: məhdud büdcə ilə həm etibarlı, həm də keyfiyyətli maşın almaq mümkündürmü?
İnternet axtarışında 10-15 min manat aralığında da uzun illər problemsiz istifadə edilə biləcək avtomobillər tapmağın mümkün olduğu göstərilir. Misal üçün, ən etibarlı modellər sırasında ilk növbədə “Toyota” markasının avtomobilləri qeyd edilir. Xüsusilə “Toyota Corolla” və “Toyota Prius” modelləri aşağı yanacaq sərfiyyatı, davamlı mühərriki və əlçatan ehtiyat hissələri ilə seçilir. Bu avtomobillər həm şəhərdaxili istifadə, həm də sonradan rahat satılması baxımından üstün hesab olunur. Mütəxəssislər “Honda civic” modelini də büdcə dostu və keyfiyyətli avtomobillər sırasında qeyd edirlər. Avtomobilin mühərrikinin uzunömürlü olması və idarəetmə rahatlığı onun əsas üstünlükləri sayılır.
Son illərdə “Hyundai Elantra” və “Kia Cerato” modellərinə də maraq artıb. Bu avtomobillər münasib qiymətə daha müasir avadanlıq və komfort təklif edir. Ehtiyat hissələrinin bazarda geniş yayılması onların saxlanma xərclərini də aşağı salır.
Ekspertlərin fikrincə, ikinci əl avtomobil alarkən təkcə markaya deyil, avtomobilin texniki vəziyyətinə, qəza tarixçəsinə və yürüş göstəricilərinə diqqət yetirmək lazımdır. Çünki yaxşı vəziyyətdə olan 12 min manatlıq avtomobil, baxımsız qalmış daha bahalı maşından daha sərfəli seçim ola bilər.
Məhdud büdcə ilə “Toyota Corolla”, “Toyota Prius”, “Honda Civic”, “Hyundai Elantra” və “Kia Cerato” kimi modellər bu kateqoriyada ən çox tövsiyə olunan avtomobillər sırasındadır.
Ekspertlər bildirirlər ki, avtomobil seçərkən yalnız markaya deyil, onun texniki vəziyyətinə də diqqət yetirmək lazımdır. Məsələn, Azərbaycanda geniş yayılmış “Toyota Prius” modeli ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi sürücülər “Prius”un tez-tez qəzaya düşdüyünü və problemlər yaratdığını iddia etsələr də, mütəxəssislər bunun daha çox bazarda olan konkret avtomobillərin vəziyyəti ilə bağlı olduğunu deyirlər.
Belə ki, ölkədə istifadə olunan “Prius”ların əhəmiyyətli hissəsi uzun illər taksi fəaliyyəti ilə məşğul olub, yüksək yürüşə malikdir və bəziləri bir neçə yol-nəqliyyat hadisəsinə məruz qalıb. Bu səbəbdən ikinci əl bazarında satışa çıxarılan bəzi “Prius”lar alıcılarda mənfi təəssürat yaradır. Halbuki modelin özü dünya üzrə etibarlılığı, aşağı yanacaq sərfiyyatı və uzunömürlü hibrid sistemi ilə tanınır.
Mütəxəssislərin fikrincə, avtomobil alarkən əsas meyar markadan çox, avtomobilin texniki vəziyyəti, qulluq tarixçəsi və qəza keçmişi olmalıdır. Yaxşı vəziyyətdə saxlanılmış “Toyota Corolla” və ya “Honda Civic” kimi modellər baxımsız qalmış və qəzalı daha bahalı avtomobillərdən daha etibarlı seçim hesab edilir.
Musavat.com-a danışan təcrübəli avtomobil ustası Sahil Ağabəyli deyir ki, indiki dövrdə 10–15 min manata yalnız ilkin ödənişlə avtomobil almaq mümkündür: “İndi köhnə avtomobillərin vaxtı keçib. Büdcə ən azı 20 min manat olmalıdır ki, yeni çıxan Çin avtomobillərindən almaq mümkün olsun. Bununla yanaşı, benzin mühərrikli “Kia Rio” və “Hyundai Accent” kimi avtomobilləri də almaq olar. Lakin bu modellər ən azı 100 kilometrə 10 litrdən çox yanacaq sərf edir. Bu da həm sərfiyyat baxımından, həm də ekologiya üçün ziyanlıdır. Əsasən də 1.5 dizel mühərrikli avtomobillərdir”.
Afaq Mirayiq,
Musavat.com






