İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dünyasının ürəyinə dağ çəkən gün - “Faciələr insanı sarsıdır, amma...”

964 06.02.2026 17:45 Gündəm A A

2023-cü ilin bu günündə qardaş Türkiyə əsrin ən ağır fəlakətlərindən biri ilə üz-üzə qaldı. Bir gecənin içində baş verən güclü zəlzələlər on minlərlə insanın həyatına son qoydu, yüz minlərlə ailəni evsiz-eşiksiz qoydu, şəhərləri xarabalığa çevirdi. Bu faciə təkcə Türkiyənin deyil, bütün Türk dünyasının ürəyinə dağ çəkdi.

Səhərin ilk saatlarından etibarən ekranlara daşınan dağıntılar, çarəsiz baxışlar və kömək çağırışları hər kəsin qəlbində dərin ağrı yaratdı. Məhz həmin günlərdə “Bir millət, iki dövlət” ifadəsi sadəcə bir şüar deyil, acıda da, kədərdə də bölünməyən qardaşlığın canlı təcəssümünə çevrildi. Azərbaycan Türkiyəyə ilk yardım əlini uzadan ölkə oldu. Zəlzələnin fəsadlarının nəinki aradan qaldırılmasında iştirak etdik, eyni zamanda Kahramanmaraşda “Azərbaycan məhəlləsi” tikdik.

GUNAYY.jpg (115 KB)

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a açıqlamasında 6 fevralın Türk dünyasının yaddaşında sağalmayan yara açdığını söyləyib:

“3 il öncə Kahramanmaraş mərkəzli zəlzələlər milyonlarla insanın taleyini, ailələrin həyatını, bütöv bir coğrafiyanın ruhunu sarsıtdı. Fəlakət bütün Türk dünyasının ağrısı-acısı oldu. Biz bir millət, iki dövlət, bir ürəyin iki döyüntüsüyük. Zəlzələnin ilk saatlarından etibarən Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında oldu.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdən xilasedici qruplar, həkimlər, könüllülər, humanitar yardımlar göndərildi. 

Faciə bizə bir daha göstərdi ki, təbiət qarşısında insan nə qədər acizdirsə, birlik qarşısında bir o qədər güclüdür. Türkiyə bu ağır sınaqdan məhz həmrəyliyi, dövlət iradəsi və xalqının möhkəm ruhu sayəsində çıxdı. Bu gün dağılan şəhərlərin yerində yenidən həyat qurulur, ümidlər bərpa olunur, yaralar sarınır.

f98fcff4-e768-34a6-9d53-b1b488fcf89f_825.jpg (252 KB)

Qardaş ölkənin üzləşdiyi humanitar böhrana biganə qalmayan Azərbaycan öz dəstəyini fəlakətdən sonra da davam etdirdi. Prezident İlham Əliyevin göstərişi əsasında Kahramanmaraş şəhərində tikilən Azərbaycan məhəlləsi birliyimizin simvolu oldu.

Qardaş Türkiyənin dərdi dərdimiz, sevinci sevincimizdir. Türk dünyasının gücü məhz bu mənəvi bağlılıqdan, ortaq taledən və bir-birinə dayaq olma ruhundan doğur. Faciələr insanı sarsıdır, amma birlik millətləri ayaqda saxlayır.

6 fevral zəlzələlərində həyatını itirənlərin xatirəsini dərin hörmətlə anır, ailələrinə səbir diləyirik”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR