ABŞ və İran arasında iki həftəlik müvəqqəti atəşkəs elan olunsa da, dünyanın ən mühüm enerji marşrutu olan Hörmüz boğazı faktiki olaraq qapalı qalmaqda davam edir.
Musavat.com xəbər verir ki, NBC telekanalının yaydığı məlumata görə, boğazda hərəkətin bərpa olunmaması qlobal bazarlarda şok effekti yaradıb və neftin qiyməti yenidən 100 dollar həddini aşaraq tarixi rekorduna yaxınlaşıb. "MarineTraffic" və "Kpler" xidmətlərinin təqdim etdiyi dəhşətli statistika vəziyyətin ciddiliyini göstərir:
Münaqişədən əvvəl boğazdan gündəlik orta hesabla 100-dən çox gəmi keçdiyi halda, atəşkəs sazişindən sonrakı ilk sutka ərzində cəmi 5 balker (yük gəmisi) yolu keçməyə cəsarət edib.
Boğazın tam açılması Donald Trampın İranla razılaşmasının əsas şərti idi. Hazırkı vəziyyət isə bu şərtin kobud şəkildə pozulduğunu və sazişin yalnız kağız üzərində qaldığını göstərir.
İqtisadiyyatı tamamilə enerji ixracından asılı olan Fars körfəzi ölkələri tranzit marşrutunun blokadada qalmasından ciddi narahatdırlar. Onlar ABŞ-dan İrana qarşı daha sərt təzyiqlər tələb edirlər.
Ekspertlər hesab edirlər ki, Tehran boğazı tam açmamaqla İslamabad danışıqları (aprelin 10-da keçiriləcək görüş) ərəfəsində Vaşinqtonu şantaj edir və neftin qiymətini yüksək saxlamaqla Qərb iqtisadiyyatına zərbə vurmağa çalışır.
Hazırda sığorta şirkətləri gəmilərin boğazdan keçməsi üçün fantastik qiymətlər tələb edir, bu isə beynəlxalq ticarəti iflic vəziyyətinə salıb. Əgər yaxın 24 saat ərzində gəmilərin təhlükəsiz keçidi təmin olunmasa, Tramp administrasiyasının atəşkəsi ləğv edərək hərbi əməliyyatları bərpa edəcəyi gözlənilir.
Musavat.com






