Ən azı Seyid Əzimin dövründən bəridir, bu ölkədə hansısa bir məclisə, tədbirə dəvət edilməmək üstündə dava düşür.
Bilənlər bilir, o vaxtlar şairi hansısa toya çağırmayıblar, o da ertsəi gün məclis yiyəsinin qabağını kəsib, niyəsini soruşub. Şairə qarşı qanacaqsızlıq etmiş adam and içib ki, bəs onu çağırmaq yadından çıxıb. Şirvanlı şair bu söhbətə bədahətən bir həcv həsr edib, 1,5 misrası belədir: “Eşşək küçədən kəblə Nadir düşdü yadıva, Mən şah küçədən düşmədim, ....?” (Nöqtələrin yerində arqo-xitab var).
Bəli, bu ölkədə toy-nişana, prezentasiyaya, ad gününə, yubiley tədbirinə, nə bilim, cürbəcür məclislərə dəvət edilmək həm prestij məsələsidir, həm də nifaq səbəbi. Dəvət edilməyənlər mütləq inciyir. Hətta toy dəvətnaməsini görcək, məclis yiyəsini söyən, “bu da iki gündən bir öz yanından mərəkə düzəldir, hamını yığır, qələt eləyir, getməyəcəm” deyən adamlar belə məclisə dəvət edilməyəndə inciyirlər. Belələri inciməklə qalmır, büsat sahibi ilə rastlaşanda onu utandırır, deyir, xeyir ola, balacanı kəsdirmisən, toy eləmisən, məni çağırmamısan, Feysbukda şəkil paylaşmışdılar, hamı ordadır, bir mən yoxam.
Adam gerçəkdən utanır, özünə və ona söz verir ki, ta keçib, ortancıl qızı köçürəndə mütləq onu dəvət edəcək. Gün gəlir, ortancıl qız köçəsi olanda adama dəvətnamə gəlir və o, hirslənir, “qələt eləyir” deyir və toya getmir.
Əl-əlbət, belə adamlar hər kəsin qohumluğunda, dostluğunda var: toya dəvət edildiklərində acıqlanırlar, dəvət edilmədiklərində inciyirlər.
Bir də var, dövlət başçısının iştirak etdiyi məclisə, tədbirə dəvət edilməmək. Pah! Bu, faciədir, fəlakətdir, depressiya səbəbidir, intihara çağırışdır, gözdən çıxarılmışlıq əlamətidir və sair və ilaxırdır.
Bunu bağrına daş basaraq həzm edənlər də olur, amma narazılığını açıq şəkildə bildirənlər, dəvətlilərin siyahısını hazırlayan “məkrli adamları” birbaşa və eyhamla qınayanlar, inciyib-küsənlər, xidmətlərini sadalayanlar da.
Son illər gözəl məmləkətimizdə belə hallar çox olur. Hamı dəvət istəyir. 150 nəfərlik tədbirə 1500 iddiaçı olur və təbii ki, hamıya yer çatmır. Bunun nəqliyyatı var, yerləşdirməsi var, yemək-içmək ikramı var. Şuşa da dağ başında kiçik bir yerdir, sırf təbii səbəblərdən 250 iri tutumlu avtobusu özündə yerləşdirə bilmir. Otellər də azdır, heç kəs də nəinki qara çadırda, heç ağ və qırmızı çadırlarda da gecələmək istəməz.
O üzdən seçim etmək lazım gəlir, onda da çox adam seçilməmişlərin siyahısında qalır və vay-nöfsə başlanır.
Keçən il “Medianın 150 illiyi” medalını təxminən 3 min adama verdilər, amma yenə də “bəs mənə niyə medal verilmədi” deyən yüzlərlə adam vardı. Versələr, bizim məhəllədəki bərbər də o medalı götürəcəkdi, çünki illərdir jurnalistlərin saçını kəsir, hamı demişkən, xalq yolunda can qoyur.
Hazırkı ajiotajın əsas səbəbini dedik. Bəli, əsas məsələ təkcə məclisə dəvət deyil, söhbət dövlət başçısına yaxın olmaq, onunla şəkil çəkdirmək, imkan olsa, bir-iki kəlmə “salam-sağ ol” etmək imkanının qaçırılması məsələsidir. Belə bir imkan olanda adamlar xarici səfələrini də ləğv edirlər, daxili “solagetmə”lərini də.
İmtahan üçün, sabah ölkə rəhbəri elan etsin ki, 200 nəfərlik inşaat dəstəsi yaradıram, 1 ay Kərkicahanda təmir-tikinti işləri aparacağıq, görün, o 200 yerə ən azı 20 min adam namizəd olur, ya olmur.
Biri deyəcək, mən gəncliyimdə malakeş olmuşam (insafən, belələri çoxdur), başqa biri deyəcək, əsgərlikdə hörgü işinə baxmışam. O biri öz evinin kafel-metlaxını özü qoyduğunu bildirəcək. Nə xarratlar, divar kağızı yapışdıranlar, qaynaqçılar, santexniklər çıxacaq ortaya. Yaşı və səhhəti ilə əlaqədar fiziki iş görə bilməyən adamlar da o inşaat dəstəsinə düşmək istəyəcəklər, deyəcəklər, daş daşımaq halları yoxdur, amma manqa başçısı ola bilərlər.
Ən ümdəsi, dəstə düzəlib Qarabağa gedəndən sonra N qədər adam inciyəcək. Orda-burda gileylənənlər olacaq ki, filankəsin orda nə işi var, o, çayçıdır (bərbərdir, təkər yamayandır və s.).
Hamını razı salmaq üçün belə tədbirlər, dəvətlər çox, günaşırı olmalıdır. Özü də rotasiya qatdasında – hər dəfə yeni adamları dəvət etməklə. Bəlkə onda giley-güzar edənlərin sayında nisbi azalma ola. Tərs kimi, ona da dövlətin büdcəsi tablaşmaz.
**
Dünya köhnə dünyadır, dəvət olunmamağa görə inciyənləri təzədir.






