Moldova muxtar türk bölgəsini özünə tabe etdirmək üçün hərəkətə keçib və səlahiyyətlərini əlindən alıb
Moldova Konstitusiya Məhkəməsinin Qaqauziyanın xüsusi statusu haqqında qanunun bir sıra müddəalarını konstitusiyaya zidd hesab etməsi ölkədə yeni siyasi gərginlik yaradıb. Qərar yalnız hüquqi dəyişiklik kimi deyil, həm də Kişineunun muxtariyyət üzərində nəzarəti gücləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir. Məsələn, Qaqauziya indiyədək Mərkəzi Seçki Komissiyasını özü formalaşdırırdı, Moldova Konstitusiya Məhkəməsi indi bunu konstitusiyaya zidd elan edib. İndiyədək muxtariyyət öz seçki komissiyasını müstəqil şəkildə formalaşdırırdı və bu qurum Xalq Məclisinə, eləcə də başqan seçkilərini təşkil edirdi. Qərardan sonra isə Qaqauziyanın MSK-sı ümummilli Seçki Məcəlləsinə uyğun olaraq, faktiki şəkildə mərkəzi hakimiyyətin nəzarəti altında formalaşdırılacaq. Bununla yanaşı, muxtariyyət polis idarəsinin, təhlükəsizlik xidmətinin və ədliyyə idarəsinin rəhbərlərini təyin və vəzifədən azad etmək səlahiyyətini də itirib.
Qaqauz rəhbərliyi isə xəbərdarlıq edir ki, bu proses davam edərsə, 1990-cı illərdə çətinliklə əldə olunmuş siyasi kompromis pozula bilər. 1990-cı illərin əvvəlində həm Dnestryanı bölgə, həm də Qaqauziya Moldovadan ayrıldıqlarını elan etmişdilər. Qaqauziyada həmin dövrdə tanınmamış respublika yaradılmış, öz prezidenti, parlamenti və silahlı dəstələri fəaliyyət göstərmişdi. Vəziyyət silahlı qarşıdurma həddinə qədər çatmışdı. Həmin dövrdə Türkiyə prezidenti Süleyman Dəmirəl Moldovaya xüsusi diqqət ayırırdı. O, 1994-cü ildə Kişineuya və Komrata səfər edərək Moldova rəhbərliyi, eləcə də Qaqauziya təmsilçiləri ilə görüşlər keçirmişdi. Dəmirəl çıxışlarında Moldovanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir, eyni zamanda qaqauz xalqının hüquqlarının beynəlxalq normalara uyğun şəkildə təmin edilməsinin vacibliyini vurğulayırdı.
Türkiyə həmin illərdə Moldovaya güzəştli kredit və iqtisadi yardım ayırdı. Ankara bu dəstəyi ölkədə sabitliyin qorunması, Qaqauziyanın hüquqi statusunun təmin edilməsi və bölgədə sülhün möhkəmləndirilməsi ilə əlaqələndirirdi. Sonrakı illərdə Türkiyənin maliyyə dəstəyi ilə Qaqauziyada məktəblər, xəstəxanalar, sosial obyektlər tikildi, içməli su və infrastruktur layihələri həyata keçirildi. Aprel ayında Moldova prezidenti Maya Sandu Antalyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qaqauz muxtariyyətinin problemlərini müzakirə edib. Bildirilir ki, Sandu Ərdoğanla görüşündə Türkiyədə qardaş hesab edilən qaqauzlar üçün tikilmiş kollecə onun adını verəcəyinə söz veribmiş. Türkdilli qaqauzlar bu təhsil ocağını öz gəncləri üçün yeni imkanlar qapısı kimi görürdü. Lakin gözləntilər özünü doğrultmadı.
Kişineunun qərarı ilə burada tədrisin yalnız rumın dilində aparılacağı açıqlandı. Bu addım Qaqauziyanın xüsusi hüquqi statusunu pozur. Qanuna görə, regionda üç rəsmi dil - qaqauz, rus və moldov (rumın) dilləri tanınır və təhsil də bu dillərdə təşkil olunmalıdır. Onu da deyək ki, Bakı həm Kişineu, həm də Komrat ilə yaxşı münasibətlər saxlayan azsaylı ölkələrdən biridir. Azərbaycan tərəflər arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulaya, muxtariyyət haqqında qanunun ruhunun qorunmasını dəstəkləyə bilər.
Bəs Türk Dövlətləri Təşkilatı da prosesə qoşula bilərmi?
Onu da deyək ki, muxtariyyətin rəhbəri Yevgeniya Qutsul həbs olunub. Onun Rusiyaya səfərləri, Putinlə görüşlərindən sonra Moldova aeroportunda saxlayıblar. Qaqauziya rəhbəri Ərdoğan və Putinə müraciət etmişdi. Qutsul namizədliyini irəli sürdüyü gündən “Rusiyanın adamı” hesab edilib və onun seçki kampaniyasında bir sıra rus siyasətçiləri, eləcə də Rusiya mədəniyyət xadimləri fəal iştirak ediblər.
Diqqətçəkən maraqlı detal odur ki, Qaqauziya rəhbərinin ev dustaqlığına buraxıldığı gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihovu qəbul etmişdi. Qaqauziyada Heydər Əliyev Fondu tərəfindən Çadır-Lunqa bələdiyyəsində mədəniyyət və təhsil mərkəzi inşa edilib. Onu da nəzərə alaq ki, Azərbaycan Moldova ilə GUAM-da bir yerdədir.
İndiki mərhələdə isə Moldova Rusiyadan qopmağa, yaxud suverenlik məsələsini tamamilə həll etməyə çalışır. Görünür ki, muxtar bölgə haqda verilən son qərarlar da buna hesablanıb. Moldovanın bundan da daha ciddi digər problemi isə Dnestryanı ərazidir. Və bu məsələdə də yenə Rusiya ilə toqquşur...
Siyasi ekspert Ramiyə Məmmədova Azərbaycan və Türkiyənin muxtar türk bölgəsinə kömək etməyə hər an hazır olduqlarını düşünür. Lakin məsələnin siyasi xarakter daşıdığını qeyd edir. Onun fikrincə, qaqauzların hüquqlarının qorunması vacibdir, amma Rusiya bölgəyə ciddi şəkildə nüfuz edib: “Moldova dövlətinin qərarları muxtariyyətin səlahiyyətlərini əlindən almaq deməkdir. Əlbəttə, bu ilk növbədə Avropa konvensiyalarına ziddir. Çünki muxtar bölgənin hüquqları, öz konstitusion haqları barədə konkret müddəalar, tələblər var. Moldova hökumətinin son addımları qaqauzların rəyini öyrənmədən atılan administrativ davranışlardır. Burada təzyiq elementləri göz qabağındadır. Sadəcə, nəzərə almalıyıq ki, söhbət Rusiyanın Qaqauz muxtariyyətinə təsir etməsindən gedir. Qutsulun Moskva ilə əlaqələri göstərir ki, bölgə Kremldən asılı vəziyyətə düşür. Moldova isə son referendumda Avrointeqrasiya qərarı qəbul etdi. Ona görə muxtar bölgəyə də girməyə çalışırlar”.
Təhlilçi qaqauzların ayağa qalxmasını istisna etmir: “Rusiya da vəziyyətdən istifadə etməyə çalışacaq və Moldovaya qarşı etirazları dəstəkləyəcək. Azərbaycan və Türkiyə isə burada diplomatik yollarla həll variantı tapa bilər. Bizim Moldova ilə inkişaf etməkdə olan əlaqələrimiz var. Türkiyəyə gəldikdə, Ankara hər il qaqauz tələbələr üçün təqaüdlər ayıraraq onları bu ölkədə ali təhsil almağa dəvət edir. Bu tələbələr həm Türkiyə cəmiyyətinə inteqrasiya olunur, həm də geri qayıtdıqdan sonra Ankara ilə əlaqəli intellektual təbəqə formalaşdırır. Bu, gələcəkdə Türkiyənin Qaqauziyada daha dərin təsir imkanları əldə etməsinə şərait yaradır. Bu mənada muxtar bölgənin Rusiya təsirindən çıxması Türkiyənin də maraqlarına uyğun ola bilər. Doğrudur, Moskva bölgəyə tamamilə nüfuz edə bilməyib, lakin təsir gücü kifayət qədər qalır. Rusiya burada dini yaxınlıq, siyasi dəstək və iqtisadi əlaqələr vasitəsilə təsirini qorumağa çalışır. Lakin qaqauzların paralel olaraq Türkiyəyə müraciət etməsi regionda çoxqütblü təsir modelinin formalaşdığına işarədir. Düzdür, Türkiyənin Qaqauziyada aktivləşməsi Moldova və onun Qərb tərəfdaşlarında narahatlıq yarada bilər. Qərbə yaxınlığı ilə seçilən Moldova hökuməti ölkədə xarici təsirlərin balanssız şəkildə artmasından çəkinir. Amma Türkiyə NATO üzvü olduğuna görə onun rolu Rusiya qədər təhdidedici görünmür”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






