Moskvanın hikkəli və imperialist ritorikası ilə danışan qalmaqallı diplomatının həyat hekayəsi
Bəlkə də onu Zaxarova yox, Zəhərova da adlandırmaq olardı. Ən azından ona görə ki, son illərdə Rusiyanın istər Qərb dövlətlərinə, istər MDB ölkələrinə zəhərli, acılı sözlərini ənənəvi brifinqlərdə çatdıran Zaxarovadır. Əslində Rusiyanın xarici siyasət idarəsinin danışanı olan Mariya Zaxarova bütövlükdə ölkəsinin imperiya zehniyyətini dilinə gətirir. Onun simasında Moskvanın hikkəli, qəzəbli, aqressiv və ibarəli sözlərdən ibarət görkəmini görmək olar. Zaxarova Kreml, Kreml Zaxarovanın sözləri deməkdir - qonşularına yuxarıdan aşağı baxan, kinayə ilə danışan, təhdid və hədyan yağdıran, hərbə-zorba gələn bir rus imperialist təfəkkürü.

Atasının davamçısı, şairə-bəstəkar...
Son 5 ildə isə biz onu brifinqlərdə ən müxtəlif bəyanatları ilə izləyirik. Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri kimi tez-tez rəsmi Moskvanın mövqeyini ifadə edir. Xüsusən də Ukrayna böhranı ilə bağlı xanım diplomatın sərt, xəbərdarlıq xarakterli çıxışlarını müntəzəm şəkildə görmək mümkündür. O baxımdan, Zaxarovanı Rusiyanın “acı dili” adlandıra bilərik.
...Mariya Zaxarova 24 dekabr 1975-ci ildə professional diplomat ailəsində anadan olub. Atası Vladimir Yureviç Zaxarov ixtisasca Şərqşünasdır. O, Çin dili və ədəbiyyatı üzrə mütəxəssisdir. Vladimir Zaxarov uzun illər SSRİ-nin, daha sonra isə Rusiyanın Pekindəki səfirliyində işləyib.

2014-cü ilə qədər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) katibliyinin müşaviri vəzifəsində işləyib. Hazırda Ali iqtisadiyyat məktəbinin dünya iqtisadiyyatı və siyasəti üzrə fakültəsində baş müəllim işləyir. Mariya Zaxarovanın anası İrina Zaxarova isə Puşkin adına təsviri incəsənət üzrə Moskva muzeyində baş elmi işçi işləyir. O, təsviri incəsənət üzrə elmlər namizədidir. Mariyanın uşaqlıq illəri valideynlərinin işlədiyi Pekində keçib.
“Uşaq olanda, oyuncaqlarla oynamağı, oyuncaq evlər düzəltməyi sevirdim. Daha sonra hobbim dəyişdi və mən miniatür interyerlər düzəltməyə başladım”, - deyə Mariya uşaqlıq illərindən danışarkən bildirib.
Zaxarovanın dediyinə görə, valideynləri doğuşdan öncə onun oğlan olacağını düşünüblər: “Anadan olanda atam məni ciddi qəbul etməyib. Lakin məni sevirdi, böyütdü, amma gözləntiləri az idi. Mən bunu şüurlu şəkildə dərk etməmişəm, amma düşünürəm ki, bu, məndə iz buraxıb. Rusiya peşəkar dünyasında qadınlara tez-tez aşağı baxıldığını görəndə isə təəccüblənmədim”. Mariya ali təhsilə gəlincə, jurnalistikanı seçib, sonra beynəlxalq jurnalistika fakültəsindən məzun olub.
Zaxarova 1998-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Jurnalistika fakültəsini bitirib. 2003-2005-ci illərdə Rusiya XİN-in informasiya və möhür departamentində şöbə rəhbəri olub. 2005-2008-ci illərdə Nyu-Yorkda BMT yanında Rusiyanın daimi nümayəndəliyinin mətbuat katibi olub.
2008-2011-ci illərdə Rusiya XİN-in informasiya və möhür departamentində şöbə rəisi, 2011-2015-ci ilin avqust ayının 10-na qədər Rusiya XİN-in informasiya və möhür departamenti rəhbərinin müavini vəzifəsində çalışıb. Zaxarova 2015-ci ilin avqust ayının 10-dan Rusiya XİN-in rəsmi nümayəndəsi vəzifəsini yerinə yetirir. O, bu vəzifədə Aleksandr Lukaşeviçi əvəz edib. Zaxarova Rusiya XİN-də bu vəzifəni tutan ilk qadın olub. 51 yaşlı Zaxarova şeir yazmağı bacarır. O, Suriyada vurulan rus təyyarəsinin pilotu və hərbçisi barədə şeir yazmışdı.
Diplomat Zaxarova ingilis və çin dillərində sərbəst danışır. 2016-cı ildə o, “BBC”nin ən nüfuzlu 100 qadın siyahısına daxil edilib. Hətta vaxtaşırı mahnı sözləri yazır.

Ailə sirri, ehtiraslı və qalmaqallı diplomat
Mariyanın həyat yoldaşının adı Andreydir. Andrey Mixeovla 7 noyabr 2005-ci ildə Nyu-Yorkdakı Rusiya Baş Konsulluğunda evlənib. Lakin müsahibələrində ailəsi, xüsusilə də həyat yoldaşı Andrey barədə danışmır. 2010-cu ildə cütlüyün Marianna adlı qız övladı dünyaya gəlib. “Mən bir neçə dəfə onu özümlə XİN-ə aparmışam. Çünki onu yanında qoya biləcəyim adam yox idi”- deyə Zaxarova müsahibəsində bildirib.
Geyim tərzi barədə danışan Mariya stilistinin olmadığını bildirib: “Stilistim yoxdur, özüm geyinirəm, paltarlarımı da özüm alıram”. Xanım diplomat idman və rəqs etməyi xoşlayır. Onun “Kalinka” rus milli rəqsini oynayarkən yayılan görüntüləri maraqla qarşılanmışdı. Bununla yanaşı, mediada gedən xəbərlərə görə, Zaxarova dünyanın ən ehtiraslı xanım diplomatlarından hesab olunur.
Zaxarovanın açıqlamalarındakı bəzi hallarda müşahidə olunan aqressivliyi “AzadlıqRadiosu” sovet illərində diplomatların beynəlxalq aləmdə baş verənlərə münasibəti ilə müqayisə edib. Məsələn, 2015-ci ilin 30 dekabrında Zaxarova “Exo Moskvı” radiostansiyasında müzakirələrdə qalmaqal yaradıb. Radiodakı “Xüsusi rəy” proqramında polşalı jurnalist Vaşlav Radzinoviçin XİN tərəfindən akkreditasiyasının ləğvi müzakirə edilirmiş.
Qəfil studiyaya girən Zaxarova dəvətsiz-filansız müzakirələrə qoşulmağa, iradlara cavab verməyə çalışıb. 2016-cı ilin martında “Vedomsti” qəzetində müəllif Mixail Ovçarenko Zaxarovanın daha bir diplomatik qalmaqalı haqda yazıb. Bildirilir ki, Zaxarova ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonnerin “put up or shut up” (mənası budur ki, “ya dedikləri sözü yerinə yetirsinlər, ya da bu barədə danışmasınlar”) ifadəsini Rusiyaya qarşı böyük təhqir kimi qiymətləndirib və Dövlət Departamentindəki həmkarını “ağzını yummağa” çağırıb.

Zaxarova yəhudidir?
Onun milliyyəti haqda da internet resurslarında maraqlı iddia var. Məsələn, onun sinəsində görünən David ulduzlu boyunbağısı haqda danışanlar Zaxarovanın yəhudi olması barədə iddialar irəli sürüb. Sosial şəbəkədə izləyicilərindən biri onun sinəsində parlayan altıguşəli David ulduzuna diqqət çəkib və xristian bir qadının niyə yəhudi simvolu gəzdirməsi ilə maraqlanıb. Onun özü isə bu iddialara sosialı şəbəkədə aydınlıq gətirib. Zaxarova yazır: “20 il əvvəl bir günlük səfərlə İsraildə oldum. Bu bir neçə saatlıq səfər mənim həyatımı dəyişdi. Məndə əvvəldən də yalnız intuitiv və hansısa hislərdə olan dini baxışlar vardı. Amma orada bu alovlandı”.
XİN rəsmisinin sözlərinə görə, dayısı ona zərgərlik dükanından qızıldan hazırlanmış boyunbağı alıb. “Üzərində "Yerusəlim" (Qüds) yazılan o qızıl boyunbağı o vaxtdan məndədir" yazan Zaxarova pravoslav olduğunu və ya “buna çalışdığını” qeyd edib. “Bizim din nifrəti qadağan edir”, yazan Zaxarova xüsusi qeyd edir ki, bütün cür millətçiliyi rədd edir: “Mən David ulduzunda gül və ya qar dənəsi "görməyənlərin də zehniyyətinə qarşıyam". Onun sözlərinə görə, hələ ikinci sinifdə oxuyanda valideynləri yəhudilərin kim olması barədə ona danışıblar: “Onlar deyirdilər ki, yer üzərində çox millətlər var, amma yəhudi həkim olmasaydı, yəqin onlar da doğulmazdı”.
Müşahidələr göstərir ki, o, həmişə diplomatik protokola əməl etmir. Bəzən çılğın davranışları ilə diqqət çəkir, bəzən də replikalar ataraq zalda jurnalistlərin diqqətini əsas suallardan yayındırır. Bir sözlə, Zaxarova ən ciddi və problemli məsələlərdə belə auditoriyanın nəbzini tutmağı bacarır. Hətta o, bir dəfə tok-şouda ukraynalı şərhçiyə “İcazə verin danışım, yoxsa rus raketlərinin necə səsləndiyini eşidərsiniz!” deyib.

Mariyanın gizli otağı - orada nələr var?
Qəribədir ki, odlu-alovlu danışan diplomat Zaxarova uşaqlıqdan “kukla”ya maraq göstərdiyini və universiteti bitirdikdən sonra onu ala bildiyini deyib.

Diplomatın evində gizli bir otaq var. Bu otaqda Zaxarovanın çoxlu oyuncaqları - gəlincikləri var. O, səfər etdiyi hər ölkədən azı bir oyuncaq gətirir. “Kukla evim öz dünyamı yaratmaq imkanı verir. İçindəki hər şeyi yüz dəfə böyüdə bilsəydim, bu ev böyük bir malikanə olardı və mənim üçün gözəl hiss olardı. Ölkədaxili və xarici səfərlərim zamanı kukla evi üçün mebel alıram. İngiltərədən mini çəllək, Kanadadan kreslo, Yaponiyadan yemək qabları, Sankt-Peterburqdan miniatür kitablar almışam. Bir dəfə biri mənə "sən öz kiçik dünyanda reallıqdan qaçırsan" dedi. Amma bununla heç bir əlaqəsi yoxdur. Bura məni xoşbəxt edir",- Zaxarova evindəki kukla evi ilə bağlı deyib.

Ən sevimli markası isə “Christian Dior”dur: “Mən onlara sənət kimi baxıram. Tez-tez məşhur dizaynerlərdən hədiyyələr alıram. Amma nəzakətlə bu hədiyyələrdən imtina etmək problemlidir. Gələn hədiyyələri geri göndərməyə çox vaxt sərf edirəm. Mən dövlət məmuruyam, qanuna görə hədiyyə qəbul edə bilmərəm”.
Bir sözlə, diplomat Zaxarovanın “kukla” həvəsi olsa da, onun və ölkəsinin siyasəti heç də oyuncaq deyil...
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






