İranın “Shahed-136” kamikadze pilotsuz uçuş aparatının Küveytdə yerləşən neft anbarlarından birini vurduğu bildirilir. Sosial şəbəkələrdə və teleqram kanallarında yayılan videogörüntülərdə zərbədən sonra ərazidə güclü partlayış və alovun yüksəldiyi görünür.
Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, zərbə nəticəsində neft məhsullarının saxlanıldığı obyekt alovlanıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və fövqəladə xidmət qüvvələri cəlb olunub. Hazırda yanğının miqyası və dəymiş ziyanın həcmi barədə rəsmi açıqlama verilməyib.
Yayılan videolarda hadisə yerindən qalın qara tüstünün yüksəldiyi, alovun isə onlarla metr hündürlüyə çatdığı görünür. Kadrlar ətraf ərazilərdən çəkilib və hadisə yerində fövqəladə xidmət avtomobillərinin olduğu müşahidə edilir.
Son günlər İranın ABŞ və müttəfiqlərinin bölgədəki maraqlarına qarşı pilotsuz uçuş aparatları və raketlərlə zərbələri intensivləşdirdiyi bildirilir. Küveyt də bu gərginlikdən təsirlənən ölkələrdən biridir. Beynəlxalq media İranın son hücumlarının enerji infrastrukturu, neft emalı müəssisələri və logistika obyektlərini hədəf aldığını yazır.
Hələlik Küveyt rəsmiləri sözügedən videonun məhz bu hadisəyə aid olduğunu və zərbənin nəticələri ilə bağlı ətraflı məlumat açıqlamayıblar. Buna görə də sosial şəbəkələrdə yayılan görüntülərin rəsmi təsdiqi gözlənilir. Eyni zamanda, İran tərəfi də hadisə ilə bağlı rəsmi bəyanat verməyib.
Qeyd edək ki, Körfəz regionunda enerji obyektlərinə edilən hər yeni hücum dünya neft bazarında narahatlığı artırır. Analitiklər hesab edirlər ki, belə hadisələrin davam etməsi neft qiymətlərində yeni dalğalanmalara və Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin daha da yüksəlməsinə səbəb ola bilər.
Musavat.com






