İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Koronavirusla bağlı şok payız xəbərdarlığı - Azərbaycan da...

3143 09.08.2023 15:19 Siyasət A A

İnfeksionist: “Üzü payıza doğru virusa yoluxmaların artması gözləniləndir”

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu payızda COVID-19 yenidən qayıdır. Xüsusilə İngiltərədə koronavirus xəstəliyinə yoluxma hallarının artması narahatlıq doğurur. Tibb alimləri deyirlər ki, ölkədə infeksiyanın yaxın aylarda necə təzahür edəcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkirlər.  Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi də həyəcan təbili çalıb. London Universitetinin professoru Kristina Pagel deyib ki, yeni bir COVİD  dalğası var.

Pagel əlavə etdi ki, payız yaxınlaşdıqca və insanlar məktəbə və işə qayıtdıqca, yoluxanların sayı kəskin arta bilər. “Bəlkə sentyabr ayında dalğanın böyüməyə davam edəcəyini və daha sürətli olacağını görəcəyik”, - deyə o bildirib. Pagel payız və qış üçün bəzi qadağaların, eləcə də maska rejiminin qaytarılmasının zəruri olduğunu vurğulayıb. Mütəxəssislər payızın yaxınlaşması ilə əlaqədar Böyük Britaniyanın peyvənd proqramı ilə bağlı narahatlıqlarını da dilə gətiriblər. Alimlər hətta peyvəndlərin növbəti mərhələsini planlaşdırmaq və hansı yeni spesifik peyvəndin yaradılmasının vacibliyindən də danışırlar. Avqustun ilk həftəsi beynəlxalq statistikaya görə, 189 ölkə və ərazidə 20,9 milyon aktiv koronavirus xəstəsi var. İlk beşlikdə Polşa, Vyetnam, Braziliya, ABŞ və Cənubi Koreya yer alır. Qonşu Rusiyada 147298, İranda 94035, Gürcüstanda 51889, Qazaxıstanda 14963, Ermənistanda 5360 nəfər müalicə altındadır.

Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib. Son hesabata əsasən, ölkədə 832021 nəfər koronavirusa yoluxub, onların 10290-ı vəfat edib, 17-si aktiv xəstədir, qalanları sağalıb. Azərbaycanda quru sərhədlər hələ də bağlıdır və bu qərar koronavirus təhlükəsi ilə izah edilir. Nəzərə alınsa ki, artıq dərs ilinin başlamasına az müddət qalıb, bu virusun yenidən alovlanması nə dərəcədə təhlükəli ola bilər?

Yeri gəlmişkən, ÜST dünən daha bir təhlükəli virus barədə açıqlama verib. ÜST-ün Tropik Xəstəliklər Bölməsinin rəhbəri  Raman Velayudhan deyib ki, dünya əhalisinin təxminən yarısı “dang virusu” riski altındadır və bu virus təxminən 129 ölkəni əhatə edir. Velayudhan dünya əhalisinin yarısının ağcaqanad dişləmələri ilə ötürülən və qripə bənzər ağır simptomlara səbəb olan viral xəstəlik olan “danq qızdırması” riski altında olduğunu açıqlayıb. Daha yüksək orta temperatur, yağıntılar və daha uzun quraqlıq dövrləri ilə qeyd olunan iqlim dəyişikliyi bütün dünyada rekord sayda danq infeksiyasına səbəb ola bilər. Bəzi hallarda, xüsusən də ikinci dəfə infeksiyaya yoluxduğunuzda, bu, ciddi xəstəliyə səbəb ola və öldürə bilər. 2000-ci ildə yarım milyona yaxın, 2022-ci ildə 4,2 milyondan çox hadisə qeydə alınıb ki, bu da səkkiz qat artım deməkdir".

merdan eliyev.jpg (118 KB)

Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, koronavirus kəskin respirator viruslar qrupuna aiddir və kəskin tənəffüs yolları xəstəlikləri törədirlər: “Bunlar hava-damcı yolu ilə yoluxurlar. Bu qrup xəstəliklər payız-qış mövsümündə daha aqressiv olur. Daha sürətli yayılmağa meyilli olur. Daha doğrusu, yaz-yay aylarında bunlar bir az sönür, qış aylarında alovlanma müşahidə edilir. Bunun da səbəbi həm insanların evlərə çəkilməsi, havaların soyuması, günəşin aktivliyinin azalması, bir az immun sisteminin zəifləməsi, immun statusda müəyyən dəyişikliklərin edilməsi ilə əlaqəli xəstəliklərin artmasına səbəb olur. O cümlədən evdə olmaq, havanın daha quru  olması yoluxmanın artmasına səbəb olur. Bu hallara görə biz də gözləyirik ki, üzü payıza, qışa doğru virusa yoluxmaların artması, yeni alovlanmaların olması gözləniləndir.  Niyə gözləniləndir? Çünki Çin kimi böyük ölkədə, Tayvanda hələ də kollektiv immunitet formalaşmayıb, orada hələ güclü alovlanma ola bilər. Belə olanda da bizim tərəflərə də gəlmə ehtimalı, yeni ştamların meydana çıxma ehtimalı var. Amma hər ölkənin xəstəliyə reaksiya vermə kimi xüsusiyyəti var. Bizdə artıq kollektiv immunitet tam formalaşıb. Düşünmürəm ki, ötən qışdan daha ağır olar. Yoluxma təbii yolla artacaq. Amma o səviyyədə olmayacaq ki, burada müəyyən karantin qaydaları olsun. Maskaların da, peyvəndin də gündəmə gəlməsini gözləmirik. Amma maskanın istifadə olunmasında zərər yoxdur, müəyyən yerlərdə özüm bəzi məkanlarda istifadə edirəm. Tək koronavirusa qarşı yox, qripə, vərəmə qarşı da maska bizi müdafiə edir. O yerdə ki, yoluxma riski var,  istifadə edilə bilər. Bununla belə, maskanın yenidən məcburi olması gözlənilmir. Maska və peyvənd, sadəcə, tövsiyə şəklində edilə bilər”.

İnfeksionist əlavə edib ki, yaşlı əhali üçün risk hələ də qalır: “İmmun sistemi zəif, xroniki xəstəliyi olanlar, ağ ciyər xəstəliyi olanlar, ağ ciyər sirrozu olanlar mütləq payızda peyvənd olunmalıdır. Çünki onlar üçün böyük risk var”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR