İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon təlimatçısı erməni separatçı “general”la... – Paşinyanın “sülh göyərçini” obrazının sonu

699 02.08.2024 14:35 Siyasət A A

Ermənistan rəhbərliyinin sülh oyunbazlığı get-gedə daha təhlükəli xarakter alır. Axır vaxtlar bəzi xarici havadarları hesabına ölkəsini sürətlə silahlandıran, ABŞ və Fransa ilə ortaq təlimlər keçirən, hətta Pentaqon nümayəndəsinə Ermənistan Müdafiə Nazirliyində vəzifə verən Nikol Paşinyan hökuməti eyni zamanda, ölkədə tez-tez hərbi mükəlləfiyyəti olanların uzun müddətli toplanışlarını təşkil edir. Növbəti belə toplanış bu il sentyabrın 15-dən dekabrın 15-dək (3 aylıq) keçiriləcək.

Bu arada erməni mediası yazıb ki, Qarabağdakı keçmiş separatçı-quldurların qanunsuz silahlı birləşmələrinin “komandanı” Kamo Vardanyan təzəlikcə Ermənistan müdafiə nazirinin müşaviri təyin edilib. “General” Vardanyan məlumatı təsdiqləyib.

Kamo Vardanyan 2021-ci ildə separatçıların “komandanı” olub. 2023-cü ilin sentyabrında ordumuzun uğurlu antiterror əməliyyatı zamanı separatçıların lideri Samvel Şahramanyanla birgə Ermənistana qaçıb. Yəni hazırda Bakıda öz məhkəməsini gözləyən separatçı-quldurlardan onun fərqi yox. Sadəcə, bəxti gətirib, Azərbaycandan qaça bilib...

Bəs onu kim “komandan” təyin etmişdi? Əlbəttə ki, Ermənistan Müdafiə Nazirliyi. Yada salın, uzun illər boyunlarına almasalar da, nəhayət, sonuncu mifik “prezident” Samvel Şahramanyan aylar öncə etiraf etdi ki, heç bir “artsax özünü müdafiə ordusu”-filan olmayıb, Qarabağdakı erməni silahlı dəstələri bütünlüklə Ermənistanın tabeçiliyində olub, İrəvanın təlimat və əmrləri ilə hərəkət edib. Yəni işğalçı ordunun tərkib hissəsi kimi.

Bundan qiymətli etiraf? Sözsüz ki, fərariliyə görə Ermənistanda zabit və əsgərlərə qarşı qurulan məhkəmə prosesləri də işğalı rəsmən təsdiqləyən başqa tutarlı dəlil-sübutlardır. Baş nazir Nikol Paşinyanın 2020-ci ildə imzaladığı 10 noyabr üçtərəfli bəyanat isə “sənədlərin sənədi” sayıla bilər.

Azərbaycana təcavüz faktını rəsmən təsdiqləyən, o sırada Ermənistanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını konkret tarixlərədək boşaltmaq öhdəliyini əks etdirən həmin sənəddən İrəvan heç vaxt boyun qaçıra, imtina edə bilməz.

Azərbaycan Ordusu artıq işğalçının layiqli cəzasını verib. Amma bu cəzadan Ermənistan lazimi dərs, ibrət götürdümü? Təəssüf ki, yox. Əks halda Qarabağdan zorla qaçıb canını qurtarmış cinayətkar birisi Ermənistan müdafiə nazirinin müşaviri postuna gətirilməzdi. Nə demək istəyir bununla Paşinyan?..

Sonra. Vardanyanın müşavir təyin olunduğu müdafiə nazirliyində iyulun 18-dən Pentaqon təlimatçısı (ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi) işə başlayıb. Təsadüfmü? Bəlkə onlar elə eyni otaqda oturur?

Rəsmi məlumata görə, ABŞ-ın dəstəyində məqsəd Ermənistana döyüşkən ordu qurulmasında kömək etməkdir. Kimə qarşı? Məlum məsələdir. Belə çıxır, dövlətimiz və xalqımıza qarşı cinayətlər törətmiş bu separatçı ünsür indi də Pentaqonun birbaşa təlimatlarını alacaq?

Beləcə, neçə ildir öz xalqını ədalətli sülhə hazırlamaq əvəzinə, faktiki müharibə yolu tutmuş Paşinyan hökuməti Bakı ilə kövrək etimad mühitinə ard-arda zərbələr vurmaqdadır. “Sülh göyərçini” obrazı tam dağılmış, maskalar tam yırtılmış hesab edilə bilər...

Üçüncü yandan, fərari Kamo Vardanyan müdafiə nazirinə hansı “dəyərli” tövsiyələrini verə bilər ki? Onun bacaracağı tək şey - iki qonşu xalq arasında sülhə sarsıdıcı zərbələr vurmaq olacaq. Buna şəkk-şübhə yoxdur.

Odur ki, aşağıdakı suallar bütün ciddiliyi ilə ortaya gəlir: Paşinyan gerçəkdənmi Azərbaycanın ərazi bütövlüyün tanıyır, müharibədə yox, sülhdə, barışıqda maraqlıdır? Həqiqətənmi o, kommunikasiyaların açılmasına, ölkəsinin blokadadan çıxmasına çalışır? Əgər daimi sülhdə və dinc qonşuluqda maraqlıdırsa, quldur-separatçının MN-ə gətirilməsinin, konstitusiyaya müvafiq düzəlişlər etməyə tələsməməsinin adı və anlamı nə?..

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR