İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin aeroportda onu niyə iki dəfə qucaqladı?

1472 02.08.2024 15:16 Siyasət A A

Rus əsgərlərinin üzərindən maşınla keçən Zelimxan Xanqoşvilini Almaniyada öldürən Krasikova dövlət mükafatı da veriləcək - “СВОИХ НЕ БРОСАЕМ”

Avqustun 1-də Rusiya ilə ABŞ və daha bir neçə Avropa dövlətində cəza çəkən məhbusların dəyişdirilməsinin dərhal dünyanın əsas xəbər başlığına çevrilməsinin əsas səbəbi bəllidir. Rusiya və Qərb arasında müharibə ritorikasının sürdüyü indiki zamanda belə bir həssas razılaşmanın əldə edilməsi həm də münasibətlərdə yumşalmanın əlaməti hesab olunur.

Bu danışıqlar aylardır məxfi aparılsa da, Aleksey Navalnın bu ilin fevralında həbsdə qəfil ölməsi zamanı proses barədə ilk informasiya sızması oldu. Məlum oldu ki, Navalnın həbsdən buraxılması üçün razılaşma varmış. Ölməsəydi, dünənki məhbus dəyişdirilməsində o da mütləq olacaqdı. Navalnı Putinin əfv etdiyi və Qərb ölkələrinə təhvil verilən “xarici agentlər”in arasında Rusiya hakimiyyətinə problem yarada biləcək ən ciddi fiqur hesab oluna bilərdi. Razılaşmanın uzanmasına bir səbəb də şübhəsiz ki, Navalnın ölümü səbəb oldu. Amma nəhayət ki, Türkiyə Milli İstihbarat Təşkilatının da birbaşa iştirak etdiyi razılaşma avqustun 1-də gerçəkləşdi.

918704_fayl_760x0_4192.2802.0.0.jpg (281 KB)

Rusiya tərəfinin azadlığa buraxdığı “xarici agent”lərin (Vladimir Kara-Murza, İlya Yaşin, Oleq Orlov, Aleksandra Skoçilenko, Kevin Lik, Alsu Kurmaşeva, Vadim Оstanin, Qerman Moyjes və Andrey Pivovarov) sırasında ikili vətəndaşlığı olanlar da, hətta Nobel mükafatçısı(Oleq Orlov) da var. Bu adamlar ordu barədə yalan informasiya yaydıqlarına görə uzun müddətli həbsə məhkum edilmişdilər, amma şübhəsiz ki, əsl səbəb Qərb dairələri ilə mübhəm əlaqələri idi. Təsadüfi deyil ki, onların məhkəməsində Avropa Birliyinin və ABŞ-ın səfirləri iştirak edirdilər. Qərb “öz adamlarını” Rusiyanın əlindən aldı. İndən sonra onların fəaliyyətini də koordinasiya etməkdə davam edəcəklər, nəticə nə olacaq, bunu yəqin ki, Rusiya tərəfi hesablayıb. Təhvil verilənlər sırasında casusluqda təqsirli bilinən amerikalılar Evan Gerşkoviç və Pol Uilan da var.

Bu razılaşma nəticəsində azadlığa çıxanlar arasında diqqəti ən çox cəlb edən bir ad var. Onun haqqında Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə qısa danışmışdı. Rusiya prezidenti məhbus mübadiləsinin vacibliyini etiraf edərək adını çəkmədən “bu adam vətənpərvərlik motivləri ilə Avropa paytaxtlarından birində qulduru məhv edib” demişdi. Sonra Takerə rusiyalının öldürdüyü adamın kimliyi haqda da qısa danışmışdı. Demişdi ki, həmin terrorçu rusiyalı əsgərləri yerə uzadıb maşınla üzərlərindən keçərək işgəncə ilə öldürürmüş. Söhbət 2019-cu ilin avqustun 23-də Almaniyada öldürülən Zelimxan Xanqoşvilidən gedirdi.

9819d94c191cac869c22967d894beff4ria-8737734.mr.1200.jpg (1.33 MB)

Rusiya Zelimxanı hələ 2002-ci ildə terrorçuluq maddəsi ilə axtarışa vermişdi, onun xüsusilə Çeçenistan müharibəsində əsir rus əsgərlərinə qəddarlığı haqda çoxsaylı məlumatlar vardı. 2016-cı ildə o, əvvəlcə Ukraynadan, sonra isə Almaniyadan sığınacaq istədi. Almaniya Rusiya tərəfinin iddialarına baxmayaraq, ona siyasi sığınacaq verməyə razılaşdı. Halbuki heç döyüşməyən, sadəcə olaraq islamçı düşərgələrdə təlim keçən Almaniya vətəndaşları ölkəyə qayıdarkən birbaşa hava limanlarında həbs olunurlar.

Gürcüstan vətəndaşı olan çeçen kökənli Zelimxan Xanqoşvili 2019-cu ilin 23 avqustunda kafedən çıxarkən gülləndi. Ona 3 atəş açılmışdı, ikisi başından, biri çiynindən dəymişdi. Bundan sonra qatil velosipedinə minib, Şpre çayına tərəf getmiş, səsboğucusu olan tapançanı və başından çıxardığı pariki çantaya qoyub suya atmışdı. Onu iki yeniyetmə görmüş və dərhal polisə xəbər vermişdi. Bir neçə dəqiqə ərzində şəhərin mərkəzində turist izdihamı arasında polis tərəfindən saxlanılmışdı.

Almaniyanın siyasi sığınacaq verdiyi şəxsin ölkədə qətlə yetirilməsi geniş əks-səda doğurdu. Məlum oldu ki, qatil Sankt-Peterburqdan çıxıb, Fransadan keçməklə Almaniyaya gələn Vadim Andreyeviç Sokolovdur. Tezliklə bəlli oldu ki, adına yeni verilmiş saxta pasportla Almaniyada qətl törədən Vadim Krasikovdur.

“The Insider”, “Bellingcat” və “Der Spiegel”in birgə araşdırması nəticəsində bəlli oldu ki, belə bir şəxs Rusiyada heç bir məlumat bazasında yoxdur. Alman rəsmiləri də iddia edirdilər ki, Sokolovun saxta adla xarici pasport ala bilməsi onun dövlətlə birbaşa əlaqəsindən xəbər verir. Çünki sənədi saxtalaşdırsa belə, Rusiya sərhədindən keçib Avropaya gələ bilməzdi. O halda o, ya xüsusi sifarişlə (FSB əməkdaşlarının müşayiəti ilə) sərhədi keçib, ya da həmin vaxt ümumi sistemdə adı olub və sonradan oradan çıxarılıb ki, hər ikisi Rusiya xüsusi xidmət orqanlarının rəsmi iştirakı olmadan mümkün deyil.

scale_1200-2.jpg (87 KB)

O, qətli törətdiyini inkar etməsə də, sənədin saxta olmasını israrla inkar edirdi. Onun Vadim Krasikov olduğu sübuta yetirilsə də, qətli sifarişçisi məlum olmadı. 2020-ci ildə Berlin Ali Məhkəməsi Xanqoşvilinin qətli ilə bağlı rusiyalıya ömürlük həbs cəzası verdi.

Məlumatlara görə, 2022-ci ilin iyulunda Rusiya Vadim Krasikovun adını məhbusların mübadilə siyahısına daxil etməyi xahiş edib. ABŞ səlahiyyətliləri buna etiraz etməyib, lakin Almaniya israrla razılaşmayıb. Almaniya indi də onu vermək istəməyib, bunun üçün Co Bayden şəxsən kansler Şoltsla bir neçə dəfə danışıqlar aparıb, nəhayət, Krasikovu azad etməyə razılaşıb.

55e841ee2af2de0fd7469d8b1f1894dd_o.jpg (99 KB)

ABŞ prezidentinin dərhal media qarşısına çıxması, Putinin isə şəxsən onları qarşılamağa getməsinin də səbəbləri gizli deyil. Bayden casusluqda ittiham edərək ağır cəza almış iki amerikalının azadlığa buraxılmasından yaxınlaşmaqda olan seçkidə demokratlara xal yığmaq istədi. Putin isə Rusiya vətənpərvərlərinin “СВОИХ НЕ БРОСАЕМ” şüarına sadiqliyini göstərmək istədi.

Yanılmıramsa, Putinin təyyarənin trapında ilk qarşıladığı da başındakı kepkasını çıxarmayan Krasikov idi. Sonra Vnukovu aeroportunun zalında prezident onunla bir daha qucaqlaşdı...

Rusiya prezidenti azad edilənlərin dövlət tərəfindən mükafatlandırılacağını dedi. Krasikova hansı orden-medal verilməsi Almaniyanın üç ildir axtardığı suala həm də cavab olacaq...

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR