İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış FSB zabiti Putini devirməyə çağırdı - Rusiyada yeni qiyam yetişir

1373 22.07.2023 08:25 Siyasət A A

Hərbi ekspert: “Hazırkı hakimiyyətin sonu yaxınlaşır”

“Vaqner”çilərin Rusiya prezidenti Vladimir Putinə qarşı hərbi qiyamının nəticələri hələ də özünü göstərir. Qiyam guya yatırılsa da, fakt budur ki, Putinin “dəmir imici”nə ciddi zərbə dəyib və Kreml başçısı onu yalnız Ukrayna cəbhəsindəki hansısa böyük uğurla kompensasiya edə bilər. Bu isə gözlənilmir. Əksinə. Ukrayna ordusu yavaş-yavaş da olsa, irəliləyir, taktiki hərbi uğurların sayını artırır.   

Donbas separatçılarının keçmiş komandiri və “FSB” (FTX - Federal Təhlükəsizlik Xidməti) zabiti İqor Strelkov (Girkin) isə Rusiya prezidenti Vladimir Putini kəskin tənqid edərək, onu “bacarıqsız” və “qorxaq” adlandırıb. Özünün Telegram kanalında Rusiya prezidentinin hakimiyyətdə olduğu dönəmə münasibət bildirən Girkin deyib ki, “23 il ərzində ölkənin başında rusların əhəmiyyətli bir hissəsinin ”gözünə “toz atmağı” bacaran bir heçlik, aciz varlıq dayanıb".

“Ölkə daha 6 il bu miskinin hakimiyyətinə dözməyəcək”, - Girkin yazıb.

Onun sözlərinə görə, Putinon indiki şəraitdə ölkə üçün faydalı ola biləcəyi yeganə yolu könüllü istefa vermək və səlahiyyətləri potensial və məsuliyyət daşıyan şəxsə ötürməkdir. Bununla belə, o, əmindir ki, Putin indiki şəraitdə buna getməyəcək.

 

Bu arada Britaniya xarici kəşfiyyatının rəhbəri Riçard Mur Putin əleyhinə olan rusları əməkdaşlığa çağırıb. Bununla bağlı o, Praqada açıqlama yayıb.

Riçard Murun sözlərinə görə, “Mİ6" Rusiya prezidenti Vladimir Putinin ətrafı arasında ”dərin parçalanma" görür. Onun fikrincə, bu ilin 23-24 iyun tarixlərində Vaqner ÖHŞ-nin qiyamı Putinin “qeyri-sabit avtokratiyasının” “geridönməz tənəzzülü”nün göstəricisi idi. Britaniyanın baş kəşfiyyatçısının qənaətinə görə, Rusiya bundan sonra çətin ki, Ukraynadakı müharibədə öz mövqeyini bərpa edə bilsin.

Riçard Mur Rusiyanın indiki vəziyyətini 1968-ci ildə Sovet qoşunlarının Çexiyaya daxil olduğu Praqada etirazların yatırılması ilə müqayisə edib. Kəşfiyyat rəhbərinin bildirdiyinə əsasən, bu gün bir çox ruslar əcdadlarının 1968-ci ildə verdiyi əxlaqi suallarla üzləşirlər. “Onlar ürəklərində başa düşürlər ki, Putinin qardaş slavyan xalqına hücum etməsinin iddia edilən səbəbləri yalan və fantaziyalara söykənir. Qapımız həmişə sizin üzünüzə açıqdır. Sizin sirləriniz bizimlə və təhlükəsiz şəkildə qalacaq”, -deyə o, qeyd edib.

Qeyd edək ki, Rusiya silahlı qüvvələrində, xüsusən də generalitetdə Putinə qarşı ciddi narazılıq var və getdikcə böyüyür. Ukrayna cəbhəsində babat bir məğlubiyyət kifayətdir ki, yeni bir qiyam başlasın. Hərçənd  “Vaqner”in ləğvi ilə bağlı da xəbərlər gəlməkdədir. Bu nəyi dəyişəcək ki, Putinin “dəmir” imicini bərpa eləmək, növbəti hərbi qiyamdan qaçmaq mümkün olacaqmı?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov 

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov Putinin ölkəsində durmadan nüfuzunun düşdüyünü bildirdi: “Rusiya Ukraynaya qarşı xüsusi əməliyyat adı altında müharibəyə başlatmaqla bataqlığa girdir. Bunu hər kəs görür. Bu bataqlıqdan da çıxmaq artıq mümkün görünmür. Bütün Avropa dövlətləri, NATO-Amerika Ukraynaya hər cəhətdən dəstək verir - daha çox da silah-sursat təminatı baxımından. Hazırda bütün dünyada Rusiyaya qarşı ciddi təbliğat gedir. Rusiya daxilində böyük ajiotaj yaşanır. Bir sıra qanunlarda dəyişiklik etməyə məcbur qaldılar. Ordu, yaxud müharibə ilə bağlı hər hansı çıxışı qanunlarını tənzimlədilər ki, onlara qarşı ciddi tədbirlər görülsün.

Hesab edirəm ki, artıq reytinq baxımından ölkəsində Putinin nüfuzu ciddi şəkildə aşağı düşüb. Əvvəlki reytinqi yoxdur. Rusiyada iqtisadiyyat xeyli zəifləyib. Bu yandan da Priqojinin üsyan qaldıraraq bir sutka ərzində Moskva şəhərinin ətrafına qoşunları ilə çatması, Rostov və başqa şəhərləri ələ keçirməsi bir daha onu göstərir ki, Rusiya daxilində də sabitlik yoxdur. Artıq son günlər görürük ki, Rusiya Silahlı Qüvvələri daxilində, xüsusilə, generallar arasında böyük narahatçılıq var. Tarixə baxanda heç zaman Rusiyada hərbi çevriliş olmayıb. Amma artıq bu günləri o ehtimal görünür. Çünki bəzi tanınmış generallar artıq narazılıqlarını bildirirlər. Priqojinin arxasında Şoyqi və Gerasimova qarşı bəzi generallar da çıxışlar etdilər.

Ümumiyyətlə, baxanda bu onu göstərir ki, Rusiyada Putin hakimiyyətinin sonu yaxınlaşır. Artıq daxildəki qüvvələr aktivləşib. Hətta sizin də verdiyiniz sualdakı kimi köhnə separatçı Donbas rejiminin rəhbəri dəfələrlə çıxışlar edib. Rusiya hakimiyyətini sərt şəkildə tənqid edib. Artıq son zamanlarda da açıq formada Putini istefaya çağırır, ona qarşı ciddi ittihamlar səsləndirir. Çünki Ukrayna ordusunun az da olsa irəliləyişləri var. Baxmutda bu günləri rus qoşunları demək olar ki, yarım mühasirə vəziyyətindədir. Ondan əvvəl desant briqadasını sıradan çıxardılar, nəticədə general işdən çıxarıldı ki, həmin şəxs ölkəsində qəhrəman sayılırdı. Bu da daxildə ciddi şəkildə sabitliyin durmadan pozulduğuna işarədir. Artıq narazılıqlar bütün ölkəni əhatə edir. Bu da dediyim kimi əsassız deyil".

Hərbi ekspert onu da qeyd etdi ki, dünyanın ikinci ordusu sayılan rus ordusu iflic vəziyyətinə düşüb: “Krım ərazilərinə raketlər atılır. PUA-lar havaya qaldırılır. Son zamanlar taxılla bağlı Rusiya Müdafiə Nazirliyi bəyan etdi ki, əgər Ukrayna limanlarına üzərində hansısa bir ölkənin bayrağı olan gəmi daxil olarsa, biz onu hərbi hədəf kimi qiymətləndirib vuracağıq. Açıq şəkildə bunu həmin ölkənin Rusiyaya qarşı müharibə elan etməsi kimi qəbul edəcəklərini da bildirdilər. Bu da çox ciddi siqnaldır. Bildiyiniz kimi, Türkiyənin 20-dən artıq gəmisi Ukrayna limanındadır. Belə bir hadisə baş verərsə, Rusiyanın apardığı müharibə daha da böyüyə bilər. Nəticədə müharibənin ərazisi daha da genişlənər. Rusiyada bilirsiniz ki, çoxsaylı xalqlar yaşayır, bir sıra milli respublikalar mövcuddur. Bu respublikalarda da narazılıqlar olmamış deyil və onların da daxillərində hər hansı bir hadisələr cərəyan edə bilər. Bu da Rusiyanın dağılması, iflic olması demək olar.

Artıq bunu Putin hakimiyyəti yaxşı anlayır. Onu da anlamalıdırlar ki, bu müharibəyə son qoymağın zamanı çatıb. Ukrayna ərazilərini boşaltmağa sonunda məcbur qalacaqlar. Priqojinin Belarusda ordu yaratması onu deməyə əsas verir ki, o öz tələblərindən hələ geri dönməyib. Açıqlama verdi ki, biz təzədən “Vaqner” yaradırıq. Bu məsələ isə çox ciddi bir siqnaldır. Sonda onu qeyd etmək istəyirəm ki, çox güman yaxın zamanlarda Ukrayna ordusu ciddi nailiyyətlər əldə edəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR