İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqlarında Qərb-Rusiya rəqabəti və Prezidentin mövqeyi

491 25.07.2023 10:03 Siyasət A A

Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışında sülh danışıqlarında Qərb və Rusiya rəqabəti mövzusunda da danışıb.

Dövlət başçısı deyib ki, vasitəçilərlə bağlı iki proses var. Biri Azərbaycan və Ermənistanladır, birbaşa orada vasitəçi olaraq Rusiya və ABŞ var. Dövlət başçısı qeyd edib ki, eyni zamanda da Brüssel formatı var: “Bu, rəsmi danışıqlar formatı deyil, çünki danışıqlar xarici işlər nazirləri, onların heyətləri və ekspertlər səviyyəsində aparılır. Brüssel formatı isə bir balaca əlavə dəstəkverici mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Hesab edirəm ki, o, bu günə qədər müəyyən dərəcədə uğurlu olubdur”. Rəqabətə gəldikdə, Prezident deyib ki, bu rəqabəti görür: “Bu isə qlobal rəqabətin bir parçasıdır, hətta o rəqabətin harada olmadığını tapmaq çətin olardı, yəni Cənubi Qafqaz və Azərbaycan istisna deyil. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təbii ki, təşəbbüsü Rusiya öz üzərinə götürdü. Çünki artıq qeyd etdiyim kimi, Rusiya 10 noyabr bəyannaməsinin hazırlanmasında vasitəçilik edirdi. Rusiya sülhməramlıları hazırda regionda müvəqqəti yerləşdirilib. Rusiya Azərbaycanın qonşusudur, ancaq Ermənistanla qonşu olmasa da, onunla olduqca yaxın ölkədir. Ona görə bu, təbii idi. Daha sonra biz, əlbəttə, gördük ki, Rusiyanın digər məsələlərə bir balaca başı qarışdı və rəqiblər, belə demək olarsa, fürsətdən istifadə etdilər. Bu rəqabətin Cənubi Qafqaza hansı təsiri olacağını demək çətindir. Mənim üçün Prezident olaraq hər zaman vacib olub, hətta işğal dövründə də vacib olub ki, Azərbaycan rəqabət meydanına çevrilməməlidir. Bu, bizim üçün və istənilən ölkə üçün ən pis ssenaridir. Biz bu gün görürük ki, məhz bu, Ermənistanda baş verir. Ermənistan elə bir ölkəyə çevrilir ki, orada ciddi rəqabət gedir və bu, ciddi problemlər yarada bilər. Təkcə Rusiya və Amerika deyil, digər ölkələr də bu prosesə fəal surətdə qoşulurlar. Azərbaycana gəldikdə isə bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Bildiyiniz kimi, Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, çox yüksək, yəni ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə bizə olan etimadın, etibarın göstəricisidir. Yekun nəticənin nədən ibarət olacağını demək çətindir. Əsas məsələ odur ki, istər Moskva, istərsə də Vaşinqton olsun, hər iki vasitəçi danışıqlar üçün şərait yaradır. Bu, üçtərəfli danışıqlar deyil, bu, ikitərəfli danışıqlardır. Bu yaxınlarda Vaşinqtonda olub, bir neçə gündən sonra Moskvada olacaq. Yəni, bu, kimin dəvət etməsindən asılıdır. Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri belə bir dəvət edəndə mən tapşırdım ki, buna razılıq verilsin və tarix müəyyən edilmişdi. Amerikalılar nazirləri daha tez-tez dəvət edirlər, ancaq bunu aydın bilmək lazımdır ki, bu, ikitərəfli danışıq formatıdır. Ermənistanla Azərbaycan arasında aparılan danışıqlara dair yanaşma odur ki, bu, ikitərəfli olmalıdır. Bu, bizim yanaşmamızdır. Bu görüşlərin harada keçirilməsi, əlbəttə ki, vacibdir. Bunun öz rolu var və biz hər cür vasitəçilik səylərinə açığıq ki, mövqelərimizi yaxınlaşdıraq”.

Göründüyü kimi, Azərbaycan Prezident kifayət qədər açıq danışıb və məsələyə olduqca həssas yanaşıb. Əslində bölgədə nəhayət, normallaşma prosesinin əldə olunmamasının əsas səbəblərindən birinin məhz ayrı-ayrı maraqlı dairələr arasında rəqabətin davam etməsi barədə əvvəllər də yazmışdıq. Təəssüf doğuran hal budur ki, Azərbaycan və Ermənistan liderləri, yaxud xarici siyasət idarələri başçılarının görüşləri Vaşinqton, yaxud Brüsseldə keçiriləndə Rusiya qıcıqlanır, yaxud əksinə, Moskvadakı görüşlər zamanı Qərbin “təzyiqi qalxır”.

Son aylarda keçirilən görüşlərin statistikasına diqqət edəndə Qərbin “tərəzi”sinin daha ağır gəldiyini görmək olur. Mayın 1-4-də ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar 4 gün davam edib. Bundan 10 gün sonra isə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan bir araya gəlib. Lakin Moskva Vaşinqton və Brüssel görüşündə irəliyə doğru addımlardan, xüsusilə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından narahat olduğu üçün dərhal ev sahibliyini təklif etdi və mayın 19-da Moskvada Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar baş tutdu. 25 mayda isə yenə də Rusiya paytaxtında Vladimir Putinin iştirakı ilə İlham Əliyev və Paşinyan arasında görüş keçirilldi. Ancaq 1 iyunda Kişinyovda İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş təşkil olundu. Növbəti görüşün məkanı yenə də Brüssel oldu, bu dəfə Aİ Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə. Rusiya dərhal təşəbbüslə çıxış etdi, amma hələlik bu təklif “havada” qalıb.

Düzdür, Rusiyanın ev sahibliyi etdiyi danışıqlara daha konstruktiv mövqeni Qərbdən görmüşük adətən. Rusiya isə aşkar şəkildə Ermənistan Vaşinqton sülh planı ilə şantaj edir ki, bu da erməni revanşistlərin hərəkətlənməsi ilə müşayiət olunur. Elə son aylarda ABŞ və Avropada baş tutan görüşlər ərəfəsi, yaxud ondan sonra atəş səslərinin intensiv hal alması, ermənilərin aksiyalara başlaması, ultimatum verəcək qədər quduzluq nümayiş etdirmələri də üçüncü tərəflərin tətikləyici rolundan qaynaqlanır. Amma aydın məsələdir ki, vəziyyət sonadək bu şəkildə davam edə bilməz. Bəs sonda hansısa ortaq model tapılması mümkündürmü?

Arzu Nağıyev: "Gədəbəydəki problemi bu qədər böyütmək lazım deyildi"

Arzu Nağıyev: “Bunu tək Ermənistan deyil, ABŞ, Rusiya və Avropa Birliyi də dərk etməli, gələcək üçün də nəticələr çıxarmalıdır”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara toxundu: “Prezident İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bir daha vurğuladı ki, danışıqlar Azərbaycan-Ermənistan arasında gedir, icma ilə bağlı məsələ isə daxili işimizdir. İstər ABŞ, istər Rusiya müstəvisində aparılan danışıqlara gəldikdə, xarici işlər nazirləri, onların komandaları və ekspertləri səviyyəsində işlər aparılır. Təbii ki, Brüssel danışıqlarının da öz müsbət dəstəyi var, lakin burada Avropa dövlətlərinin maraqları da açıq şəkildə görünür. Hər bir formatda irəliləyişlərin olması da danılmazdır. Cənab İlham Əliyevin toxunduğu bir məsələ də vacibdir, rəqabət məsələsi, yəni dövlətlər öz aralarında rəqabət aparırlar, bu, aşkar görünür. Azərbaycan isə bu rəqabət oyunçusuna çevrilməməlidir və Prezident buna imkan vermir".

A.Nağıyev qeyd etdi ki, Rusiya və Qərb arasında gedən rəqabət oyunu davam edir və Ermənistan artıq rəqabət meydanına çevrilib: “Artıq digər regional və digər dövlətlər də bu "oyuna" qoşulublar, bu da Ermənistanın daxili və xarici siyasətində müstəqil olmamasından qaynaqlanır. Bir daha vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin apardığlı daxili və xarici siyasət Azərbaycanın rəqabət məkanına çevrilməsinin qarşısını alıb. Təbii ki, Rusiyanın qonşuluq siyasəti, sülhməramlıların regionda olması, Ermənistanla müttəfiqlik siyasəti danışıqlara müəyyən qədər gərginlik gətirsə də Azərbaycan öz təkliflərində israrlıdır və bu istiqamətdə də irəliləyir. Cənab Prezidentin də qeyd etdiyi kimi, istər Moskva, istərsə də Vaşinqton olsun, hər iki vasitəçi danışıqlar üçün şərait yaradır. Bu, üçtərəfli danışıqlar deyil, ikitərəfli danışıqlardır. Yəni yuxarıda da qeyd edildiyi kimi, danışıqlar ikitərəfli olmalıdır".

Deputat təsdiqlədi ki, həm Qərb, həm Rusiya məhz onların vasitəçiliyi ilə danışıqların davam etməsi üçün çalışırlar: “Maraq da əsasən nüfuz məsələsidir. Azərbaycan təbii ki, əsas meyar kimi sülhün bərqərar olmasını və sülh müqaviləsinin imzalanmasını istəyir, çünki bundan sonra da biz daha qlobal məsələlərin həllində israrlıyıq. Bunu tək Ermənistan deyil, ABŞ, Rusiya və Avropa Birliyi də dərk etməli, gələcək üçün də nəticələr çıxarmalıdır”.

Akif Nağı Prezident Administrasiyasına ÇAĞIRILDI - Unikal.az

Akif Nağı: “Rusiya sözdə davamlı, etibarlı sülhün əldə olunmasının tərəfdarı kimi çıxış edir”

Azad Vətən Partiyasının sədri Akif Nağı da hesab edir ki, Vaşinqton və Rusiya arasında rəqabət aydın görünür: “Son günlər onların "yarışı" bir az da sürətlənib. Prezident İlham Əliyevin bu məsələyə diqqət çəkməsi də təsadüfi deyil. Prezidentin açıqlamasında bir məsələnin xüsusi vurğulanmasını da nəzərə almalıyıq. O bildirdi ki, kimin vasitəçilik etməsindən asılı olmayaraq, danışıqlar ikitərəfli xarakter daşıyır. Məncə, bu, Rusiya tərəfinə mesajdır. Vaşinqtondan fərqli olaraq, Moskva görüşləri əsasən üçtərəfli formada keçirilir, Kreml daim 10 noyabr üçtərəfli razılaşmanın əsas götürülməsində təkid edir. Görünür, Azərbaycan artıq məsələnin iki ölkə arasında həll olunmasının vacibliyini Rusiyanın nəzərinə çatdırmağa çalışır".

A.Nağı bildirdi ki, ortaq model hökmən tapılmalıdır: “Çünki bir tərəfin vasitəçiliyi ilə davamlı sülhün əldə olunması mümkün olmayacaq. Rusiya sözdə davamlı, etibarlı sülhün əldə olunmasının tərəfdarı kimi çıxış edir. Amma onların sözləri ilə əməlləri arasında məsafə həmişə çox uzun olub. ABŞ məsələnin tez həll olunmasını istəyir, bu, Rusiyanın regiondan daha tez çıxması niyyətləri ilə bağlıdır. Bu iki bir-birinə zidd missiyanın razılaşdırılması mümkün deyil. Hər hansı birinə üstünlük verilməsi də digər tərəfin pozuculuq hərəkətləri ilə müşayiət oluna bilər. Bu da bizə yaxşı bir şey vəd etmir. Ona görə də indiki balanslı siyasət davam etdirilməlidir. Həm də məsələnin danışıqlar yolu ilə həllinin mümkün olmadığını əsas götürərək, məqamında güc tətbiq etməklə nəticəni əldə etməliyik. Mənim təsəvvür etdiyim "Yol xəritəsi" bunları özündə ehtiva edir".

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR