İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Qazaxıstan AZAL-ın təyyarə qəzası ilə bağlı MƏLUMAT YAYDI

1920 25.12.2025 17:48 Son xəbər A A

Qazaxıstan Nəqliyyat Nazirliyi ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmasını yeniləyib.

Musavat.com Zakon.kz-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, baş vermiş aviasiya hadisəsinin səbəblərinin və təsir göstərmiş amillərin müəyyənləşdirilməsi məqsədilə yaradılmış İstintaq Komissiyası işini davam etdirir.

Araşdırmada Azərbaycan, Rusiya və Braziliyadan olan səlahiyyətli nümayəndələr, eləcə də Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müşahidəçisi iştirak edir.

Bildirilib ki, aralıq hesabatın hazırlanması mərhələsinədək Komissiya ekipaj üzvləri, hava hərəkətinin idarə edilməsi dispetçerləri, istismarçıya aid normativ sənədlər, uçuşun hazırlanması və icrası ilə bağlı materiallar, meteoroloji məlumatlar və texniki xidmət sənədləri daxil olmaqla faktiki məlumatların toplanması və təhlilini həyata keçirib. Uçuş jurnalının və uçuşla bağlı digər sənədlərin surətləri əldə olunub.

Qeyd olunub ki, iş bort qeydiyyat cihazları ilə həyata keçirilib, uçuş məlumatları qeydedicisindən (FDR) uçuş parametrləri çıxarılıb, deşifrə olunub, həmçinin kabina səs qeydedicisi (CVR) deşifrə edilib.

Komissiya tərəfindən qəza yerinə ətraflı baxış keçirilib, təyyarənin konstruksiya elementlərinin məkan üzrə vəziyyəti qeydə alınıb. Foto və video çəkiliş aparılıb, hava gəmisinin aqreqatları qəza yerindən yığılaraq daşınıb.

Təyyarə qəzasını araşdıran komissiya uçuş məlumatları qeydə alan cihazları tapıb və deşifrə edib.

Aviasiya hadisəsinin araşdırması çərçivəsində aşağıdakı tədqiqatlar aparılıb:

• Aşkar edilmiş xarici metal cisimlər üzrə kompleks (izotop, ballistik, partlayıcı və yanğın) ekspertiza aparılıb. Ekspertiza nəticəsində partlayıcı maddələrin izlərinə rast gəlinməyib. Üç oksigen balonunda aparılan araşdırmada partlayış izləri müəyyən edilməyib. Təyyarənin zədələnməsi ehtimalı döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.

• Hidravlik sistemin 2 nömrəli borusunun izotop ekspertizasını həyata keçirilib. Araşdırma nəticəsində boruda zədələnmələr olduğu müəyyən edilib. Zədələnmənin mexanizmi metalın sərt obyektlərlə təmas nəticəsində parçalanmasıdır. Dəliklər metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana bilər.

• Avionika Modulyar blokundan çıxarılmış Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzərində tədqiqat aparılıb. Termiki təsir nəticəsində kasetdən məlumatların çıxarılması mümkün olmayıb. Məlumatların çıxarılması üçün “Honeywell International Inc” şirkəti “Delkin Devices Inc” yaddaş kartı istehsalçısına müraciət etməyi tövsiyə edib. Hazırda Komissiya ABŞ nümayəndəsi ilə “Delkin Devices Inc” zavodunda tədqiqat aparılması barədə danışıqlar aparır.

• №1 və №3 Avionika Modulyar blokları çıxarılmış Qlobal Mövqe Sisteminin (GPS1 və GPS2) kasetləri tədqiq olunub. İş tamamlanıb, analiz aparılır.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR