Rusiyanın Samara şəhərində yerli hakimiyyətin kadr siyasəti ciddi rezonans doğuran bir qərarla gündəmə gəlib.
Musavat.com xəbər verir ki, şəhər rəhbərliyində mer müavini vəzifəsinə 43 yaşlı polkovnik Sergey Karasyov təyin olunub.
Rəsmi bioqrafiyaya əsasən, Karasyov “Vətən qarşısında xidmətlərə görə” IV dərəcəli orden (qılınclarla), iki “İgidliyə görə” ordeni və “Hərbi xidmətlərə görə” ordeni ilə təltif edilib. Lakin beynəlxalq mediada onun adı tamamilə fərqli kontekstdə hallanır.
2025-ci ilin sentyabrında Britaniyanın nüfuzlu The Times qəzeti Ukraynada törədildiyi iddia olunan hərbi cinayətlərdə şübhəli bilinən 13 rus zabitinin siyahısını dərc edib. Həmin siyahıda Sergey Karasyovun da adı yer alıb.
Nəşrin yazdığına görə, istintaq materiallarında onun fəaliyyəti əsasən Buça hadisələri ilə əlaqələndirilsə də, konkret epizodların İrpin şəhərində baş verdiyi bildirilir. Məqalədə iddia olunur ki, Karasyov bir mülki şəxsi güllələməkdə, həmçinin yaşlı bir qadını silah qundağı ilə döyərək dişlərini sındırmaqda ittiham edilir.
Musavat.com







