İnsanlara hürriyət, millətlərə istiqlal!

Sertifikatlı ziyalı

1412 12.06.2024 10:02 Yazarlar A A

Müəllimlər arasında növbəti sertifikatlaşma imtahanı keçirilmiş, yenə bir neçə min nəfər müəllim və müəllimə imtahandan çıxmamışdır. Bunun səbəbləri nədir? İlk növbədə, pedaqoji sahənin barmaqarası buraxılması. Uzun illər təhsil sahəsini bərbad günə qoyan şəxs indi bir təhsil institunda direktor işləyir, soruşan yoxdur sənin adın niyə Misirdir. Halbuki, qurdalasan indi sertifikat almayan minlərlə müəllimə diplomlar məhz onun nazirliyi dönəmində satılıbdır. 

Gərək hər şeyi öz adıyla, düz yazaq, məhz diplomlar satılıb. Ortada təhsil, pedaqoqika, metodika, uşaq psixologiyası, millətin gələcəyi, vətənin şərəfi, nə bilim daha nələr olmayıbdır. Müəllimin maaşı o qədər gülməli olub ki, buraya əsasən evdar qadınlar, vaxt öldürmək üçün yönəliblər. “Qız uşağıdır, bir diplom alaq, qoyaq başının altına, bəlkə əri ölsə-eləsə lazım oldu”. 

Əks halda Azərbaycan Müəllimlər İnstitutunun hər rayonda filialını kim açmışdı, Gəncədə yüzlərlə saxta müəllim diplomunu kimin “qahımı” satmışdı, dərslikləri tanışlıq və rüşvətlə, yalan və yaltaqlıqla necə doldururlar, təhsil eksperti Əlövsət Osmanlı nədən çərləyib öldü və sairə - yadıma salmaq belə istəmirəm bu sahədə olanları... 

Son illərdə uşağı məktəbə, dərsə gedəndə yox, getməyəndə rahat olan valideynlər nəsli yetişdiriblər: “Bilirik ki, ən azı uşağın tərbiyəsini pozmayacaqlar və sağlamlığı yerində olacaq”. 

Bəs bunun çarəsi nədir? Heç bir çarəsi yoxdur. Çünki bizə belə məktəb xoşdur. Yadınıza salın, son 20-30 ildə məktəblə bağlı ən böyük etiraz aksiyası... dərsə  qızları hicabla göndərmək üçün olub. Əgər millətin ən böyük problemi budursa, başqa nə arzu edəsən? 

Allaha şükür, deyəsən o problem həllini tapdı, indi hicablı-hicabsız qızların hamısı sertifikatsız müəllimlərin əli altında elm nurunda qərq olur. Təbrik edirəm, xoşbəxt olsunlar. 

Ağlıma bir müqayisə də gəlib. Bizdə müəllimliklə taksi sürmək arasında hardasa oxşarlıq yaranmışdır. Taksi işində sertifikasiya, qanun-qayda yaratmaq üçün hökumət xeyli tər tökdü. Nəhayət deyirlər taksilərin sayı azalıb, qiymətlər qalxıb. Sertifikat alan müəllimlərin də maaşı 30 faiz artacaqdır!!! Əsas məsələ budur. Düzgün müəllimlər yetişdirsək, düzgün şagirdlər əldə edəcəyik. 

Ancaq buna da mız qoyanlar yaranıb. Sertifikatsız müəllimi bəyənməyənlər, sertifikat imtahanı da istəmir. Bəs necə olsun? (Mən bunun həll yolunu bilirəm, hələ neçə ay qabaq Repetitor Nazirliyi yaratmağı, məktəbi tamam ləğv etməyi irəli sürmüşəm, lakin indi özümdən sitat gətirmək istəmirəm). 

Yaxşı müəllim yaxşı pul almalıdır, lakin bugünkü müəllimin nə dünyadan, nə öz sahəsində yeniliklərdən xəbəri var. Hərənin qoltuğuna palaz boyda bir test kitabı veriblər, fırlanırlar özləri üçün. Məktəb kitabxanaları fonunda müəllimlərin sənəd şəkli çəkdirməyi üçündür, o kitabları oxumaq uşaqlara qadağandır. Fiziki tərbiyə, nəğmə, rəsm, əmək təlimi, həyat bilgisi kimi vacib dərsləri az qala məktəbin qarovulçusu və süpürgəçilər tədris edir. Nəticədə bəzən bir gündə dörd adamımızı ildırım vurub öldürür, çünki tufanlı havada elektrikli cihazların ölüm təhlükəsi saçdığını onlara öyrədən qalmayıb. 

Sizə anekdot kimi gələr, ancaq Bakı şəhərində avtobuslar çox qəza yapmasın deyə hansı tədbir görülüb, xəbəriniz varmı? Sürət həddini aşağı salıblar! Hazırda paytaxtda ictimai nəqliyyatın maksimum sürəti saatda 50 km imiş. Ona görə camaat iş-gücünə sürünə-sürünə getməkdənsə, taksi tutub gedir. Lap taksi bahalaşsa belə. İctimai nəqliyyata marağı fısqırıq yaradıblar. Ondansa eşşək arabasını bərpa eləyək. 

Hərçənd, deyir, sürət azalandan “Bakubus” qəzaları azalıbdır. 30-40 faiz azalma vardır, hətta. Əla. Müsbət şeyləri də görməliyik. 

Amma bəlkə biz evdən çıxmasaq daha az qəza ilə üzləşərik?! Məsələn, Kürdəxanıda saxlananlar ümumiyyətlə yol qəzasına düşmür. Təklif məndən, icra hökumətdən...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR