İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranda fiziki məhdudiyyətli yetim qızlar üçün fəaliyyət göstərən "Həmdəman" reabilitasiya mərkəzinə qarşı amansız reyd keçirərək müəssisənin rəhbərini həbs edib.
Musavat.com xəbər verir ki, "Iran International" nəşrinin kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, həbs qərarı cəsarətli qadın rəhbərin SEPAH-ın 50 əməkdaşını mərkəzin binasında yerləşdirmək tələbinə qəti rədd cavabı verməsindən sonra verilib.
Şahidlərin bildirdiyinə görə, hərbçilər binaya daxil olmaq üçün müqavimət göstərən qadına qarşı fiziki zorakılıq tətbiq edib, onu ağır şəkildə döyərək naməlum istiqamətə aparıblar. Hazırda mərkəz rəhbərinin dəqiq yeri və səhhətinin vəziyyəti barədə heç bir rəsmi məlumat verilmir. Məlumata görə, müharibənin gərginləşdiyi bir vaxtda SEPAH rəhbərliyi strateji hədəf olmamaq üçün mülki obyektlərdən, xüsusən də uşaq sığınacaqlarından "canlı qalxan" və gizli qərargah kimi istifadə etməyə çalışır.
Rəhbərin qaçırılmasından sonra müəssisənin bir hissəsinin hərbi məqsədlər üçün zəbt edildiyi, oradakı kimsəsiz və əlil qızların isə ciddi psixoloji təzyiq altında olduğu bildirilir.
Beynəlxalq hüquq müdafiəçiləri bu hadisəni İran rejiminin ən müdafiəsiz təbəqəyə qarşı nümayiş etdirdiyi qəddarlığın pik həddi və orduda yaranan kütləvi panikanın sübutu kimi qiymətləndirirlər.
Musavat.com






