Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill (əsl adı Vladimir Qundyayev) 50 ildən çoxdur Lidiya Leonova adlı qadınla yaxın münasibətdədir.
Musavat.com xəbər verir ki, bu barədə “Proyekt” araşdırma mərkəzi məlumat yayıb.
Araşdırmada bildirilir ki, Leonova patriarxın mənzilində yaşayır, onunla birlikdə xaricə səfər edir və faktiki olaraq vətəndaş nikahlı həyat yoldaşı rolunu yerinə yetirir. Halbuki bu cür münasibətlər kilsə kanonlarına görə patriarx üçün qadağandır.
Jurnalistlər müəyyən ediblər ki, daha əvvəl televiziya aparıcısı Vladimir Solovyov tərəfindən səsləndirilmiş Leonovanın guya Kirillin “üçüncü dərəcəli əmisi qızı” olması barədə iddia təsdiqini tapmır. Bioqrafik məlumatlar göstərir ki, onların arasında qohumluq əlaqəsi yoxdur. Əksinə, Leonova Qundyayevin kilsə karyerası boyunca - Smolenskdən Moskvaya qədər - onu davamlı şəkildə müşayiət edib.
Araşdırmada daha bir diqqətçəkən məqam Lidiya Leonovanın adına rəsmiləşdirilmiş əmlak və aktivlərin miqyasıdır. “Proyekt”in məlumatına görə, patriarxla əlaqəli olan bir sıra mənzillər (Moskva və Sankt-Peterburqda), bağ evləri, kommersiya obyektləri və avtomobillər məhz Leonovanın adına keçirilib. Məlumata əsasən, o, bu aktivlərin idarə olunmasında əsas fiqur kimi çıxış edir və patriarxın gündəlik, eləcə də maliyyə məsələlərində fəal iştirak edir.
Araşdırma Rusiyada həm dini dairələrdə, həm də ictimai müstəvidə geniş rezonans yaradıb.
Musavat.com






